“Azəryolservis” ASC: “Avtovağzal ərazisi təhlükədədir” yazmaq düzgün deyil”

  “Avtovağzal ərazisi təhlükədədir” yazmaq düzgün deyil”

Bir neçə gündür Beynəlxalq Avtovağzal Kompleksinin çökmə baş verən hissəsində vəziyyətin necə və nə cür olması ilə bağlı təzadlı fikirlər səsləndirilir. Əhali və sürücülər isə “Allaha pənah” deyib yola çıxırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev iddia edir ki, ərazidə təhlükə var. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti isə “Hər şey tam nəzarətdədir” fikrini irəli sürərək, baş geoloqun iddiasını təkzib edir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına növbəti açıqlamasında deyib ki, avtovağzalın çökmə baş verən hissəsində istinad divarları və yamacın bərkidilməsinin yekunlaşmasını gözləyirlər:

“İşlər yekunlaşdıqdan sonra “Azəryolservis”in balansında olan çat verən əsas yolda təmir işlərinə başlanılacaq”.

Anar Nəcəfli baş geoloq Ələmdar Piriyevin “Ərazidə təhlükə davam edir, texnogen proses aktivləşib. İstinad divarları sökülüb, yenidən tikilməlidir” iddiasına isə belə cavab verib: “Ekologiya Nazirliyinin mütəxəssisi “təhlükə var” deyib. Mən də deyirəm ki, ərazidə mütəxəssislər işləyir. Hazırda ərazi tam nəzarətdədir. Orada Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumların mütəxəssisləri çalışır. Media qurumları yazır ki, “ərazi təhlükədədir”. Bu cür informasiyaları yazmaq düzgün deyil. Çünki orda çalışan mütəxəssislər ərazidə təhlükə olmadığını deyir.

Mütəxəssislərin verəcəyi rəydən asılı olaraq istinad divarları sökülüb yenidən tikilə bilər. Biz bu barədə nə isə deyə bilmərik, biz, sadəcə, icraçıyıq”.

Qurum rəsmisi hazırda çatların genişləndiyi əsas yolda avtomobillərin hərəkət etməsi üçün təhlükə olmadığını bildirib:

“Ərazidə bərkitmə işləri aparılmasaydı, deyilən kimi təhlükə olardı. Biz profilaktik tədbirlər görmüşük. Çatların üzəri müvəqqəti qırla örtülmüşük. İndi qır tökülən yerin də çatlaması normaldır, çünki bu, profilaktik tədbirdir. “Azəryolservis” hər hansı bərkitmə işləri görməyib. Bir daha deyirəm ki, yamacda və istinad divarında aparılan işlərin yekunlaşmasını gözləyirik”.

 






Fikirlər