Müdafiə və milli təhlükəsizlik xərclərimiz 1 milyard manat artacaq - zərurət, təhdid, yoxsa...
Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 milyard manat artırır. “Yeni Müsavat” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 070 milyon manat təşkil edəcək. Müdafiə sahəsinə ayrılan vəsaitin hər il artırılmasından danışan hərbi ekspertlər deyir ki, Azərbaycan bu addımı atmağa məcburdur. Müdafiə sənayesinə aid tikinti, yenidənqurma işlərində xərclər böyükdür. Təmas xəttində hava hücumundan müdafiə, hərbi hava qüvvələri, o cümlədən ağır və yüngül texnika alınması da davam edir.
Ədalət Verdiyev Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, müdafiə qüvvələrinin və təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumların potensialının artırılması vacibdir: “Bu sahəyə ayrılan vəsaitlər ölkəmizin müdafiə və təhlükəsizliyinin etibarlı təminatı üçün zəruri olaraq atılan addımlardır. Müdafiə xərclərinin artırılması Azərbaycan Silahlı Qüvvələrinin yeni qurulan infrastrukturunun, müharibə zamanı sərf edilən silah-sursat arsenalının tamamilə bərpa olunması istiqamətində mühüm əhəmiyyət daşıyacaq”. Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, müdafiə xərcləri dedikdə təkcə silah-texnika alınması nəzərdə tutulmur: “Müharibədən sonra Azərbaycan vaxtilə işğal altında olan böyük bir ərazini yenidən nəzarətə götürdü. Bu gün həmin ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun xidmətlərinin - Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili Qoşunların, DİN polis bölmələrinin strukturları mövcud şəraitdə xidmət aparırlar. Sözsüz ki, ən böyük yük Müdafiə Nazirliyinin və DSX-nın üzərinə düşür. Müharibədən sonra müdafiə və təhlükəsizlik xərclərinin artması təbiidir. İşğaldan azad olunan ərazilərdə yeni hərbi hissələrin yaradılmasına da xərclər ayrılır”. Hərbi ekspert deyib ki, düşmən Ermənistan müharibədən sonra pilotsuz uçuş aparatları (PUA) parkını yeniləməyə başlayıb: “Ermənistanda PUS sahəsində yerli istehsalın stimullaşdırılması və xaricdən PUA-ların alınması üçün sazişlər imzalanıb. Yeni raket sistemlərinin alınması üçün hərəkətə keçiblər. Belə bir şəraitdə Azərbaycan da hərbi potensialını qaldırmaq üçün maliyyə xərclərini artırıb”. Hərbi ekspert deyir ki, Azərbaycan əsas diqqəti müdafiə sənayesi kompleksinə yönəltməlidir: “Yeni məhsulların yaradılması və istehsalına təkan verilməlidir. Müdafiə xərclərinə ayrılan əlavə 1 milyard manatın əhəmiyyətli hissəsi yerli müdafiə sənayesi kompleksinin inkişafına yönəldilməlidir”. Qeyd edək ki, müasir müharibələrdə PUA-lardan düşmənlərə qarşı hibrid müharibə aparmaq üçün geniş və effektiv şəkildə istifadə olunur. Məsələn, ABŞ Əfqanıstan müharibəsində “Əl-Qaidə” və “Taliban” üzvlərini və liderlərini hədəfə almaq üçün PUA-lardan istifadə edib. 2020-ci ilin payızında Azərbaycanın Qarabağda Ermənistana qarşı PUA-lardan istifadə etməsindən sonra dünya ictimaiyyəti bu silahlara daha çox diqqət yetirməyə başlayıb. Müharibə zamanı Azərbaycan Ordusu PUA-larla Ermənistanın quru qoşunlarına ağır zərbələr endirib. ABŞ, Çin, Rusiya və İngiltərə bu texnologiyanı inkişaf etdirmə mərhələsindədir. 2017-ci ildə ABŞ 103 ədəd “Perdix” kvadrakopterləri ilə sınaqlar həyata keçirdi. ABŞ-ın DARPA tədqiqat agentliyi təyyarələrdən buraxmaq üçün nəzərdə tutulan raket ölçüsü və formasında olan mikro PUA-lar hazırlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri eyni zamanda “aşağı əməliyyat xərcləri olan sürü PUA texnologiyası” (LOCUST) üzərində işləyir. Rusiya da PUA sürüləri konsepsiyası üzərində işləyir və bu sistemləri özünün yeni nəsil qırıcı təyyarələri ilə inteqrasiya etməyə çalışır. Böyük Britaniya da sürü PUA-ları ilə hücum texnologiyası üzərində işləyir. Keyfiyyət baxımından ABŞ hələ də PUA texnologiyasında dünya lideri olsa da, PUA-ların istehsalı və yayılmasında liderlik edən Çindir. 2020-ci ilin noyabrında ABŞ-ın “Foreign Affairs” nəşrində dərc olunan məqaləyə görə, 2011-ci ilə qədər yalnız 3 ölkədə zərbə tipli PUA-lar olub, lakin 2011-2020-ci illər arasında bu tipl silahlara malik 18 ölkə var ki, onlardan 11-nə bu PUA-ları Çin satıb. Çin hazırda bir sıra sürü PUA konsepsiyasını inkişaf etdirmək üzərində işləyir. Türkiyə və İsrail də PUA istehsalında öncüldür. Türkiyə və İsrail tərəfindən dəstəklənən Azərbaycanın PUA-lardan uğurla istifadə etməsi heç şübhəsiz, ənənəvi şəraitdə PUA-ların uğurlu ola biləcəyini təsdiqlədi. Hazırda hava hücumundan müdafiə silahları və raketləri PUA təhlükəsinə qarşı istifadə olunur, lakin onlar yüzlərlə sürü PUA-larına qarşı praktiki olaraq təsirsizdir. Ancaq hər bir yeni silahda olduğu kimi tezliklə bu cür texnologiyaların təsirini zərərsizləşdirmək və ya təsirlərini minimuma endirmək üçün əks tədbirlər görüləcək. Sürü PUA təhlükələrinə qarşı araşdırma aparılır. Bu cür təhlükəyə qarşı durmaq üçün ən perspektivli görünən sahə radioelektron mübarizə vasitələri və kommunikasiya sahəsinə aid ola bilər. Hətta fiziki məhv sahəsində də uyğun silah sistemlərinin tapılması istiqamətində səylər davam edir. Qarabağda müharibə zamanı Ermənistanın tankları, piyada döyüş maşınları, artilleriya silahları və HHM sistemləri Türkiyə və İsrail tərəfindən tədarük edilən PUA-larla məhv edilib. Qarabağ müharibəsi sübut etdi ki, davamlı PUA hücumları təkcə ölümcül və güclü variant deyil, həm də daha ucuz variantdır.Ekspert: “Müdafiə xərcləri dedikdə təkcə silah-texnika alınması nəzərdə tutulmur”