İSRAFİLOV GETDİ: AZDRAMA bayram edir – Aşıqlama

Heç vaxt ola bilməzdi ki, Akademik Dram Teatrının taleyi ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olmasın.

 

Bu sözləri Azərtaym.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı İsrafil İsrafilovun Azdramın direktoru vəzifəsindən çıxarılmasına və Azər Paşa Nemətin təyinatına münasibət bildirərkən deyib. Uzun müddət İ.İsrafilovun direktorluğuna qarşı olan N.Mehdixanlı bu mübarizədə yanlarında olan mətbuata öz təşəkkürünü bildirib:

 

“Hesab edirəm ki, bu qərarı teatrın inkişafını istəyən insanlar verdi. Qərara çox sevinirik. Kollektivdə toy-bayram əhval-ruhiyyəsi var. Bizim heç kimin arxasınca danışmaq fikrimiz yoxdur. Mətbuatda teatrda baş verən hadisələr haqqında yüzlərlə yazılar yazıldı, müzakirələr aparıldı. Deməli, nəsə yerində deyildi. Mən bir daha sizin vasitənizlə cənab nazirə təşəkkür edirəm. Biz ona kollektiv adından minnətdarlığımızı bildiririk. Bu gün həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Akademik Milli Dram Teatrına yaraşan bir yeni direktorun təqdimetmə mərasimi keçirildi”.

 

Əməkdar artist Füzuli Hüseynov bu xəbəri yeni ildə aldığı ən xoş xəbər kimi dəyərləndirib:

 

“O adam (İsrafil İsrafilov nəzərdə tutulur – red.) haqqında ümumiyyətlə danışmaq istəmirəm. Ondan heç vaxt direktor olmayıb. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. İnanıram ki, bundan sonra hər şey çox gözəl olacaq. Azər Paşa Nemətin direktor təyin edilməsi çox doğru addımdır”.

 

Əməkdar artist Əli Nur son 6 ildə ilk dəfədir ki, Akademik Milli Dram Teatrında böyük zalda iclas keçirildiyini deyib:

 

“Bu gün nazir müavini Ədalət Vəliyev çox gözəl bir iclas keçirdi. Kollektiv olaraq tam şəkildə orada iştirak etdik. Verilən qərardan hər birimiz razıyıq. Bu qərara görə cənab nazirə minnətdarıq”.

 

Xatırladaq ki, bu gün vəzifədən alınan İsrafil İsrafilovun Azdrama direktorluğunu qəbul etməyən tanınmış aktyorlar uzun müddət idi mediada onu yanlış idarəçilikdə ittiham edirdilər.






Fikirlər