Bu gün Əhliman Əmiraslanovun doğum günüdür

Bu gün Əhliman Əmiraslanovun doğum günüdürBu gün Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun ad günüdür.

Əmiraslanov Əhliman Tapdıq oğlu 1947–ci il noyabrın 17–də Qərbi Azərbaycanın Göyçə Mahalının Basarkeçər rayonunun Zod kəndində, ziyalı ailəsində anadan olub. Ə.T.Əmiraslanov 1965–ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

İnstitutda təhsil alarkən fitri istetadı, yüksək erudisiyası ilə fərqlənən gənc Ə.T.Əmiraslanov onkologiya sahəsinə daha çox meyl göstərib və 1969–cu ildə, hələ tələbə ikən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ə.T.Əmiraslanov iyirminci yüzilliyin 70–80 – cı illərində «Dayaq – hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi» üzrə Ümumittifaq Məktəbinə rəhbərlik edib və dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalları ilə təltif edilib.

Dünyada tanınan və layiqli nüfuz qazanan alim 1986 – cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi» haqqındakı silsilə elmi – texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatı laureatına, 1991-ci ildə isə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.

Akademik Ə.T.Əmiraslanov 470–dən çox elmi əsərin müəllifidir. Əsərlərindən 18–i monoqrafiya, 16–sı ixtira və səmərələşdirici təkliflər, 28–i dərslik və dərs vəsaiti, 20–si metodik tövsiyyədir. Akademik Ə.T.Əmiraslanov Ümumdünya Ortoped–Travmatoloq və Onkoloqlar Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Ə.T. Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, TÜRKPA-nın komissiya sədridir.

Dünya çapında tanınmış Azərbaycanlını-Əhliman Əmiraslanovu ürəkdən təbrik edir, ona can sağlığı, tükənməz nikbinlik arzulayırıq.


Modern.az

P.S. Biz də həmkarlarımıza qoşularaq doğum günü münasibətilə görkəmli akademik,ictimai-siyasi xadim hörmətli MİLLƏT VƏKİLİNİ TƏBRİK EDİR ona şəxsi və elmi fəaliyyətində uğurlar arzulayırıq!






Fikirlər