Jurnalistlər RAUF Mirqədirovun azadlığa BURAXILMASINDAN danışdılar

Jurnalistlər Rauf Mirqədirovun azadlığa buraxılmasından danışdılar

2014-cü ilin aprel ayında Türkiyədə saxlanılan jurnalist Rauf Mirqədirov bu gün Bakı Apellyasiya Məhkəməsində 5 il şərti həbs cəzası alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Rauf Mirqədirovun azadlığa çıxmasını jurnalistlər Elçin Şıxlı, Rəşad Məcid, Azər Həsrət və Məmməd Gülməmmədov Ölkə.Az saytında dəyərləndiriblər:

Ayna-Zerkalo-qazetinin baş redaktoru Elçin Şıxlı: "Çox şadam, çox xoşbəxtəm ki, Rauf Mirqədirovu azadlığa buraxıblar. İndi azadlıqdadır. Bayram ərəfəsində Raufun anasının ürəyi yerinə gəldi. Biz hamımız çox sevinirik ki, həmkarımız azadlıqdadır. Digər həbsdə olan həmkarlarımızın da azadlığa çıxmasını arzu edirik".

"525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid: "Rauf Mirqədirovu təbrik edirəm. Həmişə ailəsinin yanında, evində-eşiyində olsun. Rauf Mirqədirov tanınmış jurnalistimiz idi, ola bilsin o işdə hansısa qeyri-dəqiq məqamlar olub. Hesab etmirəm ki, Rauf Mirqədirov dövlətə xəyanət edib. O səviyyəli bir jurnalist idi. Xəbəri sizdən eşitdim, çox sevindim".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət: "Novruz Bayramı ərəfəsində belə bir addımın atılmasını təqdir edirəm. Rauf Mirqədirov Azərbaycanın təcrübəli jurnalistlərindən biridir. Barəsində müəyyən şübhələr var idi, zamanında arzu edirdik ki, o şübhələr doğrulmasın. Bu gün məhkəmənin gəldiyi qənaət sübut etdi ki, onun barəsindəki şübhələr əsaslı deyilmiş. Buna çox sevinirəm. Rauf bəyi təbrik edirəm. Bayram ərəfəsində onun özünün də bu gəlişməyə çox sevindiyinə şübhə yoxdur. Belə bir addımın atılması təqdir olunur. Onu da əlavə etmək istəyirəm ki, başqa problemli məhbuslarla bağlı da bu cür gəlişməni müşahidə edək".

Ölkə.Az analitik-informasiya portalının baş redaktoru Məmməd Gülməmmədov: "Ümumiyyətlə, düşünürəm ki, məhkəmələr jurnalistlər haqqında həbs-qətimkan tədbirini seçərkən tələsməməlidirlər. Rauf Mirqədirov bu gün jurnalistlərə verdiyi açıqlamada da bildirib ki, ona qarşı irəli sürülən ittihamları onun müdafiəçiləri "çürüdüblər". Həmkarım Rauf Mirqədirovun azadlığa buraxılması məni çox sevindirdi.  Jurnalist həmkarımızın azadlığa buraxılmasının həm də, Novruz Bayramına təsadüf etməsi düşünürəm ki, ailəsi başda olmaqla hər bir sevəni üçün ikiqat bayrama çevrildi".

Qeyd edək ki, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.






Fikirlər