“Onlar RAXITdir! Biz də deyirdik ki, Səməd Vurğun…” – SƏRT SÖZLƏR

“Onlar raxitdir! Biz də deyirdik ki, Səməd Vurğun…” – SƏRT SÖZLƏR

Vaxtaşırı gənc nəsil Azərbaycan ədibləri ilə bağlı tənqid, bir az da təhqir janrında məqalə yazır, sosial şəbəkə hesablarında paylaşım edirlər. Növbəti hədəfə şair Məmməd İsmayıl olub. Bu isə həm Məmməd İsmayıl, həm də ədəbiyyatsevərlərdə ciddi etiraza səbəb olub. Tanınmış və sevilən şairlərin tənqidə tuş gəlməsinin səbəbi nədir?

AzerTaym.az bildirir ki, Globalinfo.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin fikrincə, gənc nəslin 90 faizi Cəlil Məmmədquluzadəni, Füzulini, Bəxtiyar Vahabzadəni, Məmməd İsmayılı çox yaxşı tanıyır və qəbul edir.

O deyib ki, bəzi gənclərin yaşlı yazarları tənqid etməsi gündəmdə qala bilmək üçün atılan addımdır:

“Çoxluq şəxsiyyətləri tanıyır və hörmət edir. Az bir hissəsi isə tanınmaq, yaxşı “ad” çıxarmaq, 2-3 gün gündəmdə qalmaq üçün məşhur adamlara sataşır. Bu, çox sadə bir işdir. Hər zaman belə olub, bundan sonra da olacaq”.

A.Rzayevin sözlərinə görə, bu “PR”-ın qarşısını almaq mümkün olmayacaq:

“Qrafomanlar hər zaman olub. Dünyada ədəbiyyat üçün ən təhlükəli şey elə qrafomanlardır. Özləri yaza bilməyib, amma məşhurların ünvanına haqsız tənqidlər yağdırıb, gündəmdə qalmaq istəyirlər. Vaxt keçir, belələri unudulub gedir, əsl ədəbiyyat və sənətkarlar qalır və qalacaq da”.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun fikrincə bu, bir növ xəstəlikdir:

“Mən elə bilirdim ki, söz atmaq dövrü çoxdan keçib. Çünki hər bir kəsin bir keçid vaxtı olur. O dövrdə hər şey inkar olunur. Məsələn, biz də cavan vaxtı müəyyən bir mərhələdə deyirdik ki, qoca yazıçılar nə yazıb axı, bunlar yazıçı deyillər və s. Bildirirdik ki, İsmayıl Şıxlı yaza bilmir, Səməd Vurğun rejimə qulluq edir. İnkar mərhələsi tez keçib getməlidir. Yüngül xəstəliyə yoluxanda tez keçib, gedir. Amma keçməsə, sən sağala bilməzsən. Belələrinə də raxit deyirlər. Belə insanlara elə gəlir ki, hər şeyi bu edəcək, yeni ədəbiyyat yaradacaq. Lakin bunlar keçib getməlidir, insanlar müdrükləşməli, dərrakə sahibi olmalı, dünya yazıçıları ilə bərabər Məmməd İsmayılı, Bəxtiyar Vahabzadəni də tanımalıdır”.

B.Vəziroğlu deyib ki, hər kəs kimin necə olduğunu yaxşı bilir:

“İnsanlar yaxşının da, pisin də nə olduğunu gözəl bilir, dərk edir. Düzdür, bu cür raxit yazıçıların, oxucuların hesabına hələ də müəyyən qüsurlar qalır. Məmməd İsmayıl Azərbaycan poeziyasının ən sanballı, görkəmli nümayəndələrindən biridir, bizim ustadımızdır. Adam bütün ömrünü ədəbiyyata xidmətə sərf edib. Bu gün ahıl və xəstə yaşlarında onun hər sözü, müsahibəsi, min bir əziyyətlə yazdığı şeirlər belə bizə ərməğandır. Məmməd İsmayıl kimi şəxsiyyətlərə söz atan uşaqları şəxsən, ciddi qəbul etmirəm. Çünki gündəmə gəlmək üçün cığal uşaqların hərəkətini edən kəslərə ciddi yanaşmaq olmaz. Vaxtilə Heydər Əliyev haqqında bir şeir yazmışdım – “Sən elə bir zirvəsən, küləklər neyləyəcək”. İndi bu küləklər də əsib keçəcək. Yel qayadan nə aparacaq axı? Ona görə də, o adamların dediklərini ciddiyə almaq lazım deyil”.






Fikirlər