Məleykə Abbaszadə yola salınır? – “Bu qurumda gəncləşməyə ehtiyac var”

Məleykə Abbaszadə yola salınır? – “Bu qurumda gəncləşməyə ehtiyac var”

“Dövlət İmtahan Mərkəzinin ləğv edilməsi, yaxud rəhbərliyinin dəyişilməsi barəsində danışa bilmərəm. Çünki Məleykə xanım kifayət qədər işini bacaran bir insandır. Eləcə də o, kifayət qədər tələbə qəbulu, eyni zamanda dövlət qulluğu, prokurorluq, hakimlik və vəkilliyə qəbulla bağlı prosesi həyata keçirir və kifayət qədər şəffaf bir mühit yaradır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Millət vəkili martın 12-də keçirilən qəbul imtahanlarından sonra sualların çətinliyi ilə bağlı DİM-ə qarşı səslənən ittihamlardan söz açıb.

Məsələ ilə bağlı müsahibimiz düşünür ki, bütün dövrlərdə və zamanlarda eyni cür qəbulun keçirilməsi və birsistemli qəbul prosesinin aparılması məqbul deyil:

“Yəni müəyyən islahatlar aparılmalıdır. İstər tələbə qəbulunda, istərsə də sözügedən digər imtahanlarda da ictimai nəzarət mexanizmi gücləndirilməlidir”.

Onun sözlərinə görə, bu gün DİM-də ictimai nəzarət çox zəifdir, hətta demək olar ki, həyata keçirilmir. Mütəxəssis aydınlaşdırıb ki, bu da bəzi qüsurlar barəsində fikirlər səsləndirməyə əsaslar verir:

“Yəni Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum kifayət qədər qapalı xarakter daşıyır, ictimai nəzarət mexanizmi çox zəif işləyir. Digər qurumlarda cənab Prezidentin imzaladığı “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq, İctimai Nəzarət Şuraları çalışır. Amma DİM-də bu, çox zəifdir və prosesin həyata keçirilməsinə müəyyən şübhələr yaradır”.

“Bu gün dövr dəyişib. Biz birsistemli biliyin qiymətləndirilməsindən qaçmalıyıq. Yeni dövrün tələbi başqa bacarıqları da tələb edir. Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri yaradılmalıdır. Məleykə Abbaszadə də buna maraqlı olmalıdır. Bizə də xeyli dərəcədə şikayətlər daxil olur. Bu da ictimai nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini əsas kimi yaradır”, – ekspert təkliflərini irəli sürüb.

“Digər tərəfdən, bütün sahələrdə olduğu kimi yaş həddi meyarı da böyük əhəmiyyət kəsb edir. Məleykə Abbaszadə uzun müddətdir ki, həmin qurumda çalışıb. Buna görə də hesab edirəm ki, qurumda gəncləşməyə ehtiyac var. Artıq Elm və Təhsil Nazirliyi yaradılıb. Deməli, strukturlar rasionallaşdırılmalı, yeni agentliklər yaradılmalı və onların əsasnaməsi işlənilməlidir. Hesab edirəm ki, DİM kimi bir qurum Elm və Təhsil Nazirliyinin nəzdində olsa, çox yaxşı olar. Bu, əlavə xərclərin azaldılmasına gətirib çıxara və kadrların daha yaxşı seçilməsinə şərait yarada bilər”, – tamamlayıb.

Qeyd edək ki, ötən ay DİM sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olub. O, 29 ildir bu vəzifədə çalışır.






Fikirlər