Azərbaycanda TƏŞVİŞ: «DONUZ QRİPİ» YAYILIR?!

Əhali arasında təhlükəli virusa yoluxanların olması barədə xəbərlər dolaşır; Səhiyyə Nazirliyindən Liya Bayramova: «Allaha şükür, bu günə kimi «donuz qripi» aşkarlanmayıb»

Qush-qripi-1-300x218Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın ölümündən əvvəl qripə yoluxduğu barədə məlumat diqqətləri yenidən ölkədə “donuz qripi” xəstəliyinə çəkib. Ancaq Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva mətbuata açıqlamasında bildirib ki, hamilədən götürülmüş analizlər təhlil olunub: “Onun “donuz qripi” virusuna yoluxmadığı sübut olunub”. L.Rzaquliyeva qeyd edib ki, anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar: “Ana doğuş zamanı ölməyib. Yəni bu problem hamiləlik və doğuşla bağlı olmayıb. Onda ağır ağciyər xəstəliyi müşahidə edilib və Ağciyər Xəstəlikləri İnstitutunda baxılıb. Həkimlər neçə gündür əllərindən gələni edib ki, ana sağ qalsın. İndi onun analizləri göndərilib və hansı ağciyər xəstəliyi olduğu aşkarlanacaq. Məlumat olan kimi ictimaiyyətə informasiya veriləcək. Amma ana “donuz qripi”nə yoluxmayıb”.
Komissiya sədri bildirib ki, bu xəstəlik anada əvvəlcədən olmayıb: “Xəstəlik əvvəlcədən olmayıb. Məgər hamilə qrip, sətəlcəm ola bilməz? Hamiləliyi də tez bitiriblər ki, uşağa nəsə olmasın. Uşaq da sağdır, vəziyyəti yaxşıdır”. Qeyd edək ki, Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar. Əməliyyatdan sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra vəfat edib.
Bəs ölkədə “donuz qripi”nin olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirirmi? Qripə yoluxan və həyatını itirən insanlar varmı? Xəstəliklə bağlı hansı profilaktik tədbirlər görülür?
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova bizimyol.info-ya açıqlmasında bildirdi ki, ölkədə “donuz qripi”nə yoluxma halı baş verməyib: “Siz necə inanırsınız? Kiminsə yaxın qohumu bu virusa yoluxsa, hansısa səbəbdən susar? Bunu necə gizlətmək olar? Allaha şükür, bu günə kimi “donuz qripi” aşkarlanmayıb. Şübhə ilə nəzarətə götürülənlər var. Taun Əleyhinə Mərkəzin laboratoriyasında şübhəli şəxslərdən götürülən qan analizləri yoxlanılır. Ancaq hələ ki yoluxma halı baş verməyib”.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva apa-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda “donuz qripi” təhlükəsinə qarşı peyvəndləmə aparılmır. Ümumiyyətlə, bu işin aparılması nəzərdə tutulmayıb, çünki buna ehtiyac yoxdur: “”Donuz qripi” təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir. Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır”. Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.
“Ölkədə epidemik” qrip aşkar olunmayıb. Bunu Səhiyyə Nazirliyi sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib. O, ölkədə “donuz qripi” – A (H1N1) virusuna qarşı profilaktik nəzarət tədbirlərinin davam etdiyini bildirib: “Xəstəxanalarda həkimlər də ciddi nəzarət edir və şübhəli xəstələr dərhal müayinə edilir. Xəstələr arasında “adena”, B tipli bəzi qrip virusları aşkar olunur, ancaq “donuz qripi” təhlükəsi yoxdur”.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova ümumilikdə 428 nəfər şübhəli xəstədən yaxma nümunələr götürüldüyünü, amma laborator tədqiqatların A(H1N1) virusu aşkar etmədiyini vurğulayıb. Müayinələr zamanı “adena”, mövsümi qrip virusları üstünlük təşkil edib.
Həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, “donuz qripi”nin əhali arasında yayılması ilə bağlı söz-söhbət var: “Yəni bunlar əsassız da deyil. Səhiyyə Nazirliyi rəsmən buna aydınlıq gətirməlidir. Məsələ ondan gedir ki, “donuz qripi” əgər qonşu ölkələrdə varsa, Azərbaycanada da onun olması kifayət qədər yüksək ehtimaldır. Trans-sərhəd zonalarda profilaktik tədbirlər görmək, əhalini maarifləndirmək əvəzinə belə bir yalançı statistika ilə məşğul olmaq lazım deyil. Hesab edirəm ki, bu cür epizodlar varsa, əhaliyə bu haqda məlumat verilməlidir. Rəsmən etiraf olunmalıdır, ciddi tədbirlər görülməlidir. Məsələ bundan ibarətdir. Çünki bu həm də milli təhlükəsizlik məsələsidir”.
A.Qeybulla deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu işlərə nəzarət edir: “Lazım olan ölkələrə də texniki yardım göstərir. Başqa digər məsləhət yardımı da göstərir. Bundan da maksimum yararlanmaq lazımdır”.

Qonşu ölkələrdə “donuz qripi”…

Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb. Bu barədə Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirova bildirib. “Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb”, – deyə L.Tahirova qeyd edib.

Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə “donuz qripi” diaqnozu ötən ilin noyabrında qoyulub.
İlin əvvəlindən Türkiyədə “donuz qripi” virusundan 57 nəfər ölüb. Bu barədə ölkənin səhiyyə Nazirliyi xəbər verib. İndiyədək “donuz qripi” Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib. Bu dövrdə Türkiyə xəstəxanalarına “donuz qripi” şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib. 2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.
Rusiyada isə “donuz qripi”ndən ölənlərin sayı 100 nəfəri keçib. Federasiyanın səhiyyə naziri Veronika Skvortsova bu rəqəmin 2009-cu ildəki epidemiya vaxtı qeydə alınan göstəricidən xeyli aşağı olduğunu deyib. Xanım V.Skvortsova bildirib ki, ötən gün ölkədə bu virusdan ölənlərin sayı 107 nəfərə çatıb. Onlardan 4-ü hamilə qadın, 8-i isə uşaq olub.

Son məlumatlara görə, Gürcüstanda 290 qrip virusu faktı üzrə aparılmış laborator müayinələrdən sonra məlum olub ki, onlardan 280 fakt H1N1 virusu (“donuz qripi”), 10 fakt isə H3N2 virusudur. 2016-cı ilin əvvəlindən “donuz qripi” virusundan 10 nəfər, H3N2 virusundan isə bir nəfər dünyasının dəyişib. Ümumiyyətlə ilin əvvəlindən başlayaraq qrip virusunun müxtəlif növlərinə yoluxma faktı 248-dən 398-ə qədər artıb. Bununla əlaqədar Gürcüstanda tibb personalı gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edək ki, “Donuz qripi” – insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə yoluxub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.






Fikirlər