ƏZRAİLLƏ “bəhsə girən” ÖLÜM AVTOŞLARI – Həmid Herisçinin YAZISI

Neçə-neçə insan həyatına bais olmuş “Mara 049" kod adlı erməni avtoş qızın himayəçiləri kimlərdir?

Dünya mətbuatında son zamanlar ən çox oxunan, ətrafında oxucu kütləsi yığan mövzu “Stritreyser” mövzusudur. Qulaqlarımızı kar etmiş “avtoxuliqan” kəlməsi, yadda saxlayın, müasir Qərb mətbuatında artıq yoxdu. Onu, bax bayaq dilimin ucuna güclə gətirdiyim “stritreyser” termini əvəzləyib.

Kimdi, yaxşı, bu stritreyserlər? Niyə bu ədabazlar özlərinə təzə ad fikirləşib qondarıblar? Niyə Bakının, Nyu-Yorkun, Moskvanın mərkəz küçələrində veclərinə heç kimi almırlar bu stritreyserlər... üzr istəyirəm avtoxuliqanlar?

Əvvəllər şəhər kənarlarındakı boş ərazilərdə öz gurultulu motorlarını sınaqdan çıxaran bu şeytan balaları deyəsən son vaxtlar təkcə Bakıda deyil, yox... dünyanın hər nöqtəsində, hətta uzaq Banqladeşdə belə kölgədən çıxırlar? Bilə-bilə, açıq-aşkar öz hörmətsizliklərini nümayiş etdirirlər yol kənarındakı adi, sıravi piyadalara? Yol-hərəkət qaydalarına?

***

Cavabı sadədir məncə bu bəsit sualların. Şou-biznes mövzuları çox tez, iti sürətlə köhnəlir deyə, burda yenisinə daim tələbat var. Artıq “maşın-şou” kimi layihələrlə sadəlövh insanları girə keçirmək mümkün deyil. Avtomobil reklamçıları isə, yadda saxlayın, çox həyasız tayfadı. Reklam zəmbillərindəki sifarişləri həyata keçirmək uğrunda nəyə desən, hətta cinayətə belə gedib dillərinin ucunda heç “uf!” da deməzlər. Bu dəllallar öz ənənəvi mövzularını, brendlərini son zamanlar sıfırdan yeniləşdiriblər. Açıq reklamdan girişiblər gizli reklama.

Əvvəlcə, avtoxuliqan adını “stritreyser” brendi ilə əvəzləyiblər. Sonra mətbuata, satqın jurnalistlərə göz vurublar bəs bu stritreyserləri daim diqqət mərkəzində saxlasınlar. Mətbuat indi bu stritreyserlərin reklamını dünyanın dörd tərəfində eyni sürət, eyni fəndlər ilə aparır. Rusiyada bu stritreyser tutaq ki, məşhur Mara Baqdasaryandı. Bizdə isə...

Bizdə isə adı qəzet manşetlərindən düşməyən Nail Allahverdiyev.

Kimdi yaxşı, bu stritreyserlər? Hansı pərdəarxası güclərə tabedirlər? Nəyə görə neft, avtomobil maqnatları indi bu tayfanı irəli çəkib reklamlarını yapırlar mətbuat səhifələrində? Şəhər küçələrində?

Başlayaq, dünya mətbuatındakı oxşar nümunələrdən.

DOSYE: Mara Baqdasaryan. 23 yaşı var. Guya 3 noyabr 1993-cü ildə, guya Qroznıda, yaxud Aşağı Nagildə dünyaya göz açıb. Ərdə deyil. Tələbədi guya. Ancaq təhsil aldığı institutu jurnalistlər zərrəbinlə belə axtarıb tapa bilmirlər. Valideynləri çoxdan boşanıblar. Atası Elmar Baqdasaryan “Nuçar” şirkətinin bossudur. Bütün Moskvanı ət məhsulları ilə təhciz edir.

MƏXFİ ADI: Moskva sürücüləri arasında bu avtoş qız “Mara 049" kod ismi ilə tanınır. Ad bu qızın dövlət avtomobil nömrəsi ilə eynidi.

SEVDİYİ AVTOMOBİL: “Mercedes”. Deyilənə görə, bu şirkətin reklam şöbəsi tərəfindən gizlincə maliyyələşdirilir. Bunda, təəccüblü heç nə görmürəm. Avtomobil şirkətlərinin artıq əsas reklam qəhrəmanları Şumaxerlər deyil, Mara kimi avtoşlardı indi. Mara barədə ağızdolusu danışan Moskva jurnalistləri “Lukoil” kəlməsinə növbə çatarkən keçirlər adətən pıçıltıya. Deyirlər, Maranın gizli sponsorlarından biri məhz bu varlı neft şirkətdə işləyir. Pula pul demir.

HƏYAT TƏRZİ: Bütün sritreyserlər kimi Mara günortanı öz yatağında keçirir. Bütün günü yarıyuxulu, gözləri yumula-yumula gəzir. Sükan arxasına oturdumu, vəssalam. Anında dirilib canlanır elə bil. Dönür ölüm ilahəsinə. Ayağını qaz pedalına basmağı ilə gözdən itməyi bir olur.

AVTOMOBİL KOLLEKSİYASI: Nissan, Mercedes, BMW, AMG şirkətlərinin “sportkar” modellərini şəxsi kolleksiyasının gözü bilər. İxtiyarında üç-dörd “superbayk” da var. Əmisi Artur Baqdasaryan - “Rosneft” şirkətinin səhmdarı, son avtomobil markalarını çox sevir. Açarlarını hər il qardaşı qızına hədiyyə edir.

QƏZALARI: Stritreysersən? Bizim dillə desən avtoşsan? Beləysə, gərək mütləq buzlu Moskva küçələri üzərinə öz təkər izlərini həkk edəsən. 2015-ci ilin 3 oktyabrında, Moskvanın mərkəzi Kutuzov xiyabanında Mara Baqdasaryanın “BMW”-si qəfildən öz idarəsini itirir. Başlayır drayfa. Drayf isə, avtoşluğun zirvəsi, pik nöqtəsidir. Stritreyserlər adətən belə anlarda əllərini sükan üzərindən götürürlər. Transa qapılıb kayfa düşürlər. Ancaq bu kayfın ömrü az çəkir nədənsə. “BMW” gedib girir qarşıdan gələn “Range Rover”in qarnına. Arxadan gələn “Porsche Cayenne” sürücüsü ayağını əyləcə bassa da, nə xeyri? Avtomobil idarəsini itirib çıırpılır divara.

“Range Rover” alışır bu vaxt. Sürücü həlak olur. Qəzanın səbəbkarları, “BMW”dəki sərnişinlər - Anzor Merjoyev, Mark Qalperin, İslam Tataraşvili, nəhayət Mara Baqdasaryan tanınmaz hala düşürlər. Mark Qalperin hadisə yerindəcə keçinir. Həyatı tükdən asılı qalan İslam Tataraşvili reanimasiya yerləşdirilsə də, heç nə. Yazığı xilas etmək mümkün olmur.

Üç həftə komada yatan Mara sonra birtəhər dirilir. Məcbur qalır plastik əməliyyatdan keçsin.

***

Labüd həbsdən təcrübəli vəkili David Kemulari köməyi ilə canını qurtaran Mara Baqdasaryan, deyirsiz bundan sonra adam olur, hə? Ay-hay!

Qudurğanlar görürlər dərə xəlvət, tülkü bəydir Moskva küçələrində, qayıdırlar köhnə adətlərinə. Qərara gəlirlər öz avtoş hünərlərini canlı yayında internet səhifələrinə göstərsinlər. 22 may 2016-cı ildə nömrəsiz “Gelendvagen” sükanı arxasında əyləşmiş Mara Baqdasaryan onu təqib edən yol polislərinin əmrlərinə tabe olmur. Böyründəki nişanlısına - “Lukoil” vitse-prezidentinin oğlu Ruslan Şamsuarova güvənərək dayanmaq nədi bilmir. İnternet vasitəsi ilə özlərini reklam edən cütlük dönür media ulduzuna. Düşür dillərə.

REKLAM AGENTİ? Canlı yayımda qəhrəmana çevrilən Maranın internet ünvanları tezliklə dönür əsl reklam qalxanına. Daha o avtomobil şirkəti, dükanı qalmır Maranın səhifələrində öz reklamını yerləşdirməsin. Müştərilər qapıda sıraya düzülürlər ki, Mara Baqdasaryanın yol cərimələrini öz ciblərindən ödəsinlər. Biri deyir mən ödəyəcəm, o biri deyir mən.

***

Ancaq bu sponsorlar da cərimələrin hamısını ödəyə bilmirlər. Cərimələrin 130-u (!) hələ də ödənilməmiş qalır. Avtoş Mara Baqdasaryanın bundan əlavə 342 inzibati cəriməsi var. 15 yaşında sükan arxasında oturmuş, cəmi beş-altı il sürücülük etmiş bir nəfər üçün inanın bu həddən artıq çoxdu.

Məhkəmə, özünün 12 iclası ilə yadda qalsa da, axırda bəraət çıxarır Mara haqqında. Onu cəmi 24 günlük inzibati həbs cəzasına layiq görüb Moskva küçələrində 595 saat zibilçi işləməyə məhkum edirlər. Əlavə, 183 min pul silirlər bankdakı hesablarından.

Xeyri olmur. Mara internetdə bütün Rusiyaya elan edir ki, bəs heç vaxt əlinə süpürgə götürməyəcək. Sükana öyrəşmiş əl süpürgəyə heç vaxt dəyməyəcək guya...

12 yanvar 2017-ci ildə məhkəmə qərarlarına məhəl qoymadığına görə Maranı tutub 15 gün təcridxanada saxlasalar da, nə olsun? Mara yenə avtoşluğundan qalmır Moskva küçələrində. Məhkəmə qərarları üzərinə bir lomba tüpürür.

***

Oxşar cinayətləri Almaniyada daha çox türklər edir. 2015-ci ildə misal üçün, Erkan F. və Firat M. adlı Türkiyə vətəndaşları Keln küçələrində avtoşluq edərkən idarəni itirib necə deyərlər “drayfa düşürlər”. Qəza, 19 yaşlı bir zavallı vilosepetçi qızın ölümüylə yadda qalır.

Məhz bu qəzadan sonra Almaniya mətbuatı həyəcan siqnalı çalmağa başlayır. Deyir: “Stritreyserlər Almaniyanın başağrısına çevrilir tədricən. Dəyərlər şkalası tam fərqlidir, tam tərsinədir bu başdanxarablarda. Misal üçün, avtoşlar öz minik arabalarını daha çox sevib əzəizləyirlər, nəinki özlərini”.

Almaniyada avtoşluq qanunla yasaqdı. Bu ölkədəki avtoşlar, stritreyserlər start nöqtəsi kimi həmişə işıqforları seçərlər. Yaşıl işıq yandımı, vəssalam, basırlar qaza. Lakin 2016-cı ildə oxşar mənzərə Berlində faciə elə nəticələndiyi vaxt, vəziyyət qəlizləşir. Bəlli olur ki, stritreyserlər həm də qanunsuz reklam fəaliyyəti ilə məşğuldurlar. Arxalarında avtomobil nəhəglərinin mənfur, alçaq niyyətləri gizlənir.

***

Bizdə də bu sahədəki vəziyyət qənaətbəxş deyildir. Burda gizli reklam amili var, bunu inkar etmirəm. Ancaq bu hələlik özünüreklamdır. Zamanı gələndə o da bir gün gizli avtomobil reklamına çevriləcək.

Əzrayılla bəhsə girmək, nə bilim, nə qədər düzgündü. Dəyərlər şkalası həqiqətən çox fərqlidir bu cür adəm övladlarında. Dəqiq desək, avtoşlarda.

Həmid HERİSÇİ
Musavat.com






Fikirlər