AZƏRBAYCAN və TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA TARİXİ SƏNƏD İMZALADI - FOTOLAR/VİDEOLAR (Yenilənib)

Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirilir. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. 

"Şuşa bəyannaməsi tarixə əsaslanır, burada xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları əksini tapır". Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında Heydər Əliyev demişdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu tarixi sözlər bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik. Və 21-ci əsrdə azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk, - deyə o qeyd edib.

İlham Əliyev əlavə edib ki, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: “Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. 






Fikirlər