14.01.2014. - İsa Qəmbər - Əli Kərimli ixtilafı (VİDEO)

14.01.2014. -  İsa Qəmbər - Əli Kərimli ixtilafı (VİDEO)Müsavatın Milli Şuradan çıxması ilə müxalif düşərgədə ara yenə qarışdı, müxalifətin üzdə olan iki partiyası Müsavatla AXCP yenə kəllə-kəlləyə gəldi.Müsavatın Milli Şuradan çıxması ilə müxalif düşərgədə ara yenə qarışdı.Müsavatla AXCP yenə kəllə-kəlləyə gəldi. Bu cür qarşılaşma birinci dəfə deyil. Bu cür əlsıxmalar da birinci dəfə olmadığı kimi. Tarix göstərib ki, hər bu cür əlsıxmaların arxasında həmişə bir insident dayanıb.
Biz jurnalistlər baş verən hadisələrin ən yaxşı müşahidəçiləriyik. Və Müşahidələrim məni aldatmırsa, İsa Qəmbər - Əli Kərimli ixtilafı dünənin və bu günün problemi deyil. Demək olar ki, bu partiyalar formalaşandan münasibətlər də mənfi müstəvidə formalaşıb. Nə İsa Qəmbər, Əli Kərimlini, nə də ikinci birincini liderliyini qəbul edib. Sadəcə hər seçki öncəsi mehriban düşmənlər bir araya gəlməyə məcbur olub, sonradan isə siyasi boşanmaya imza atıblar. Eynən ötən ilki prezident seçkilərində olduğu kimi.
Yadımdadır, seçki öncəsi ANS-in “Açıq söhbət” verilişində müxalifətin vahid namizədlə seçkiyə qatıla bilib bilməyəcəyini müzakirəyə çıxarmışdıq. Hazırladığımız süjet bizə qarşı ittihamlara səbəb oldu. O, ittihamların sırasında hökümətə işləməkdən tutmuş, hər cür hərzə-hədyana kimi vardı. Əslində isə həqiqəti demişdik. Nə idi bu həqiqət? Müxalifətin vahid namizəd məsələsində heç vaxt bir araya gələ bilməyəcəyi. Bəli, bu məsələ gündəmdə olanda, mən jurnalistikanın əlifbasını öyrənirdim. İndi cikini də, bikini də bilirəm, amma müxalifət nə etməli olduğunu hələ də bilmir. Yəqin sözümdən inciməzlər, həqiqət budur. Bu illər ərzində müxalif düşərgədə də nə qədər müxtəlif adlı qurumlar, bloklar, birliklər yaranıb, onlar hansı işləri həyata keçiriblər, nəyə nail olublar, bəlkə də bunu bizdən yaxşı heç kim bilə bilməz.
Demkonqres, SİDSUH, DUH, İctimai Palata, Milli Şura. Hələ neçəsi də yadımdan çıxıb. Hamısının da məramı bir olub. Seçkiyə vahid namizədlə getmək. Aylarla, illərlə yığışıblar, müzakirə ediblər, müxtəlif razılaşmalara imza atıblar, iş gəlib məqama çatanda biri o birinə deyib ki, “pardon” vahid namizəd sən yox, mən olmalıyam. Necə ki, biz bunu 1998-ci ildə də müşahidə etmişdik.

İsa Qəmbər Əbülfəz Elçibəyin mənafeyi naminə öz namizədliyini geri götürməmişdi, 2003-də Əli Kərimli İsa Qəmbərə güzəştə getməmişdi və s. və ilaxır.

Ötən prezident seçkilərində də bu cür oldu. Daha bilmədilər nəyə əl atsınlar? Çörəyi ssenari yazmaqdan çıxan Rüstəm İbrahiməbəyov da bu ssenaridən baş çıxarmadı. Tarixçi alim Cəmil Həsənlini də tarixində mümkün ola bilməyəcək bir vəzifəyə şirnikləndirdilər. Halbuki onun ən böyük vəzifəsi Azərbaycan tarixinə verdiyi töhfələrdir və açığı mən Cəmil Həsənlini bu günkü mövqeyinə görə, amma ondan da qabaq müxalifət adına iddia edənləri qınayıram. Cəmil Həsənlinin nüfuzuyla onlar oynadılar. Biri-birilərinin nüfuzuyla necə oynayırlarsa, o cür. Baxın, bu gün müxalifət qəzetləri, sosial şəbəkələrdə hər iki partiya funksionerləri və yazarları qarşılıqlı hücuma keçib. Biri-birilərini nədə ittiham etmirlər? Əli Kərimlinin tərəfdarları Rauf Arifoğlunu rəhmətlik Əbülfəz Elçibəyin vaxtında verdiyi müsahibələrlə vurur. Rauf Arifoğlu isə deyir ki, Əli Kərimlidənsə İlham Əliyevin iqtidarını qəbul edirəm. Buyurun, bu da müxalifət. Və mən təəccüb edirəm ki, illərdir adamları bu partiyalarda saxlayan nədir?






Fikirlər