POLİS POLKOVNİKİ HAMİLƏ QADINI SÖYÜB, ƏRİNİ DÖYÜB? – VİDEO
Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb. “AzerTaym.az” Baku.ws-a istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb. Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib. Xəbərdə bildirilir ki, buna baxmayaraq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafisəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub. R.Babayev barəsində yazılanlarla bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, hamilə qadını söyüb onun həyat yoldaşını vurması barədə yazılanlar yalandır: “Orada heç bir insident olmayıb. Bir neçə gün əvvəl həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı quraşdırılıb. Orada yaşayanlar isə bundan narahat olublar. Çünki əvvəllər 2-3 cərcədə maşın saxlayıb yola kəsirdilər. Mən də oradan keçəndə gördüm ki, inspektor sürücüdən maşını götürməyi tələb edir, lakin sürücü ona müqavimət göstərir, göstərişə əməl etmir. Özüm yaxınlaşdım ki, nə baş verdiyini aydınlaşdıram. Maşından qadın düşüb dedi ki, hamiləyəm, dedim, zəhmət olmasa siz maşına əyləşin, sürücü ilə yol polisi öz aralarında məsələni yoluna qoyacaqlar. Sonra sürücü səs-küy salmağa başladı. Lakin inspektor öz işini gördü. Orada kimisə vurmamışam, təhqir etməmişəm. Yazılanların hamısı yalandır”. Rəşadət Babayev bildirib ki, bu xəbəri yayanları məhkəməyə verəcək. Çünki o görüntülərdə kiminsə təhqir edilməsi və ya döyülməsi əksini tapmır: “Sadəcə olaraq, orada yaşayan sakinlər özləri ssenari hazırlayıb yol polisinə ləkə yaxmağa çalışırlar. Çünki yol polisinin həmin əraziyə qoyduğu nişan onları narahat edib”. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da Avtosfer.az-a bildirdi ki, bu cür yalan məlumatlar yayanların hamısı məhkəməyə veriləcək:“Yazılanlarla görüntülər arasında heç bir əlaqə yoxdur. Orada kimsə döyülməyib, kimsə təhqir edilməyib. Bakının Tbilisi prospkekti, “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan ərazi şəhərə giriş-çıxış rolunu oynayır. Bu baxımdan yol polisləri həmin ərazilərdə dayanma-durma qaydalarını pozan sürücülərə qarşı sərt mübarizə aparır. Bu videonun yayılması da həmin polislərə qarşı qarayaxma kampaniyasıdır. Orada yarı rus, yarı Azərbaycan dilində danışan gənclər özləri belə bir xəbəri bəzəyib mətbuata ötürüblər. Mətbuat isə bunu araşdırmadan, dəqiqləşdirmən yayıb və yol polisinin nüfuzuna xələl gətirib. Yəqin ki, DYP olaraq həmin məlumatları yayanlar məşkəmə qarşısında cavab verməli olacaqlar”.