05.03.2014. - «Bank of Baku»nun dünən həbs xəbəri yayılan rəsmisi müsahibə verdi

05.03.2014. -   «Bank of Baku»nun dünən həbs xəbəri yayılan rəsmisi müsahibə verdiMüşahidə Şurasının sədri Elçin İsayev:

«Saxlanılmağım barədə məlumatlar əsassızdır»


«Bank of Baku» ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev "APA-Economics"ə müsahibə verib.

AzerTaym.az mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni öz oxucularına təqdim edir:

- Son günlər bəzi KİV-lər Sizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmağınız barədə məlumatlar yayıb. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?

- Gördüyünüz kimi, mən sizin suallarınızı cavablandırıram. Bu məlumatlar tam əsassızdır. Mən iş başındayam və normal bank fəaliyyətimi davam etdirirəm. «Bank of Baku»nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləyir.

Eyni zamanda qeyd edim ki, bir müddət öncə bizim təşəbbüsümüzlə dövlət idarələri bankda yoxlamalar aparıblar. Onları biz dəvət etmişik və şəffaf yoxlamalar üçün tam şərait yaratmışıq. Bu, normal bir haldır. «Bank of Baku» vaxtaşırı audit yoxlamalarından keçir, vergi nəzarəti orqanları və Mərkəzi Bank tərəfindən planlı yoxlamalar aparılır.

Qeyd edim ki, 2013-cü il ərzində «Bank of Baku» vergi nəzarəti orqanları, Mərkəzi Bank, həmçinin xarici auditor təşkilatlarının yoxlamalarından uğurla keçib. Yoxlamalar bankda şəffaflığın qorunmasını təmin edir və müştərilərimizin etibarını daha da yüksəldir. Yəni, bu, normal bir praktikadır və burada başqa məqamlar axtarmaq lazım deyil.

Daim novator bank olmağa can atan «Bank of Baku» müştəriləri məmnun etmək üçün yeni xidmət və məhsullar hazırlayıb. Yaxın zamanlarda onları elan etməyə başlayacağıq.

Bankımız həm istehlak kreditləri, həm plastik kartlar bazarında aparıcı mövqelərə malikdir. Bu nailiyyətlərin əldə edilməsində bizə hərtərəfli şərait yaradan dövlətimizə və bizə etibar edən müştərilərimizə sonsuz minnətdarıq.

- Bu yaxınlarda «Bank of Baku» ASC 20 illiyini qeyd edib. Ötən müddət ərzində bank hansı nailiyyətlər əldə edib?

- Bəli, bir müddət öncə bankımızın 20 illik yubileyini qeyd etdik. 1994-cü ildə təsis edilən «Bank of Baku» uzun bir yolu qət edib. Nailiyyət və uğurlarımız isə az deyil. Bu gün «Bank of Baku» ölkəmizin həm istehlak kreditləri sahəsində, həm də plastik kartlar bazarında aparıcı mövqelərdən birinə malikdir. Bu yaxınlarda Mərkəzi Bank tərəfindən Azərbaycan bankları arasında «Nağdsız ödənişlər üzrə lider bank» nominasiyasında I yerə layiq görüldük.

«Bank of Baku» yalnız ölkə daxilində deyil, həm də Azərbaycandan kənarda da etibar və nüfuz qazanıb. «Moody’s» beynəlxalq reytinq agentliyi bankımızın reytinqini «B1» səviyyəsinə yüksəldib. Bütün bunlar bizi daha da ruhlandırır.

Uğur qazanmaq üçün ciddi səy göstərib tərəfdaş və müştərilərin etibarını qazanmaq, daim riskləri müəyyən edib dəqiq ölçmək, effektiv nəzarət sistemi qurmaq, məhsulları təkmilləşdirmək və bank işinə sistemli yanaşmaq lazımdır.

- Bu ilin əvvəlində Mərkəzi Bank ölkədə istehlak kreditlərinin rəsmiləşdirmə qaydalarını bir qədər sərtləşdirib. Bu dəyişikliyi necə dəyərləndirirsiniz?

- Biz Mərkəzi Bankın tənzimləyici və nəzarətedici fəaliyyətini tam dəstəkləyirik. Mərkəzi Bankın son illərdə atdığı addımlar sayəsində Azərbaycanın bank sektorunun uzunmüddətli inkişafı, dayanıqlığı və sabitliyi təmin edilib.

Düşünürəm ki, Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı atdığı addımlar bank sistemini daxildən sağlamlaşdıracaq və mümkün riskləri minimuma endirəcək. «Bank of Baku» olaraq biz Mərkəzi Bankın korporativ idarəetmə və risklərin tənzimlənməsi ilə bağlı və digər tövsiyələrini nəzərə alıb ardıcıl icra edirik.






Fikirlər