Türk GENERALLARI Azərbaycan Müdafiə Nazirliyinə TƏYİN olunacaq? – ŞƏRH

Türk generalları Azərbaycan Müdafiə Nazirliyinə təyin olunacaq? – ŞƏRH

Martın 15-də Türkiyədə, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında imzalanmış 6 sənəd içərisində birincisi diqqəti çəkir: 

“Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar.

“Hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsi” nə deməkdir? Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) ehtimalına görə, söhbət Azərbaycan və ya Türkiyənin yülsək rütbəli hərbçilərinin qarşılıqlı olaraq bir-birinin silahlı qüvvələrində qısa və ya uzunmüddətli xidmətindən gedə bilər. “Sənədin adının ehtiyatlı qoyuluşu yəqin ki, bir sıra ölkələri qıcıqlandırmamaq üçündür”, – deyə bildirilir.
xezer
“Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının vacib detallarından biri planlaşdırma, büdcə vəsaitlərinin səmərəli istifadəsi, doktrinal sənədlərin hazırlanmasında NATO ölkələrinin dəstəyindən daha səmərəli istifadə edilməsi idi. Təəssüflər olsun ki, Bakı hər zaman bu istiqamətdə NATO-nun istənilən dəstəyindən imtina edib. Sözsüz ki, bu da Silahlı Qüvvələrdə mövcud olan korrupsiya və rüşvətxorluq hallarını, iri büdcə yeyintisini NATO-dan gizlətmək arzusu ilə bağlı idi. Son dəfə olaraq bir neçə il bundan öncə NATO Building Integrity proqramında iştirakı rəsmi Bakıya təklif etsə də, Azərbaycan hakimiyyəti bundan boyun qaçırtdı.
Amma hazırda belə görünür ki, vəziyət dəyişib, neftin qiymətinin aşağı düşməsi nəticəsində bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda da, xüsusilə də hərbi planlaşdırma, büdcə vəsaitlərinin səmərəli istifadəsi və s. istiqamətində ciddi problemlər ortaya çıxıb. Belə bir vəziyyətdə, ehtimal var ki, ordudakı durumu düzəltmək üçün rəsmi Bakı NATO üzvü olan Türkiyənin praktik dəstəyinə arxalanmaq qərarı verib”, – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli məlumat verib.
Onun sözlərinə görə, hər bir şey gözlənildiyi kimi olsa, Türkiyə Silahlı Qüvvələrinin ən azı 3 istiqamət üzrə yüksək rütbəli zabitləri Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin oluna bilərlər. “Söhbət büdcə planlaşdırılması, döyüş hazırlığı və arxa cəbhə təminatı istiqamətlərindən gedir”, – deyə C.Sümərinli bildirir.
turk2
“Amma bu nə dərəcədə effektiv olacaq, onu proqnozlaşdırmaq çətindir. Azərbaycanda hərbi büdcə ciddi korrupsiya hədəfi olaraq qalır və onun planlaşdırılması, xərclənməsi qaydaları, bu barədə qərarların necə verilməsi cəmiyyətə bəlli deyil. Təsadüfi deyil ki, bu, Transparency International (Beynəlxalq Şəffaflıq) Təşkilatının bir qədər bundan əvvəl yaydığı hesabatda geniş şəkildə əksini tapıb”, – deyə C.Sümərinli bildirir.
Qeyd edək ki, Azərbaycanda bir sıra hərbi qurumlarda oxşar taktikadan – yəni Türkiyəli zabitlərin təcürbəsindən istifadə olunur. Söhbət Daxili Qoşunlardan gedir. DQ Komandanının köməkçisi Türkiyə Jardarmasının hərbi qulluqçusudur.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu.






Fikirlər