“PAŞİNYAN ƏLİYEV QARŞISINDA NÖVBƏTİ GÜZƏŞTLƏRƏ GEDİB” - Erməni mətbuatı açıqladı

“Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin dünənki bəyanatları belə deməyə əsas verir ki, Paşinyan Əliyevin təzyiqi ilə növbəti güzəştlərə gedib və sülh müqaviləsinin digər bəndləri ətrafında da razılıq əldə olunub”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlaması Paşinyan hökumətinin Azərbaycanın bütün tələblərini qəbul etməsindən xəbər verir: “Parlamentin spikeri Alen Simonyan Cenevrədəki çıxışında açıqlama verərək bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəlmək ərəfəsindədir: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik”.

Simonyan Bakıya da müraciət edib: “Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallaşdırmaqda bizə qoşulmağa dəvət edirik. Ermənistan bu gün də sülh müqaviləsi imzalamağa hazırdır”.

Maraqlıdır ki, təxminən iki həftə əvvəl parlamentdə Nikol Paşinyan sazişin 17 bəndindən 13-ü ətrafında razılaşmadan danışaraq, razılaşdırılmış 13 bəndin dərci ilə bağlı diplomatik dürüstlük probleminin olduğunu deyib.

Alen Simonyanın bəyanatı ilə paralel olaraq, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri Sarkis Xandanyan dünən verdiyi müsahibədə bildirib ki, Paşinyan Əliyevə sülh müqaviləsinin razılaşdırılmamış 1-2 məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi təklif edib. Ondan sonra ölkə liderləri müqaviləni Bakıda COP-29 başlamazdan əvvəl imzalayacaqlar. Yada salaq ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin bu bəyanatlarından bir gün əvvəl Əliyev bir daha qismən razılaşdırılmış maddələri olan müqaviləni imzalamayacağı ilə hədələmişdi”.

Beləliklə, erməni mediası belə bir nəticə çıxarır ki, Paşinyan hökuməti Azərbaycanın bütün haqlı tələblərilə razılaşdığı üçün COP-29-a qədər sülh müqaviləsi imzalanacaq. Bunun nə dərəcədə həqiqətə uyğun olduğu yaxın zamanda bilinəcək.

“AzPolitika” 






Fikirlər