“Əkrəm Əylisli uzun yaşasın ki, bəlkə SƏHVİNİN əvəzinə daha gözəl ƏSƏR ortaya qoya bildi”

Dekabrın 6-da yazıçı Əkrəm Əylislinin 80 yaşı tamam olub. 2013-cü ilin əvvəllərində üzə çıxan “Daş yuxular” romanı ilə yaradıcılığının üstündən xətt çəkən, bunun nəticəsində ona dövlət tərəfindən verilən xalq yazıçısı adından məhrum edilən Ə.Əylisinin yubileyi də səssiz keçib.

Deputat Fazil Mustafa onun yubileyindən 9 gün sonra öz facebook səhifəsində Əylisli ilə bağlı status paylaşıb. Bunadək onun 80 illiyini kimsə xatırlamırdı desək, yanılmarıq.

Ə.Əylisinin özü də mətbuatdan qaçır. Son illərdə telefonu çağırsa da, ya cavab vermir, ya zəngi açdığı zaman mətbuat işçisi olduğunu bilib telefonu söndürür, ya da qısa bir-iki cümlə ilə suala cavab verir.

Günlər öncə modern.az-ın əməkdaşı Əkrəm Əylisli ilə əlaqə saxlamağa çalışıb. Xəstə olduğunu desə də, hansı xəstəlikdən əziyyət çəkməsi barədə suala fərqli tərzdə cavab verib.

“Bir müddətdir ki, xəstəyəm. Xəstəlik barədə danışsam, mətbuat məni xalq artisti Rasim Balayevin gününə qoyacaq. Bu formada gündəmə gəlmək istəmirəm. Ən yaxşısı, telefonları söndürməkdir”.

Doğrudur, əksəriyyət onun 80 yaşının unudulmasını doğru sayır, bunun keçirilməməsinin düzgün olduğunu düşünür. Amma bununla belə, ömrünün əsas hissəsini Azərbaycan ədəbiyyatına həsr edən, ədəbiyyatımızın inkişafında müəyyən xidmətləri olan bir şəxsin bu tərzdə silinməməsinin düzgün olmadığı haqda da fikirlər mövcuddur. Bu fikirlərə isə kifayət qədər sərt reaksiyalar da verilir.

Ə.Əylisinin özü ilə danışığa yenidən cəhd etsək də, zəngimizə cavab vermədi.

Xalq şairi Sabir Rüstəmxanlı Ə.Əylisinin tamam unudulması barədə bunları dedi: “Bizim tariximizdə onun əsəri tipli hadisələr nadir hallarda olub, amma onun kimisi olmayıb. Bu gün dünyada bizim millətə qarşı böyük bir haqsızlıq var. Belə olan halda öz yazıçımızın onsuz da şər-böhtanla üzləşdiyimiz məsələdə düşməni müdafiə etməsi, tarixdə olmayan bir şəkildə ona haqq qazandırması çox böyük qəzəb yaradıb. O əsər meydana çıxandan sonra Əkrəm Əylisli ilə danışmışam, rastlaşmışam, qəzəbli vaxtım da olub. İnanın ki, bir erməni yazıçısının əsərində millətimizə o qədər nifrət yoxdur. Ermənilərin dəyirmanına su tökmək çox ağır bir şeydir. Biz uşaq deyilik, iki qonşu xalqın əbədi düşmən olmayacağını bilirik, günlərin birində bu müharibə də qurtarmalıdır. Müəyyən dövrdə ermənilərlə bizi bağlayan bir sıra ümumi cəhətlər var idi, normal qonşuluğumuz mövcud idi. Tariximizdə yazıçılarımız azərbaycanlılarla ermənilərin münasibətləri barədə gözəl əsərlər yazıblar. Axundovun əsərlərindən üzü bəri - Nərimanov Nərimanov, Mirzə Cəlil və başqaları belə əsərlər yazıblar. Folklorumuzda belə əsərlər az deyil. Həmişə çalışıblar ki, bu xalqlar yaxın olsunlar. Çünki iç-içədir, eyni ərazidə yaşayırlar. Amma diqqət etmək lazımdır ki, o şəxslər hansı səviyyədə bunu yazıblar, necə yazıblar. Hər iki xalqdan heç birini alçaltmadan, hörmətsizlik etmədən bunu yazıblar. Amma Əkrəm Əylisinin bu romanı tamam fərqlidir. Onun niyyəti bəlli idi, bir daha onun üstünə qayıtmaq da lazım deyil. Onu sevənlər var, yığışıb onun yubileyini qeyd edə bilərdilər. Onun təklənməsinin, ona olan münasibətin övladlarına yansımasının tərəfdarı deyiləm. O, bizim köhnə dostumuz, yoldaşımızdır”.

S.Rüstəmxanlı yazıçının yubileyinin keçirilməməsinə də toxundu: “Dövlət səviyyəsində onun yubileyi keçirilə bilməzdi. Çünki bu şəxsin əsəri dövlətin apardığı siyasətə ziddir. Bu əsər bizim varlığımızı, milliliyimizi, tariximizi qorumağa ziddir. Əgər indiki hakimiyyətə qarşı müxalif mövqedən çox kəskin bir roman yazıb, bu əsərə görə tənqidlərə, təqiblərə məruz qalsaydı, orada Əkrəmi can-başla sona qədər müdafiə edərdim, bütün xalqımı onu müdafiə etməyə çağırardım. Amma onu müdafiə etmək çox çətindir. Lakin istənilən halda o, 80 yaşını tamamlayıb, ömrünün böyük hissəsini ləyaqətlə yaşayıb. Əsərindən sonra, hər halda, o özü də vicdan əzabı çəkir. Yaşayıb, əsərlər yazıb, ədəbiyyatımızın dünyada tanınmasında da müəyyən xidmətləri olub. Bunları inkar etmək olmaz. Onun həyatının böyük parçası bizə doğmadır, əzizdir, çoxsaylı dəyərli əsərləri mövcuddur. Yaradıcılığının bu mərhələsinə hörmətimiz var. Özünə uzun ömrü, cansağlığı arzulayıram. Uzun yaşasın ki, bəlkə səhvinin əvəzinə daha gözəl əsər ortaya qoya bildi”.






Fikirlər