Yol polisindən qəzəbli deputata CAVAB

Yol polisi sürət həddi ilə bağlı uyğunsuzluq yaradan yol nişanları ilə bağlı vəziyyəti araşdıracaq.

Ötən gün Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanunun müzakirəsi zamanı çıxış edən deputat İlham Əliyev yollarda sürət həddinin dəyişdiyini bildirən yol nişanlarının bəzi yerlərdə düzgün quraşdırılmaması və sürəti qeydə alan kameralarla bağlı narazılığını bildirib. Onun sözlərinə görə, radara 30 metr qalmış sürət həddinin qəflətən aşağı düşdüyünü bildirən nişan qoyulub ki, bu da qəza vəziyyətlərinin yaranmasına gətirib çıxarır:

"Əgər sürücü birdən-birə sürəti 110-dan 50-yə azaldırsa, bu, qəzanın yaranmasına gətirib çıxarır. Bəzən elə yollarda sürət həddi aşağı salınıb ki, buna ehtiyac yoxdur. Bu baxımdan Kürdəmir-Gəncə yolu ümumiyyətlə dəhşətdir. Hər xırda yaşayış məntəqəsinə çatanda radar qurulub. Radara çatmamış sürət həddi birdən-birə 50 km saata düşür".

Bununla bağlı məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran ƏliyevMilli.Az-a açıqlamasında belə halların olduğunu istisna etməyib: "Mən hələ söhbətin dəqiq hansı ərazidən getdiyini bilmirəm. Ola bilər ki, haradasa yol nişanları ilə bağlı çatışmazlıq olsun. Amma bununla bağlı əraziyə baxan Yol Polisi Alayına tapşırıq veriləcək ki, oradakı çatışmazlıqları araşdırsın. Əgər belə hallar varsa, onlar aradan qaldırılacaq".






Fikirlər