“O, mənim oğlum deyil” – İcra başçısı

“O, mənim oğlum deyil” – İcra başçısıHəmin videodakı əli tüfəngli şəxs mənim oğlum deyil və oxşarlığı da yoxdur”

“Nəhayət ki, hər şey ortalığa çıxdı. 2014-cü ilin avqust ayının 2-də oğlumun Nabrandakı Atlant İstirahət mərkəzində silahdan istifadə etməsi haqda xəbərlər yayılmışdı. Amma o hadisə ilə bağlı yayılan video göstərdi ki, oğlum orada olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Quba rayonunun icra başçısı Mübariz Ağayev deyib. O bildirib ki, həmin hadisə ilə bağlı uzun müddətdir onun oğlu Hüseyn Ağayevin adı çəkilir, İstirahət Mərkəzində silahdan atəş açdığı bildirilir.

Lakin o, bu günlərdə sözügedən hadisə ilə bağlı yayılan videogörüntülərin bu ittihamın əsassız olduğunu sübut etdiyini qeyd edib: “Həmin videodakı əli tüfəngli şəxs mənim oğlum deyil və oxşarlığı da yoxdur. Xeyli vaxtdır bəzi KİV-lər bu yalan xəbəri tirajlamaqla məşğul idi. Nə yaxşı ki bu video ortalığa çıxdı və sevinirik ki, yalan və böhtanlar üzə çıxdı!”.

Qeyd edək ki, Qubanın icra başçısı Mübariz Ağayevin oğlu ilə bağlı avqust ayında mediada məlumat yer almışdı. Məlumatda qeyd olunurdu ki, avqustun 2-nə keçən gecə icra başçısının oğlu Nabranda yerləşən “Atlant” istirahət kompleksinə avtomatla daxil olaraq şəxsiyyəti hələlik məlum olmayan bir nəfəri güllələyib.

Azad M.







Fikirlər