“NAZİR KABİNET ÜÇÜN DOĞULMAYIB”

“NAZİR KABİNET ÜÇÜN DOĞULMAYIB”Zakir Həsənovun cəbhəyanı bölgələrdə səfərləri Ermənistanda təşviş yaradıb
Dünən müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.

Nazirliyin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar. Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-çamaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub. Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.

“NAZİR KABİNET ÜÇÜN DOĞULMAYIB”Müdafiə naziri və Baş Qərargah rəisinin yoxlamalarını dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, nazirin səngərdə əsgərlə, zabitlə bir yerdə olması təkcə mənəvi güc, psixoloji üstünlüklər vermir. Eyni zamanda gerçək problemlərə bələdçilik şəraiti yaradır, mərkəzi qərarların yerində icra vəziyyətini dəyərləndirmək imkanı verir: "Ən əsası isə münasibətlərin şəffaf qaydada qurulmasına zəmin yaradır. Sözün açığı, bir müddətə qədər bizim irəli sürdüyümüz başlıca problemlərdən biri məhz bu idi. Nazir kabinet üçün doğulmayıb. Bir ölkənin müdafiə nazirinin hərbi hissələri masası üzərinə qoyduğu xəritədən, mobil rabitə və ya rəsmi göstəriş, təlimat sənədləri ilə idarə etməsi heç də xoş hal deyil. Nəinki müharibə şəraitində olan ölkələr, eləcə də digər dövlətlərin həyatında insanların güc strukturlarına rəhbərlik edən şəxslərin çox dinamik qaydada bütün ölkə boyunca ayaqda olması, fəaliyyətini necə qurmasını bilmələri ən mühüm haldır. Ona görə də Zakir Həsənov və Müdafiə Nazirliyinin digər vəzifəli şəxslərinin mütəmadi olaraq, müxtəlif hərbi hissələri ziyarət etmələri və gerçək təlimlərdə və yoxlamalarda iştirak etmələri təqdirəlayiq haldır. Bu, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətinə, müdafiəmizin təşkilinə, düşmənə qarşı mübarizənin səfərbərliyinə böyük köməkdir”.

Z.Orucun sözlərinə görə, ermənilər məlum matəm törəni ətrafında media və ictimai rəyə intiqam, revanş kimi bir məsələləri aşıladığı bir vaxtda müdafiə nazirinin cəbhəboyu hərbi hissələrdə bu cür yoxlamalar aparması yerinə düşən bir addımdır: "Sarkisyan rejimi hər cür bədnam qərarlara qadirdir. Çünki Ermənistana mülki hakimiyyət rəhbərlik etmir. Həm də ki, onlar da ölkəni normal şəkildə idarə edə bilmədiklərindən yalnız Qarabağ cəbhəsindəki zərbələrlə özlərini cəmiyyətə qəbul etdirmək meyilləri güclüdür. Sarkisyan ölkəni hər nə qədər mülki formada idarə etsə də, o, bizim üçün Qarabağ cəbhəsində xalqımıza qarşı böyük vandalizm həyata keçirən səhra komandirlərindən biri olaraq qalır. Bu baxımdan, qəhrəman Azərbaycan əsgərinin içərisində 3 erməni hərbiçisi olan helikopteri məhv etməsindən sonra bütün hərbi hissələrdə möhkəmliyin, ayıq-sayıqlığın yoxlanması, peşəkar ordu quruculuğunun yerbəyer edilməsi bizim üçün çox vacib və əhəmiyyətlidir”.

Millət vəkilinin sözlərinə görə, ölkənin döyüş tapşırıqlarının icrasına birbaşa müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin nəzarət etməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Hətta ayrı-ayrı parlamentarilər bundan əndişələndiklərini müxtəlif səfirliklərə şikayətlərində bildiriblər. Ermənistanın səfərdə olan xarici işlər naziri Nalbandyan da müxtəlif beyin mərkəzlərində, siyasi institutlarda çıxışı zamanı dəfələrlə Azərbaycanın hərbi büdcəsinin son 10 ildə 25 dəfə artmasından narahatlığını ifadə edib: "2015-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 4,7 milyarda çatması düşmənin Cənubi Qafqazda sülhə və sabitliyə hər an potensial zərbə vurması deməkdir”. Ermənistan bilməlidir ki, hətta dünənki matəm törəni gerçək cəsədlər üzərində qurulubsa da, biz bu ölümləri vəsf etmək, buna görə milli bayram əhval-ruhiyyəsi yaşamaqdan daha çox məsuliyyətin Sarkisyan və onun çevrəsindəki adamların üzərinə düşdüyünü və gözüyaşlı anaların məhz Sarkisyanın yaxasından yapışmalı olduğunu bəyan edirik. Məlum hadisə də bir daha sübut elədi ki, Qarabağdakı hərbi qüvvələr məhz Ermənistan Silahlı Qüvvələrinin nümayəndələridir. Bütün bunların fonunda ölkənin hərbi rəhbərliyinin döyüş əməliyyatları şəraitində olan və səngərdə Azərbaycanın təhlükəsizliyinin keşiyini çəkən əsgərlərlə bir yerdə olmasını bir nümunə hesab edirəm. Müdafiə nazirinin səngərdə olması əsgərin də, zabitin də, sıravi vətəndaşın da əhvalına, orduya arxalanmasına və dövlətə inamına müsbət təsir göstərir”.






Fikirlər