“Səhərə qədər Ramizin səsinə qulaq asmışam” - Yenilənib +Videolar

“Səhərə qədər Ramizin səsinə qulaq asmışam” - Yenilənib+Videolar

 

Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar artistlər Vəfa Zeynalova, Sənubər İsgəndərli, Aybəniz Haşımova Xalq artisti Ramiz Novruzla vida mərasiminə qatılıblar. 

Axşam.az xəbər verir ki, Vəfa aktyorun xəstəliyindən danışıb:

“Bu xəstəliyin ağrılarından, əziyyətindən canını qurtardı. Bu elə bir xəstəlikdir ki, mən yaxınlarımda da görmüşəm, kömək etmək heç cür mümkün deyil. Hər şey edirsən ki, bir balaca üzü gülsün, mümkün olmur. İnsan o vəziyyətə gəlir çıxır ki, bəlkə ölsün, canı qurtarsın...
Bilmirəm, Ramiz müəllimsiz bizim teatr necə olacaq. O bir günəş kimi idi. Teatra girəndə deyib , gülməyi, rəftarı, zarafatlaşması… O teatra girəndə, sanki, bir canlanma gəlirdi. Xalq artisti olmasına baxmayaraq, hamı ilə gözəl münasibətdə idi”.

S.İsgəndərli vida mərasimində aktyorla bağlı xatirələrini bölüşərək “Sənət, incəsənət, teatr itirdi, biz də dostumuzu itirdik… Telefon zənglərinə cavab vermirdi. Sonuncu dəfə 3 ay əvvəl tamaşada olmuşuq. Onda halı çox pis idi. Tamaşada tər axırdı ondan. Qucaqlayıb dedim ki, Ramiz, yaxşı olacaq hər şey” sözlərini deyib.

F.Mütəllimova aktyorla sonuncu dəfə 1 ay əvvəl danışdığını bildirib:

"Dünən eşitdim, çox pis oldum, səhərə qədər yatmamışam, Ramizin səsinə qulaq asmışam. Səsli mesaj atmışdı. Həmişə üzü gülürdü, zarafat edirdi. Bilmirəm necə olacaq, çox pis olmuşam. Sonuncu dəfə hardasa bir ay bundan qabaq danışmışdıq. Həmişə özü geri zəng edirdi. Gördüm zəngi yoxdur, özüm də narahat etmək istəmədim, çünki  bilirəm ki, xəstə olanda telefonlara cavab vermək olmur". 

A.Haşımova isə R.Novruz haqqında "Sonuncu dəfə tamaşasına getmişdim. Ondan sonra görüşdük. Xəstəliyindən heç nə soruşmadım. Çünki istəmirəm insanları yaralı yerindən incitmək. Çox arıqlamışdı. Belə bir dəyərli insanı, sənətkarı, dostu itirmək çox çətindir" fikirlərini səsləndirib.

***

Xalq artisti Ramiz Novruzla vida mərasiminə qatılanlar arasında Xalq artisti Məleykə Əsədova da yer alıb.

Axşam.az xəbər verir ki, aktrisa jurnalistlərə müsahibəsində göz yaşlarına hakim ola bilməyib. 

"Çox zarafatcıl, insanı keyfiyyətləri olan səmimi insan idi. Sənətə gələndən onunla çox tərəf müqabili olmuşuq" deyə, Məleykə bildirib.






Fikirlər