Əhməd Davudoğlu Kiyevdə Azərbaycana Rusiya təhlükəsindən danışdı – ŞOK XƏBƏRDARLIQ

Əhməd Davudoğlu Kiyevdə Azərbaycana Rusiya təhlükəsindən danışdı – şok xəbərdarlıq

Ərdoğanın Bakı səfəri öncəsi Ankaradan Kremlə ağır ittiham; qardaş ölkənin baş naziri: “Rusiya Gürcüstanın, Ukraynanın və Suriyanın ərazi bütövlüyünü pozub, indi də Azərbaycanın ərazi bütövlüyü təhlükədədir”... 

 

Türkiyə ilə Rusiya arasında gərginlik qalmaqda və artmaqdadır. Suriya böhranı fonunda kəskinləşən, Kremlin bölgədə Türkiyə əleyhinə separatçı kürd təşkilatları və birləşmələrini fəal dəstəkləməsinin ardınca Ankaranın bu birləşmələrə hərbi zərbələr endirməsi fonunda iki dövlətin Suriyada toqquşma ehtimalının güclənməsi şübhəsiz ki, vəziyyətin ağırlaşmasından xəbər verir. 
Son proseslər həm də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri öncəsi müşahidə edilməsi ilə diqqət çəkməkdədir. Səfər ən əvvəl bu proseslərin kulminasiya nöqtəsinə çatıb-çatmadığına aydınlıq gəlməsi baxımından önəm daşıya bilər. Hələlik isə iki böyük dövlət arasında təbliğat savaşı da tam gücü ilə gedir.      
O da məntiqlidir ki, Kremlin Suriyada Türkiyə əleyhinə hərəkətləri, separatçılığı dəstəkləməsi qarşılığında Ankara da digər adekvat addımlar atmaqdadır. Türkiyə baş naziri Əhməd Davudoğlunun Ukrayna səfəri, səfər çərçivəsində dünən orada verilən açıqlamalar, Rusiya ilə faktiki, müharibə vəziyyətində olan Kiyevə qardaş dövlətin açıq dəstək ifadə eləməsi bu qəbildəndir.
***
“Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir”. Bunu Əhməd Davudoğlu ukraynalı həmkarı Arseni Yatsenyukla görüşdə bildirib. “Bizim üçün Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi təməl dəyərdir, ona görə də biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik”, - deyə Davudoğlu bəyan edib. 
 
 
Baş nazir həmçinin Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını söyləyib. “Biz Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq” - qeyd edib o.
Sözsüz ki, Ukrayna üçün belə ağır dönəmdə Ankaranın Kiyevə siyasi dəstəyi daha böyük dəyərdədir. Xüsusən də Türkiyənin Krım məsələsində Ukraynanı qeyd-şərtsiz müdafiə eləməsi və bunu da baş nazirin Rusiyanın “qulağının dibində”, nümayişkaranə şəkildə bəyan eləməsi ikiqat əhəmiyyət daşıyır.
“Rusiya Gürcüstanın, Ukraynanın və Suriyanın ərazi bütövlüyünü pozub, indi də Azərbaycanın ərazi bütövlüyü təhlükə altındadır”. Ukrayna mediasının məlumatına görə, bunu da baş nazir Davudoğlu Kiyevdə ukraynalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Rusiyanın yeni siyasət konsepsiyası - ekspansionizmin və aqressivliyin davamıdır. 
“Abxaziyadan başlanan situasiya Krımda davam edir. Hazırda üç ölkə var ki, onların ərazi bütövlüyünü Rusiya pozub - Gürcüstan, Ukrayna, Suriya. Rusiyanın kömək elədiyi Ermənistanın davranışı üzündən Azərbaycanın ərazi bütövlüyü də indi təhlükədədir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Rusiyanın dəstəyi ilə baş verib” - əlavə edib Davudoğlu. (Qeyd edək ki, bir sıra Azərbaycan KİV-lərində baş nazirin Rusiya ilə bağlı sərt fikirləri bizə bəlli olmayan səbəblərdən yumşaldılıb - S.S.)
Türkiyə baş nazirinin qənaətincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya ola bilsin, Suriyaya girməyə cəsarət etməzdi: “Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də strateji ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir”. Ə.Davudoğlu həmçinin, SSRİ-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini söyləyib. “Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq Sovetlər İttifaqı dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir” - xəbərdarlıq edib baş nazir.
***
Rusiyanın həm bu açıqlamalara, həm də bütövlükdə Türkiyə baş nazirinin Ukraynaya səfərinə reaksiyası yəqin ki, qıcıqlı olacaq. Ən azı ona görə ki, bununla Ankara Moskvaya Krımın, Abxaziya və Cənubi Osetiyanın ilhaqı ilə beynəlxalq hüququ hörmət etmədiyini növbəti dəfə ona xatırladıb, eyni zamanda oxşar prosesləri Suriyada irəlilətməyə ona imkan tanımayacağının aydın mesajını verib, nəhayət, Azərbaycana qarşı da analoji siyasət apardığına diqqət yönəltməklə bu siyasəti kəskin tənqid edib.
 
Qeyd edək ki, Türkiyə lap əvvəldən Krım məsələsində Ukraynanın yanında olub və bu mövqeyi 2014-cü ildə, BMT Baş Məclisindəki səsvermə zamanı ortaya qoyub, Rusiyanın işğalçılıq və ilhaqçılıq siyasətinə qarşı çıxıb. Paralel surətdə Krım türklərinə hərtərəfli dəstəyini davam etdirməyə çalışır. 
Bu xüsusda Davudoğlunun Ukraynaya səfər çərçivəsində Krım tatar xalqının lideri, sovet dissidenti, Krımın zorla Rusiyaya ilhaqına sərt etiraz etdiyi üçün öz vətəninə buraxılmayan Mustafa Cəmiloğlu ilə də görüşməsi  Moskvaya növbəti qiymətli xəbərdarlıq mesajı sayıla bilər. 

AzerTaym.az






Fikirlər