Elektromobillərin yaratdığı ekoloji problemlər necə həll olunacaq? – AÇIQLAMA
Son vaxtlar ölkəmizdə elektromobillərin istismarı ciddi şəkildə təşviq edilir. Hətta hökumət elektromobillər üçün gömrük vergi və rüsumlarına da cəlbedici güzəştlər tətbiq edib. Ekoloji cəhətdən üstün olduğu bildirilən elektromobillərin istismarında da ekologiya üçün ciddi fəsadlar ola bilər. Bu da həmin avtomobillərdə istifadə olunan akkumulyator batareyalarının istismardan sonrakı taleyi ilə bağlıdır. Çünki, hara gəldi atılan həmin batareyalılar çox ciddi ekoloji fəsadlar yaradır.
Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, akkumulyatorların utilizasiya məsələsi Nazirlər Kabineti yanında Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üzrə Yol Xəritəsində təsbit edilib.
Ekspert qeyd etdi ki, bu plana əsasən ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri və daha sonra onun istismarı müddətində istismara yararsız olan akkumulyator batareyalarının utilizasiya məsələsi gündəmdədir:
“Bununla bağlı konkret planlar var. Hökumətimiz bu məsələyə “Dövlət-biznes” layihəsi çərçivəsində özəl qurumları cəlb edəcək. Proses artıq başlayıb. Sumqayıt Kimya Sənayesi Parkında özəl müəssisələr akkumulyatorlar batareyalarının utilizasiyası ilə artıq məşğul olurlar. Hətta utilizasiyadan alınmış maddələrin xaricə ixracı da artıq həyata keçirilir. Düşünürəm ki, bu proses daha da genişləndiriləcək. 2023-cü ildə yəqin ki, bu sahədə daha çox işlərin görüldüyünün şahidi olacağıq”.