Adil ƏLİYEVdən Mehdiyevlə bağlı sensasion açıqlamalar: “QANUNİ HAKİMİYYƏTƏ QARŞI ÜSYANA...”

Adil Əliyev: “Ramiz Mehdiyevdə zərrə qədər dövlətçilik şüuru olsaydı, kənara çəkilərdi”

Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev barədə sensasion açıqlamalar verib. 

"AzerTaym.az" yenisabah.az-a istinadən xatırladır ki, xüsusi karantin rejimi dövründə Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı tənqidi çıxışlar edənlərdən biri də Adil Əliyev idi. Akademik də ittihamlara cavab məqaləsində vitse-spikerin adını çəkmişdi.

Adil Əliyev isə Ovqat.com-a müsahibəsində Ramiz Mehdiyevin onu tənqid edənləri hədəfə almasını akademikdə “dövlətçilik şüurunun olmaması” ilə izah edib. “Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır…”, - deyə vitse-spiker vurğulayıb.  

O, həmçinin Ramiz Mehdiyevin mərhum prezident Heydər Əliyevə və hazırkı ölkə başçıcı İlham Əliyevə sədaqətli olmasına da şübhə ilə yanaşıb: “Ramiz Mehdiyev isə, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə, sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.

Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir”.

Vitse-spikerin sensasiya sayılacaq fikirlərindən biri qardaşı Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polisi İdarəsinin (BŞBPİ) rəisi vəzifəsindən uzaqlaşdırılmasında Ramiz Mehdiyevi ittiham etməsidir. “Bəli, Məhərrəm Əliyevin vəzifəsindən uzaqlaşdırılması ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb”, - deyə Adil Əliyev vurğulayıb.

Hazırda Prezidentin hərbi məsələlər üzrə köməkçisi olan Məhərrəm Əliyev 1993-2007-ci illərdə BŞBPİ-nin rəisi vəzifəsində çalışıb. Həmin dövrdə onunla Daxili İşlər naziri Ramil Usubov arasında ziddiyyətlərin olduğu barədə iddialar səsləndirilirdi. Məhərrəm Əliyev işdən çıxarılanda da o zaman media bunu Ramil Usubovun qələbəsi kimi qiymətləndirilmişdi. 

Doğrudur, Məhərrəm Əliyev vəzifəsiz qalmadı. O, əvvəlcə Tacikistanda səfir, geri çağırıldıqdan sonra Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, daha sonra isə Ədliyyə nazirinin müavini vəzifəsinə təyinat alıb. Bununla belə, Məhərrəm Əliyevin Daxili İşlər Nazirliyini fəth edə bilmədiyi vurğulanır və Ramil Usubova məğlub olduğu iddia edilirdi. İndisə Adil Əliyev bəyan edir ki, qardaşının BŞBPİ rəisi vəzifəsindən azad edilməsinin ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb. Bu hazırda Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovla Ramiz Mehdiyevin eyni komandada təmsil olunmasına açıq işarə sayıla bilər.

Vitse-spiker bununla kifayətlənməyərək məşhur “mandat alveri” qalmaqalına görə də Ramiz Mehdiyevi təqsirkar bilir. Onun fikrincə, akademik bu qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova və onun rəfiqəsi Sevinc Babayevanı güdaza verib: 

“Cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir”. 

Göründüyü kimi vitse-spiker hətta Sevinc Babayevanın ölümünün müəmmalı olduğunu dilə gətiməklə bu məsələdə də “akademik yanaşma” axtarır.






Fikirlər