“O deputatdır, NƏ DEYƏ bilərik?"
Beyləqan sakini Ruhid Əliyev keçmiş deputat Ayaz Orucovdan şikayətçidir. O bununla bağlı “Qafqazinfo”ya müraciət edib. Şikayətçi qeyd edib ki, Beyləqanda atası Məhəmməd Əliyevin adına şəhərin mərkəzində 20 sot torpaq sahəsi var: “Bütün sənədlər atamın adınadır. 2014- cü ilin sonlarına yaxın o zaman deputat olan Ayaz Orucov şəhərdə yerləşən obyektimi qeyri-qanuni şəkildə öz villasının həyətinə salıb. Hazırda villanın həyəti mənim torpağımla bərabər 50 sotdur. Həmin villa tikilən zaman Bakıdaydım. Artıq hasarı çəkdirmişdi. Rayon İcra Hakimiyyətinə müraciət etdik. Dedilər ki, o deputatdır. Biz ona nə deyə bilərik ki? İndi deputat olmasa da, hara şikayət edirəmsə, yenə də məsələyə baxan yoxdur. Eks-deputat Ayaz Orucov da sözügedən məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, şikayətçi məhkəməyə müraciət edə bilər: “Azərbaycanda məhkəmə orqanları var. Həmin orqan da kimin haqlı haqsız olduğuna dair də qərar qəbul edə bilər”.