Paşinyan Əliyevlə görüşdən niyə qaçır? - Detallar məlum oldu
Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb. Sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlət başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Paşinyanın bu addımı Ermənistanın özündə də birmənalı qarşılamayıb. Baş nazirin bu davranışı istər iqtidar, istərsə də müxalifyönlü çevrələrdə geniş müzakirələrə səbəb olub. Bəs görəsən, Paşinyanın bu hərəkəti hansı nəticəyə hesablanıb? Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, sözügedən davranış onu göstərir ki, Ermənistanın sülhlə bağlı çıxışları sadəcə manipuliyasiyadır: “Təbii ki, Nikol Paşinyanın Londondakı atdığı addım kifayət qədər qeyri-destruktivdir. Bu addımla Nikol Paşinyan bir daha göstərdi ki, Ermənistan heç də sülhə maraqlı deyil. Məhz bu səbəbdən də hazırda prosesdə bir durğunluq yaranmağa başlayıb. Baxmayaraq ki, Ermənistan və onun rəhbərliyi dəfələrlə bəyan edirlər ki, guya onlar sülhə hazırdırlar və 1 ay müddətində müqavilə imzalaya bilərlər. Amma faktiki olaraq, Paşinyanın Londondakı davranışı onu göstərdi ki, verilən bu bəyanatların hamısı bütövlükdə sadəcə manipuliyasiyadır. Təbii ki, bu addım bundan sonrakı dönəmdə də bölgədə sülh yox, gərginliyin davam etməsinə ciddi şəkildə təsir edə bilər”. Politoloq bir sıra Qərb dövlətlərinin Paşinyan və Ermənistanı bu məsələdə ciddi təhrik etdiyini diqqətə çatdırıb: “Ermənistan Azərbaycanla sülh prosesində maraqlı olmalıdır. Ən azından ona görə ki, Azərbaycanın Ermənistana sülh müqaviləsi ilə bağlı təklif etdiyi şərtlər beynəlxalq hüquq və ədalət prinsipinə əsaslanır. Azərbaycanın son olaraq bu məsələ ilə bağlı tələbi, Ermənistan konstitusiyasında özünə qarşı olan ərazi iddialarının dəyişdirilməsi ilə bağlıdır. Amma Ermənistan konstitusiya dəyişikliyi, o cümlədən, qeyd etdiyimiz kimi, qanunvericilik bazasında müəyyən dəyişikliyə getmək əvəzinə manipulyasiya ilə məşğul olur. Sürətlə silahlanmağa çalışır. Əlbəttə, Ermənistan bu məsələdə özbaşına hərəkət etmir. Bu davranışların arxasında müəyyən qərb dövlətləri dayanır. Xüsusən də bunların içərisində Fransanı qeyd etməmək mümkün deyil. Məhz bu qüvvələrin təhriki ilə, Ermənistan bu cür destruktiv yaratmağa davam etməkdədir”.