ADY-nin COP HAZIRLIĞI SƏRNİŞİNLƏRİN NARAZILIĞINA SƏBƏB OLDU – Qatarlardakı sıxlığın səbəbi nədir? + VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə yola düşən elektrik qatarlarının sayını azaltması vaqonlarda sərnişin sıxlığına səbəb olub.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Paylaşılan kadrlarda saat 09:15-də Sumqayıtdan Bakıya yola düşən qatarda sərnişin sıxlığının yarandığı, insanların qatara minib-düşməkdə çətinlik çəkdiklərini görmək mümkündür. 

Qeyd edək ki, yaranan sıxlığın başlıca səbəbi Sumqayıtdan saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının müvafiq reyslərinin ləğv edilməsi olub. Xatırladaq ki, sözügedən reyslə yanaşı, Bakıdan saat 09:30 və saat 10:00-da yola düşən reyslər də ləğv edilib. 

ADY-nin paylaşdığı məlumata əsasən, sözügedən qərar COP-29 tədbirlərinə hazırlıq çərçivəsində qəbul olunub və 30 oktyabr – 7 noyabr tarixlərinədək davam edəcək.

 

 

 

Yaranmış problemlə bağlı qurumun sözçüsü Sənubər Nəzərova “AzPolitika”-ya açıqlamasında bildirib ki, qatarlardakı sıxlığın əsas səbəbi son vaxtlar artan təlabatla əlaqədardır:“Sıxlıq ona görə yaranır ki, insanlar ictimai nəqliyyatla mənzil başına rahat və təhlükəsiz çatmaq üçün elektrik qatarlarından istifadəyə daha çox üstünlük verməyə başlayıblar. Bəzən profilaktik tədbirlər üçün texniki fasilələr götürük. Texniki fasilə odur ki, infrastrukturda işarə vermə qurğuları, kontak şəbəklər və s. bütün uyğunsuzluqlara baxılır. Eyni vaxtda sərnişindaşıma və təmir aparmaq qeyri-mümkün olduğundan müəyyən saat aralığında texniki fasilələr götürülür. Bu zaman pik saatlara toxunmuruq. Hərəkət cədvəlindəki son müvəqqəti dəyişiklik isə COP-29 beynəlxalq tədbirinə hazırlıq məqsədi daşıyır”.

Onu da qeyd edək ki, “ADY” tərəfindən verilən digər bir məlumata görə, bu ilin yanvar-oktyabr aylarında elektrik qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur. Belə ki, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

Bəs maraqlıdır, qurum tələbatın artması səbəbindən gələcəkdə sözügedən marşurut xətti üzrə reyslərin sayını artırmağı düşünürmü?

S. Nəzərova bu suala cavabında bildirib ki, “Stadler” şirkəti ilə olan razılaşmaya əsasən, 2023-2024-cü ildə ümumilikdə 10 qatarın Azərbaycana çatdırılması nəzərdə tutulub.

“Artq onun 6-dan çoxu çatdırılıb. Digərləri də ilin sonuna qədər çatdırılacaq. Bu o deməkdir ki, növbəti ildən yeni qatarlarla daha çox sərnişin tələbatını qarşılamaq mümkün oalcaq”, - deyə qurumun sözçüsü bildirib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları ilə ümumlikdə 7 milyon sərnişin daşınıb.






Fikirlər