ABŞ ORDUSUNDA Rusiyaya QARŞI səfərbərlik...(?)

 

Rusiyanın Suriyada məlum hərbi əməliyyatları artıq Qərb dövlətlərinin bu ölkə ilə hərbi müstəvidə siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Hətta ABŞ da indi Rusiyanın hərbi gücünün düzgün qitymətləndirilmədiyini etiraf edir. ABŞ generalı Mark Mili Rusiyanın hərbi gücünün böyük olduğunu bildirir: "İŞİD, "Əl-Qaidə" və digər terror qruplaşmaları ilə döyüşə bilərik.
Lakin təhlükənin miqyası artdıqda düşmənlə üz-üzə gəlməyimiz böyük risq təşkil edir". ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Deborah Li Ceyms də açıqlamasında Rusiyaya qarşı çıxa bilməyəcəklərini söyləyib.
Ölkənin müdafiə naziri Eşton Karter 2017-ci ilin müdafiə büdcəsi haqqında dinləmələr zamanı Senatın silahlı qüvvələr üzrə komitəsində çıxışı zamanı Rusiyanı artıq ölkəsi üçün əsas təhdid adlandırır: "Hazırda ABŞ təhlükəsizliyi üçün beş qlobal təhdid təhlükəsi var". O, qlobal təhlükələr siyahısında ilk pilləyə Rusiyanı qoyub. Sonrakı yerlərdə isə Çin, Şimali Koreya, İran və beynəlxalq terrorizm qərarlaşıb: "Təhlükəsizlik sahəsindəki mövcud vəziyyət son 25 ildə olandan çox fərqlənir. O yeni yanaşmalar tələb edir. Rusiya və Çin silahlanma sistemini imkişaf etdirən, müəyyən sahələrdə ABŞ-ın liderliyini şübhə altına salan iki ən təhlükəli rəqibdir". E.Karter gələn ilin hərbi büdcəsinin 582,7 milyard dollar həcmində olmasını istəyib. O, bu məbləğin 523,9 milyard dollarının baza büdcə olacağını, yerdə qalan 58,8 milyard dolların xaricdə təcili əməliyyatlar üçün fondda saxlanacağını bildirib.
ABŞ mətbuatı isə diqqəti ona yönəldir ki, Rusiya artıq bir çox bölgələrdə ABŞ-ı əhəmiyyətli dərəcədə sıxışdırıb. Buna ən real nümunə kimi Suriya göstərilir. Rusiya prezidenti Vladimir Putin isə deyib ki, qoşunların çıxarılmasına rəğmən, Moskva bundan sonra da Suriyada Bəşər Əsədə kömək edəcək. Bu kömək kəşfiyyat və maliyyə dəstəyi formasında davam edəcək. O cümlədən Kosmosdan kəşfiyyat dəstəyi göstəriləcək. Putin S-400 və "Pantsir-F" zenit-raket komplekslərinin Suriyada döyüş növbəsini davam etdirəcəyini deyib.
O qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinə qarşı istənilən hücumu dəf edəcək":Bizim HHM sistemlərimiz Rusiya hərbçiləri üçün təhdid kimi qəbul ediləcək istənilən hədəfə qarşı tətbiq ediləcək. Bir daha qeyd etmək istəyirəm-istənilən hədəfə!. Tələb olunacaqsa, Rusiya cəmi bir neçə saat ərzində regiondakı hərbi qruplaşmasını yaranmış situasiyaya uyğun ölçülərdə artırmaq imkanındadır və bu zaman biz əlimizdə olan bütün imkanlardan istifadə etməyə hazırıq". "Vaşinqton Post" yazır ki, belə vəziyyətdə Rusiya Suriyada əsas söz olaraq qalmaq niyyətini ortaya qoyur. Rusiyanın, Suriya ilə yanaşı, Şərqi Avropada da artan təsiri Qərbdə böyük narahatlıqla qarşılanır. Xüsusən də Baltikyanı ölkələrdə vəziyyət böyük narahatlıq doğurur. Görünür, elə bu səbəbdəndir ki, ABŞ və digər NATO ölkələri yaxın günlərdə Latviyada indiyə qədər yerləşdirdiyindən daha çox hərbçi yerləşdirəcək. NATO-nun baş katibi Yens Stoltenberq bununla bağlı bildirib: "NATO Şərqi Avropada Alyansın möhkəmləndirilməsi çərçivəsində iştirakını artıracaq. Alyansın Latviyada iştirakının genişləndirilməsinə dair son qərarlardan sonra NATO Latviyada indiyə qədər yerləşdirdiyindən daha çox hərbçi yerləşdirəcək. Alyansın istənilən ölkəsinə hücum avtomatik olaraq bütün NATO ölkələrinə qarşı təcavüz mənasını daşıyacaq". Onun sözlərinə görə, yaxın günlərdə NATO-nun hərbçiləri "Şərq cinahda alyansın iştirakının gücləndirilməsinin strukturu və kompozisiyasına dair tövsiyələr verəcək".
ABŞ-ın NATO-dakı missiyasının ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Cek Xilmeyeraya istinadən "Eesti Paevaleht" nəşri isə yazır ki, ABŞ Şərqi Avropada daimi əsasda zirehli tank briqadasını yerləşdirmək niyyətindədir. ABŞ-ın nümayəndəsi bildirib ki, Şərqi Avropada zirehli tank briqadasının yerləşdirilməsi Rusiya və NATO arasındakı razılaşmaya zidd deyil. Tank briqadasının Şərqi Avropanın məhz hansı ölkələrində yerləşdiriləcəyi dəqiqləşdirilmir. Sözügedən briqada Amerikanın Avropadakı üçüncü briqadası olacaq. İki analoji birləşmə hazırda Almaniya və İtaliyadadır. Gözlənildiyi kimi isə, Rusiya ilə sərhədlərin yaxınlığında NATO qoşunlarının artırılması haqqında qərar hərbi ittifaqın Varşavada iyul ayında keçiriləcək sammitində qəbul ediləcək.
Qeyd edək ki, fevralın sonunda NATO-nun ekspertləri Şimali Atlantika İttifaqının döyüş bacarığı haqqında məruzəni dərc edib. Məruzədə qeyd olunub ki, NATO qüvvələri Rusiya ilə qarşıdurmaya hazır deyil.
Nahid SALAYEV 






Fikirlər