KƏRƏM Həsənov 150 MİLYONU hara xərcləyib? -Xaricdəki ANONİM şirkətlər...

Kərəm Həsənov 150 milyonu hara xərcləyib?-Xaricdəki anonim şirkətlər...Kərəm Həsənovun rəhbərlik etdiyi qurum təkcə 136 milyon manatı inzibati bina və "mükəmməl” proqrama xərcləyib.
İri məbləğdə pullar əsasən Türkiyə və xaricdəki anonim şirkətlərə verilib
"Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamədə ƏMDK-nin funksiyasına özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək, özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirilməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər görmək daxildir. Komitə həm də özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək vermək və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək, özəlləşdirildikdən sonra yeni mülkiyyətçilərin həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarət etmək səlahiyyətlərinə də malikdir. Səhmdarlar iddia edirlər ki, payçısı olduqları müəssisələr sağlamlaşdırılmadan satışa çıxarılıb.
"Bizim Yol” qəzeti ƏMDK-nin nəyə və nə qədər vəsait xərclədiyini tender məlumatlarına əsasən araşdırıb. Komitə üzrə 6 ildə 149,352,273 manat dəyərində 340 tender keçirilib. 2010-cu ildə 2,900,188 manat məbləğində 48 satınalma aparılıb. Keçirilən tenderlərdən bəlli olur ki, ƏMDK-də təmir işlərinə 990,000 manat xərclənib, "Bakı Neft Maşınqayırma Zavodu” Törəmə ASC podratçı seçilib. Satınalmalar reyestrində ASC-nin həmin il və sonrakı illərdə Komitənin binasının təmirindən başqa podratçı kimi hansısa işə cəlb olunduğu görünmür. Heç ƏMDK-dən də ona başqa iş tapşırmayıb, ruslar demişkən razovıy – yəni birdəfəlik istifadə edib. Həmin il 4,000 manat dəyərində daha bir əsaslı təmir (podratçı "LV-Standart” MMC), sonra yenə 60,793 manatlıq ("Modern servis” MMC) cari təmir aparılıb. Tenderdə sərf olunan 3 milyona yaxın vəsaitin ümumilikdə 1,054,793 manatı inzibati binanın təmirinə gedib. Yarımçıq qalmış mühəndis-inzibati korpusun sökülməsi 295,944 manat ("Modern Servis” MMC), dövlət müəssisələrinin satışı üzrə məsləhətçinin seçilməsinə bir dəfə 145,000 manat ("Rec-İnvest” MMC), daha sonra 153,400 manat ("Finre Konsalting” MMC) sərf edilib. Xırda məbləğləri sadalamıram, artıq dövlətdən maliyyələşən qurumların iri vəsaitlər xərcləməsinə o qədər alışmışam ki, indi 50-60 min mənə də xırda pul kimi görünür. Məsələn, Komitə və strukturlarının dəftərxana məsrəflərinin 110 min olması artıq məni əvvəlki qədər narahat eləmir.
2011-ci ildə ƏMDK üzrə 7,193,951 manat dəyərində 65 tender keçirilib. Əvvəlki illə müqayisədə satınalma yolu ilə xərclənən vəsaitin həcmi 2,4 dəfə artıb. Həmin il ölkədə ünvan reyestrinin informasiya sisteminin yaradılmasına 758,000 manat ("SK C& C” CO.LTD(Koreya Res.)), geodeziya çöl-ölçmə işləri ümumilikdə 754,640 manat ("Planimetr-85” MMC, "Dashkad” MMC, "AzLandkad XXI” MMC), bəzi dövlət müəssisələrinin özəlləşdirilməsinin təşkili üçün məsləhət xidmətlərinə 228,920 manat ("Finre Konsaltinq” MMC), Sumqayıt şəhərində daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi 2,078,680 manat ("Kutlubey Harita İnşaat Mühendislik Sanaye Ticaret LTD”), Bakı şəhərinin beş rayonunda ünvan rekvizitlərinin elektron məlumat bazasının hazırlanması 224,677 manat ("AzLandkad-XXI” MMC), "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi prosesi üçün məsləhət xidmətlərinə 1,777,080 manat ("PraysvoterhausKupers Audit Azərbaycan” MMC), Əl Oyunları İdman sarayının binası ilə Gəmi Təmiri zavodu arasındakı ərazidə yararsız tikililərin sökülməsinə 247,060 manat ("S.İ.-İnşaat” MMC) istifadə edilib. Dəftərxana, təsərrüfat malları, kompüter avadanlığı, proqram təminatı, çap məhsulları, xırda inventar yarım milyon manatdan çox pul tutub.
2012-ci ildə ƏMDK-də 15,771,141 manat həcmində 59 tender keçirilib. Əvvəlki ildən iki dəfədən çox vəsait ayrılıb. Həmin il üçün artıq "kiçik pullar”ın üzərində çox dayanmayacam, milyonlardan yazacam. Komitəyə inzibati binanın tikintisinin layihə-smeta sənədləri və menecment üzrə məsləhət xidmətləri 2,598,705 manat ("Obermeyer Project Management GmbH”), layihə-smeta sənədlərinin hazırlanması 4,532,840 manat ("HOFFMANN-JANZ Ziviltechniker GmbH”) olub. Bakı şəhəri üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi də 5,995,000 manat ("Kutlubey harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti) olub. Dövlət reyestri qeydiyyatından keçmiş daşınmaz əmlak obyektləri barədə məlumatların CİS bazasına daxil edilməsi 241,900 manat ("Dashkad” MMC), paytaxtda mövcud obyektlərə veriləcək yeni ünvanların sistemləşdirilib CİS bazasına daxil edilməsi 198,594 manat ("Planimatr-85” MMC) təşkil edib. Geodeziya çöl-ölçmə işlərinə 5 tenderdə 1 milyon manatdan çox pul xərclənib, podratçı yenə eyni şirkətlər seçilib. Özəlləşdirməyə açılmış dövlət müəssisələrinin "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən özəlləşdirilmə ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi 145,140 manat ("Qabus Tədqiqat və Məsləhət Şirkəti” MMC), dəftərxana, təsərrüfat malları, kompüter avadanlığı, proqram təminatı, çap məhsulları, informasiya-kommunikasiya xidməti, mebel, inventara yenə yarım milyon manatdan artıq pul sərf olunub. Komitənin Y.Səfərov küçəsi 20 ünvanındakı inzibati binasında cari təmir 24,494 manata "SMTS” MMC-yə həvalə olunub. Halbuki 2010-cu ildə təmirə 1 milyon manat pul xərclənmişdi. Komitənin strukturları – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzində cari təmirə hər il hansısa səbəbdən təkrar-təkrar pul ayrılıb, podratçı həmişəki kimi "SMTS” MMC olub. Xərclərdə "Bakı Kristal Zalı” MMC-nin rəhbərliyinə 45,000 manata "Nurgun Avto” MMC-dən lyüks xidməti avtonəqliyyat vasitəsini niyə ƏMDK-nin aldığını başa düşmədim. Mən biləni MMC Komitənin balansında olmadığına görə hüquqi bağlılığı da istisnadır, mənəvi öhdəlik isə adətən şəxşi büdcədən qarşılanır. Dövlət Bayraq Meydanı yaxınlığında inşa edilən idman-konsert kompleksinin Mətbuat Mərkəzində qaynaq və bolt birləşmələrinin yoxlanılmasına da 46,964 manat ("SGS Azəri” LTD) məbləğin sərf olunması qeyri-real görünür.
2013-cü ildə 73 tenderdə 94,789,399 manat xərclənib. Xərclərin birdən-birə 6 dəfə artmasına səbəb Komitənin yeni binasının tikinti-quraşdırma və abadlıq işləri, avadanlıqların alınmasıdır. Bu işlər 86,106,077 manata "SMTS” MMC-dən satın alınıb. O vaxt mətbuat podratçının az tanınan şirkət olduğunu yazır, əvvəlki layihələri barədə məlumatın olmadığı deyilirdi. Nizamnamə kapitalı 20 manat olan şirkət 2011-ci ilin sentyabrında yaradılıb. 86 milyon manatı etibar etmək üçün həqiqətən də yetərli qədər təcrübəli sayılmaz. Yeni binanın tikintisinə artıq 100 milyon manat xərclənib, bu tərəfdən də Komitənin hazırda olduğu inzibati binasında yenidən 49,454 manatlıq ("Oreva” MMC) cari təmir aparılıb. Auksion Mərkəzi, Reyestr Xidmətinin inzibati binasında da hər il cari təmir aparılır. Bakıda və bölgələrdə çöl geodeziya-ölçmə və texniki inventarlaşdırma işləri 1,433,959 manat ("Planimetr-85” MMC, "Decad” MMC, "Dashkad” MMC, "AzLandKad-XXI” MMC) olub. Daşınmaz əmlak obyektləri haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi də yenə 5,420,000 manata ("Kutlubey Harita inşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti və "Eraslanlar mühendislik Mimarlık İnşaat Taahhüt Sanayi Ticaret” LTD) alınıb.
Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin adları və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin quraşdırılması 478,000 manat ("AzPOD” MMC), məsləhətçi xidmətləri 172,280 manat ("KPMG Azerbaijan Limited” şirkətinin AR-dəki nümayəndəliyi) aparıb. "Avrasiya İthalat İhracat” LTD və onun təmsilçisi Mehmet Okur barədə 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 24.04.2009-cu il tarixli qətnaməsinin Türkiyə Respublikasında tanınması ilə bağlı xidmətin satın alınması (10,058 manat, "Teoman Salgırtay”) bir az qaranlıq məsələdir. Komitənin bir tərəfdən Türkiyədəki şirkətlərlə iş birliyi var, digər tərəfdən məhkəməlik olublar. Həmin il özəlləşdirməyə açılmış bəzi dövlət müəssisələrinin maliyyə sağlamlaşdırılmasına dair təkliflərin hazırlanmasına cəmi 38,200 manat ("Central Audit” MMC) ayrılıb. Agentliyin reyestrində sağlamlaşdırmanın həyata keçirildiyini təsdiqləyən tender yoxdur. 1 milyon manatlıq vəsait də dəftərxana, təsərrüfat malları, inventar, avadanlıq, çap işlərinə yönəldilib.
2014-cü ildə 7,768,564 manat dəyərində 64 tender keçirilib. Keçən il Komitənin inzibati binasında yenə ümumi dəyəri 89,316 manat olan cari təmir aparılıb. Auksion Mərkəzində də bir daha 9,922 manatlıq cari təmir olub. Bu işlərdə podratçı "VİP-Təmir-Tikinti” MMC-dir. Bakı şəhərinin beş rayonu üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin 5,085,000 manata "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətindən satın alınıb. 4 ildə şirkətə bu iş üçün 18,578,680 manat verilib. Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin quraşdırılması da 504,093 manat (Arti Group MMC) olub. Çöl geodeziya-ölçmə və texniki inventarlaşdırma işləri 1 milyon manat, yenə "xırda” alış-verişə 1 milyon manatdan çox vəsait xərclənib.
2015-ci ildə ƏMDK üzrə hələlik 20,929,030 manat dəyərində 31 tender keçirilib. Daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibinə düz 17,280,000 manat ("MAPGİS İmar” Anonim Şirkəti) xərclənib. Əvvəlki illər dediyimiz kimi bu 18,578,680 manat eləmişdi. 4 ildə məlumat bazasına 35,858.680 manat sərf olunub. İri pullar əsasən Türkiyə və xaricdəki anonim şirkətlərə verilir, onların özlərinə aid offşor şirkət olmadığı da nə məlum? Doğrusu, 17,3 milyon manatlıq mükəmməl, 18,578,680 manata başa gələn qeyri-mükəmməl məlumat bazasını maraq edirəm. Məncə 100 milyon manatlıq yeni inzibati binanın da analoqu olmamalıdır. Keçən il tikinti oliqarxlarına məxsus 4 binadan ibarət üst-üstə 100 mərtəbəli yaşayış kompleksinin 16 milyon manata başa gəlməsi mübahisə doğurmuşdu. Bir komitənin inzibati binası bundan 6 dəfə baha-başa gəlib. Həmin il ƏMDK İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Avadanlıq və sistemlərin satın alınmasına da 2,595,200 manatı gözlərini qırpmadan "İT Solutions” MMC-yə verib. Özəlləşdirməyə açılmış müəssisələrin sağlamlaşdırılması təklifləri üzrə xidmətlər 47.600 manata "Əmlak Ekspert Mərkəzi” MMC-dən satın alınıb. Artıq Komitənin nəzdində olan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi işçilərinə planşetlər (19,990 manat) də almağa başlayıb. ƏMDK-nin inzibati binasında fasadın yuyulmasına hər il 5-7 min manat xərclənir. Əvvəlki illərdəki məsrəflər bu il də təkrarlanıb. Özəlləşdirilən müəssisələrin sağlamlaşdırılması ilə bağlı xərcləmə yoxdur, əgər olubsa da bu satınalmalar bazasında əksini tapmayıb.

 






Fikirlər