Mətbuat Şurasının tədbirində gərgin müzakirələr - FOTOLAR

 

07Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, media ictimai məsələlərə həmişə həssas yanaşıb: “Amma bu həssaslıq özünü həmişə doğrultmayıb. Elektron saytların IP, imic xatirinə yoxlanmamış məlumatları yayırlar. Diqqət çəkən budur ki, xəbəri birinci vermək uğrunda rəqabət gedir. Bəzi media qurumları bilərəkdən çaşqınlıq yaradan məlumatlar yayılır.

Digər problem də budur ki, dövlət qurumlarının mətbuat xidmətləri medianı lazımi məlumatlarla təmin etmir. Bəzən görürsən media bir hadisə barədə yazır, dövlət qurumu 1 həftə sonra təkzib yayır.

MTN kimi bir qurumla bağlı proseslər hansı ölkədə olsaydı, belə diqqət çəkərdi. Digər nazirliklərdə baş verən məsələlərlə bağlı media öz işini yüksək səviyyədə həyata keçirdi. Amma bəzi media qurumları bu prosesdə də çaşqınlıq yaratmağa çalışdı. Başlıqlarda görə bilərsiz ki, yazılır “filankəs hələ də filan yerdə işləyir”, “filankəs filankəsin qohumudur”. Bu cür hallarla bağlı Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub.

Bundan başqa az nüfuzlu saytlar belə məsələlərdə önə çıxaraq bu vəziyyətdən istifadə edib tanınmağa çalışırlar. Onların yazdıqları ictimaiyyətə ciddi təsir etməsə də, nüfuzlu saytlar həmin saytların materiallarını yoxlamadan yayırlar”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək bildirib ki, bu günə kimi media bir çox dövlət qurumlarına ictimai nəzarəti həyata keçirib: “Media bircə MTN-ə ictimai nəzarət edə bilmirdi, onun da nəticəsi ortadadır. Əgər ölkədə ictimai şəxs barədə həbs-qətimkan tədbiri seçilibsə, mətbuat xidməti bunu rəsmi açıqlamalıdır. Xəbər varsa, yazılmalıdır. Dövlət sirri olan məlumatın mediaya necə çıxması dövlətin araşdırmalı olduğu məsələdir. Bu tip məlumatlar xırda saytlara ötürülür, nüfuzlu media qurumları isə onu olduğu kimi götürüb verirlər. Sonra da deyirlər ki, istinad etmişəm, məsuliyyəti mənim deyil. Belə olmalı deyil, bir redaktor başqa saytdan məlumat götürüb verirsə, onun məsuliyyətini bölüşməlidir”.

MŞ-nin Monitorinq Komitəsinin sədri Müşfiq Ələsgərli bildirib ki, neqativ yöndə yayılan məlumatların mediaya heç bir aidiyyatı yoxdur, sadəcə fantaziyaya əsaslanırlar: “Amma informasiya kimi yayımlandığı üçün biz ona media kimi yanaşmalı oluruq. Son vaxt fantaziyaçılar özlərinə haqq qazandırmaq üçün deyirlər ki, biz 3 ay bundan bu nazirin işdən çıxarılacağını yazmışdıq. Araşdırma aparılanda ortaya çıxır ki, həmin sayt bütün nazirlərin işdən çıxarılacağını yazıb. Bu vaxta qədər onlar haqqında hüquqi ölçü götürülsəydi, bu gün bu vəziyyət yaranmazdı. Bundan başqa bir adam bir neçə media qurumu yaradır, eyni xəbəri bir neçə saytda yayımlayır. Sonra müəyyən miqdar pul qarşılığında həmin xəbəri saytdan silirlər.

90-cı illərin sonunda müxalifət aksiyalarında yüzlərlə adama jurnalist vəsiqəsi paylanılırdı. Həmin şəxslər polislərə daş atdığı üçün saxlanılanda beynəlxalq təşkilatlar neqativ hesabatlar yayırdı. Bu gün bu işi başqa müstəvidə aparırlar. Hesabatlarda “vətəndaş jurnalistikasının fəalları saxlanılıb” kimi məlumatlar yayırlar. Indi görün biz bugün yalan yayan şəxslər barədə ölçü götürsək, onlar nələf yazacaqlar.

Internet medianın tənzimlənməsi üçün xüsusi mexanizmlər hazırlanmalıdır. Qanunu pozan saytlar, hətta sosial şəbəkələrdə olan hesabları blok olunmalıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək deyib ki, Mətbuat Şurası bu hallarla bağlı bir neçə saytın adını çəkməlidir: “Kimsə Ziya Məmmədovu həbs edir, digəri vergilər nazirini işdən çıxarır, bir sayt da yazır ki, qadınlara Məhəmməd adı qoyulub. Bu cür dezo yayan saytların adları açıqlanmalıdır və onlara qarşı ölçü götürülməlidir. Mətbuat Şurasının rekert qəzetlərə qarşı mübarizəsində bir neçə qəzetlərin adı açıqlanır. Biz həmin qəzetlərin məmurlar haqda yaydığı məlumatlara heyrət edirik ki, bunları necə əldə edirlər. Reketkçiliklə məşğul olan media qurumlarına qarşı hüquqi addım atılmalıdır ki, bu gün sosial şəbəkələrdə kimlərinsə fantaziyasından irəli gələn məsələləri müzakirə etməyək”.

KİVDF sədri Vüqar Səfərli isə bildirib ki, hamı bilir ki, o saytlar kimlərdi: “Biz bu gün ciddi məsələnin həlli ilə bağlı yığışmışıq, amma bəziləri buna qeyri-ciddi yanaşır. Hamı bilir ki, o saytlar kimlərdi. Hamı danışır, heç kim ad çəkib özünü pis etmək istəmir. Əli müəllimin açıqlamasında qeyd olunduğu kimi bu işi Mətbuat Şurası tənzimləməlidir. Monitorinq keçirməlidir, nəticələr açıqlanmalıdır və onlara qarşı ciddi tədbirlər görülməlidir. Mənə rabitə sahəsində işləyən vəzifəli şəxşlər zəng edib deyirlər ki, onlar şantaja məruz qalırlar. Hələ həbs edilməyən vəzifəlilərə saytlardan zəng edib deyiblər ki, sənin haqda MTN olayları ilə bağlı ciddi materiallar var. Biz görüşüb bu məsələni həll etməliyik. O adam görüşmədiyi üçün səhəri gün saytda onun şəkillərini MTN-də tutulanlarla yanaşı verib yazırlar ki, bu adamlar hələ də həbs edilməyib. Hamınız əzbər bilirsiniz ki, onlar kimdir və arxalarında kim dayanır. Əzbər bilirsiniz ki, kimlərə arxalanıb bunu edirdilər və hələ də davam etdirirlər”.

Strateq.az saytının rəhbəri Elxan Şükürlü çıxış edərək deyib ki, rekert saytları Mətbuat Şurası özü yaradıb: “Sizin keçirdiyiniz layihələr də korrupsiyalaşıb. Vüsalə xanım, o gün sizin saytdan MTN nazirinin müavini Hilal Əsədovun həbs xəbərini götürüb istinadla verdik. Sonra bəlli oldu ki, yalandır. Biz niyə yalan məlumat yaymalıyıq? Biz bir icra başçısının əməllərindən yazan kimi Mətbuat Şurasından zəng edib çıxartdırırsız. Rekert jurnalistləri siz himayə edirsiz”.

Vüsalə Mahirqızı cavab verərək deyib ki, həmin xəbər texniki səhv ucbatından saytda yayımlanıb: “APA-nın sizi saytınız qarşısında məsuliyyəti yoxdur. APA yalan xəbər yayan sayt kimi misal çəkiləcək axırıncı saytdır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək deyib ki, rekert media qurumlarının aşkarlanamsında internet saytlara güzəşt edilib: “Biz dedik ki, həmin saytlar qara siyahıya düşsə, onların ev alması mümkün olmayacaq. Biz ürəyiyumşaqlıq etdik. Amma bundan sonra Mətbuat Şurası monitorinq edib nəticəyə uyğun olaraq tədbir görməlidir. Bu gün tədbirdə iştirak edənlər də şuranın imeylinə rekert hesab etdiyi saytların adlarını yazıb göndərsin. Hamı danışır, indi görək sizin bu işdə iştirakınız necə olacaq”.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı deyib ki, bu halların yaşanması sifarişli yazıların nəticəsidir: “Biz bu gün ad çəkməyə qorxuruq, bəs media işindən ciddi anlayışı olmayan məmur neynəsin? Məmur da qorxusundan evini, maşınını satıb reket jurnalistlərə verir. Konkret ad çəkilməlidir, Mətbuat Şurası siyahını versin, mən açıqlayım”.

Teleqraf qəzetinin redaktoru Taleh Şahsuvarlı deyib ki, internet saytların fəaliyyəti ilə bağlı Mətbuat Şurasına lisenziya vermək səlahiyyəti verilməlidir.

“Azərfaks”ın rəhbəri Nicat Dağlar təklif edib ki, bu görüşlər tək media qurumları ilə deyil, mətbuat xidmətləri rəhbərləri ilə də keçirilsin.

Əflatun Amaşov deyib ki, növbəti görüşə dövlət qurumlarının mətbuat katibləri də dəvət ediləcək: “Hər kəs də o tədbirlərə onlara öz sözünü deyə biləcək”.

5502030405060708

 






Fikirlər