CİA-dən sonra Mİ6 şefi Paşinyanla niyə gizli görüşdü: Cənubi Qafqaz "nifaq alması"na çevrilir
Dünya nəhənglərinin Cənubi Qafqazda fəallaşmağa başladıqları müşahidə edilir. Bu regionun hazırda beynəlxalq siyasi-iqtisadi, və strateji iradə mərkəzləri üçün əhəmiyyətinin durmadan artdığı artıq qətiyyən şübhə doğurmur. Hətta hesab etmək olar ki, Cənubi Qafqaz yeni dünya düzəninin qurulması prosesində "nifaq alması"na çevrilməyə başlayıb. Təbii ki, Cənubi Qafqaz ətrafında baş verən hadisələr Rusiyanı ciddi şəkildə narahat edir. Çünki Kremldə anlayırlar ki, dünya nəhənglərinin bu regionda fəallaşması ilk növbədə Rusiyaya və onun geopolitik maraqlarına qarşı yönəlib. Yəni, hesab edirlər ki, Rusiyanı Ukraynada "savaş bataqlığı"na salmağa nail olan beynəlxalq rəqiblər indi də Kremli Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq hədəfinə doğru hərəkət edirlər. Nə qədər qəribə də olsa, Kremlə yaxın siyasi dairələr dünya nəhənglərinin son davranışlarını Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına yönəlik cəhdlər kimi dəyərləndirirlər. Onların fikrincə, Rusiyanın beynəlxalq rəqabləri hazırda əsasən Ermənistan üzərindən hərəkət etməyə üstünlük verirlər. Əsas məqsədsə, regionda yeni hərbi toqquşmalar törətməklə, Rusiyanı daha bir münaqişəyə cəlb etməkdən ibarətdir. Bu, baş verəcəyi təqdirdə, NATO ölkəsi olan Türkiyənin öz hərbi müttəfiqi Azərbaycanın tərəfindən silahlı münaqişəyə qatıla biləcəyi də istisna olunmur. Və rus ekspertlər məhz bu ehtimalı Rusiya üçün ən ciddi təhlükə hesab edirlər. Onların fikrincə, Türkiyənin Cənubi Qafqazda hərbi əməliyyatlara cəlb olunması Kremlin rəsmi Ankara kimi önəmli strateji tərəfdaşın itirilməsi ilə nəticələnə bilər. Hadisələrin belə inkişafı Türkiyənin Cənubi Qafqaza qoşun yeritməsi və hərbi baza yaratmasına yol açar. Bu isə perspektivdə NATO-nun regiona hərbi-siyasi cəhətdən tam şəkildə yerləşməsi anlamı daşıyar.
Ancaq Kremlə yaxın siyasi dairələr nədənsə, Rusiyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində reallaşdırmağa çalışdığı "Vardanyan layihəsi" barədə susmağa üstünlük verirlər. Hətta bu barədə danışdıqda belə, Kremlin "təxribat emissarı" Ruben Vardanyanı sadəcə, Rusiyaya xəyanət edərək, ölkədən qaçmış erməni fırıldaqçısı təqdimatında göstərməklə, "separatizm layihəsi"ni pərdələməyə çalışırlar. Və Kremlin ən böyük problemi də əslində, Rusiya siyasi dairələrinin belə məkrli oyunlarla potensial tərəfdaşlarının etimadını itirməsi ilə birbaşa bağlıdır. Təbii ki, Kremlin məkrli planlar qurduğu bir şəraitdə dünya nəhənglərinin Cənubi Qafqazda Rusiyaya qarşı aktivləşməsi də nisbətən asanlaşmış olur. Regionda yeganə "zəif bənd" məhz Ermənistan olduğundan, hazırda dünya nəhənglərinin Rusiyaya qarşı planlarının da elə rəsmi İrəvan üzərindən işə salındığı diqqətdən yayınmır. ABŞ-ın nüfuzlu xüsusi xidmət servisi CİA-nin şefi Uilyam Börnsün İrəvana səfər edib, baş nazir Nikol Paşinyanla gizli görüş keçirdikdən sonra regionda vəziyyətin gərginləşdirildiyi hələ unudulmayıb. Çünki həmin görüşdən qısa müddət sonra Ermənistan hərbi təxribatlar törətmişdi və rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan KTMT-dan çıxmaq barədə mövzunu qabarıq şəkildə gündəmə gətirmişdi. Maraqlıdır ki, bu dəfə İrəvana Böyük Britaniyanın xüsusi xidmət servisinin (Mİ-6) şefi Riçard Mur səfər edib. Mİ-6 şefi də CİA-nin rəhbəri kimi Ermənistan baş naziri Nikol Paşinyan ilə bağlı qapılar arxasında görüşüb. Bu qapalı görüşdə hansı mövzuların müzakirə edildiyi bilinmir. Yalnız anlaşılan odur ki, Ermənistan ətrafında yenə də olduqca maraqlı proseslər cərəyan etməyə başlayıb. Rəsmi məlumatlarda Mİ-6 şefi və erməni baş nazir arasında Cənubi Qafqazda cərəyan edən proseslərin müzakirə olunduğu vurğulanır. Ancaq Cənubi Qafqazda Azərbaycan-Ermənistan sülh danışıqları ilə yanaşı, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin davam etdiyini də unutmaq olmaz. Riçard Murun 2017-ci ildə Böyük Britaniyanın Türkiyədə səfiri olması isə bu görüşə marağı daha da artırır.
İrəvan səfiri R.Murun Cənubi Qafqaza ilk gəlişidir. Adətən, belə qapalı görüşlərdə yalnız məxfi mövzular müzakirə edilir və konfidensial təkliflər gündəmə gətirilir. Ona görə də, baş nazir Nikol Paşinyanın Mİ-6 şefi Riçard Mur ilə hansı məxfi mövzuları müzakirə etdiyi və ondan hansı gizli təklifkəri aldığı yəqin ki, yaxın gələcəkdə tədricən aydınlaşdırmağa başlayacaq. Hələliksə, yalnız bəzi önəmli faktorların diqqətə alınması ilə müəyyən ehtimallar irəli sürmək mümkündür. Birinci CİA şefi Uilyam Börnsün təmsil etdiyi ABŞ və Mİ6-ya rəhbərlik edən Riçard Murun ölkəsi Böyük Britaniya ən yaxın strateji müttəfiqlərdir. Yəni, bu iki nəhəng dövlətin Cənubi Qafqazda bir-birinə qarşı rəqabət aparacaqları o qədər də inandırıcı deyil. Üstəlik, bu regionda Rusiya ABŞ və Böyük Britaniyanın ortaq rəqibidir. Eyni zamanda, bəzi məlumatlara görə, həm Uilyam Börnsün, həm də Riçard Murun Cənubi Qafqazda məhz Türkiyənin möhkəmləndirilməsinə tərəfdar olduqları iddia edilir. Məsələ ondadır ki, Türkiyə ABŞ və Böyük Britaniyanın NATO üzrə hərbi-siyasi müttəfiqidir. Müəyyən ziddiyyətlər olsa da, son vaxtlar Ağ Ev Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlayıb. Xüsusilə də, ABŞ Konqresində ermənipərəst dairələrin gündəmə gətirdiyi Türkiyə əleyhinə sənədlərin bloklanması buna örnək sayıla bilər. Eyni zamanda, rəsmi Ankaranın Böyük Britaniya ilə elan edilməsə də, səhnə arxasında xüsusi münasibətlərinin olduğu artıq heç kəsə sirr deyil. Bu baxımdan, hesab etmək olar ki, CİA və Mİ-6 şeflərinin İrəvan səfərində birbaşa Türkiyəyə, eləcə də rəsmi Ankaranın ən yaxın hərbi-siyasi müttəfiqi Azərbaycana qarşı planların ola biləcəyini düşünmək bir qədər çətindir. Bu sıraya Azərbaycan və Böyük Britaniya arasında olan xüsusi münasibətləri də əlavə etmək tamamilə mümkündür. Və belə anlaşılır ki, hər iki səfərin əsas hədəfinin daha çox Rusiyanı narahat edə biləcək məzmun daşıma ehtimalı inandırıcıdır. Digər tərəfdən, Mİ6 şefi və erməni baş nazir arasında qapalı görüş məhz Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında önəmli enerji anlaşmasına da paralellik təşkil edir. Hər halda, Rusiyanın enerji asılılığından xilas olmağa can atan Avropa dövlətləri üçün Azərbaycan və Türkmənistan təbii qazının nə qədər taleyüklü xarakter daşıdığı heç kəsdə şübhə doğurmur. Və Rusiyanın Türkmənistan enerji resurslarının Avropaya nəqli üçün Xəzərin dibindən boru kəmərinin çəkilməsi barədə anlaşmaya kəskin və sərt reaksiyası da bunu təsdiqləyir.
Böyük ehtimalla erməni baş nazirə Cənubi Qafqazda Rusiyanın maraqlarına uyğun gərginliyin yolverilməz olduğu, hətta Ermənistana vəd etdiyi təhlükələr anladılıb. Belə ki, hazırda Avropa dövlətlərinin Rusiyadan kənar enerji resursları qaynağı əldə etməsi üçün Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsi vacib faktordur. Bu baxımdan, rəsmi İrəvanın qarşıdurmanı dərinləşdirmək əvəzinə Azərbaycanla sülh sazişi imzalaması böyük önəm daşıyır. Və bu halda, Rusiyanın regiondan çıxarılması prosesi də sürətlənə bilər. Ona görə də, ABŞ və Böyük Britaniya xüsusi xidmət servisi şeflərinin Azərbaycan paytaxtı Bakıya deyil, məhz İrəvana üz tutmaları da tamamilə anlaşılandır. Çünki rəsmi Bakı Avropa Birliyi ilə enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaşıdır. Ermənistan isə Rusiyanın forpostu statusundan xilas ola bilmədiyindən Kremlin maraqlarına uyğun hərbi qarşıdurma və gərginlik planlarının təxribat icraçısıdır. Bu baxımdan, Qərb xüsusi xidmət servislərinin Paşinyan hakimiyyətinə bəzi mesajlar verməyə ehtiyac duymuş ola biləcəkləri qətiyyən istisna deyil. R.Murun İrəvan səfərində Zəngəzur dəhlizi ilə bağlı mövzunun da müzakirə edilmiş ola biləcəyini düşünmək olar. Çünki bu geoiqtisadi layihənin Böyük Britaniya strateji maraqlarında xüsusi yer tutduğu artıq inkaredilməz reallıqdır. Rəsmi London bu dəhliz sayəsində Rusiyadan yan keçməklə, Avropanın Asiya ilə birbaşa əlaqələndirilməsində maraqlıdır. Hətta bu məsələdə Böyük Britaniyanın ənənəvi rəqiblərindən olan Fransa ilə kəskin ziddiyyətlər də diqqətdən yayınmır. Belə ki, Fransa Zəngəzur dəhlizi ilə bağlı prosesin pozulmasına və Fars körfəzi-Qara dəniz xəttinin reallaşmasına çalışır. Və Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinə bu qədər israrla müqavimət göstərməyə çalışması da əslində, bundan qaynaqlanır. Bütün bunları nəzərə aldıqda, Mİ6 şefinin erməni baş nazirə müəyyən mesajlar çatdırdığını düşünmək olar. Rəsmi İrəvanın bu mesajlara verəcəyi reaksiya Ermənistanın gələcək taleyini də həll edə bilər. Hər halda, hazırda yeni dünya düzəninin qurulmasında ABŞ və Böyük Britaniyanın əsas söz sahibi olduğu da inkaredilməz reallıqdır. /"Yeni Müsavat" Mİ6 şefi Riçard Murun Ermənistan baş naziri Nikol Paşinyanla qapalı görüşü məhz Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasındakı önəmli enerji anlaşmasına da paralellik təşkil edir... Fransa və İranın əngəlləməyə çalışdığı, Böyük Britaniya üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin də müzakirə edilmiş ola biləcəyi qapalı görüşdə əsas mövzunun daha çox Rusiyanı narahat edə biləcək məzmun daşıma ehtimalı istisna deyil...