200 minlik avtomobil nömrələri: onları SATAN KİMLƏRDİR?
Ekspert: “Azərbaycanda ən bahalı nömrənin dövlət rüsumu 2500 manatdır, amma...” Bir neçə gündür ki, iş adamı Füzuli Fərəcovun az yaşlı oğlunun "99 BS 999" nömrə nişanlı “Porsche” markalı avtomobillə 2 uşaq anasını vuraraq öldürməsi ictimaiyyətdə geniş müzakirə olunur. Daha öncəki sayımızda hadisəni törədən 16 yaşlı Ağəli Fərəcovun yaşam tərzi barəsində məlumat vermişdik. İndi isə onun “avtoş”luq etdiyi avtomobilə diqqət edək. Belə ki, Ağəli Fərəcovun sürdüyü avtomobilin qiyməti 200 min manata yaxındır. Avtomobilin üzərindəki dövlət nömrə nişanının da qiyməti heç də ucuz deyil. Belə ki, avtomobil satıcılarının sözlərinə görə, bu kimi nömrələrin qiyməti 100 min manat və daha yüksəkdir... Bəs Azərbaycanda avtomobilə dövlət nömrə nişanının alınmasına görə ödənilməli olan məbləğlər qanunvericiliklə necə tənzimlənir? Azərbaycanda avtomobillərə nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 22 manat müəyyən edilib. Sonu cüt rəqəmli, eyni hərfli nömrələrin isə dövlət rüsumu 500-2500 manat arasında dəyişir. Lakin Azərbaycanda qeyd olunan məbləğdən dəfələrlə baha qiymətə satılan nömrələrə rast gəlmək mümkündür.
“Yeni Müsavat”a danışan ekspert Ərşad Hüseynov bildirib ki, rəqəmlərin və hərflərin kombinasiyasından asılı olaraq, qiymətlər dəyişir: “Lakin qiymətlər 2500 manatdan baha deyil. Qanuna görə, avtomobilsiz nömrənin heç bir əhəmiyyəti yoxdur və buna görə də heç kim avtomobilsiz nömrə sata bilməz. Bu, mümkün deyil. Lakin nömrə satanlar bu məsələdən də çıxış yolu tapırlar. Belə ki, iki nəfər bir-biri ilə razılaşır gedirlər Dövlət Yol Polisinin Qeydiyyat-imtahan şöbəsinə və burada iki tərəfli əməliyyat edirlər. Nəticədə nömrə bir maşından digərinə keçir. Yəni alan şəxs dövlətə deyil, öz aralarındakı razılığa uyğun olaraq satan şəxsə pul ödəyir. Bu məsələdə dövlət orqanı heç bir müdaxilə edə bilməz. Rəsmiləşdirmədə yalnız nömrənin bir şəxsdən digərinin adına keçməsinə görə dövlət rüsumu ödəyirlər. Bu isə maksimum 70 manat olur. Burada ”qanunsuzdur" ifadəsi yol hərəkəti qaydaları ilə deyil, vergi məsələsi baxımından keçərlidir. Belə ki, 50 minə, 70 minə nə isə satırsansa, bunun vergisini də ödəməlisən". Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı isə qeyd etdi ki, əslində bu gün məsələ ilə bağlı vəziyyət çox acınacaqlıdır:
“Bəzi saytlarda nömrələr açıq şəkildə, çox baha qiymətə satışa qoyulub. Yəni açıq bazardır. Nömrəyə istənilən qiyməti yazıb, satışa qoyurlar. Dövlət Yol Polisi bununla bağlı dəfələrlə açıqlama verib ki, həmin elanların hamısı formaldır və satışı təşkil edən saytın diqqət cəlb etmək üçün atdığı addımdır. Lakin bir reallıqdır ki, bu sahədə böyük biznes şəbəkəsi formalaşıb. İstənilən mülki şəxs baha qiymətə nömrə ala və sata bilir. Dövlət Yol Polisinin üzərinə qanunvericiliklə çox böyük vəzifələr qoyulub və illərdir ki, internet vasitəsi ilə nömrə satışı prosesi həyata keçirilir. Lakin bu gün qanunvericilikdə olmayan hal da ortaya çıxıb. Belə ki, adamlar avtomobili satırlar, ancaq deyirlər ki, nömrəni satmıram. Hansı ki, nömrə bu maşın üçün verilib. Dəfələrlə eşidirik kimsə deyir ki, ”yol polisində nömrəni bron etdirmişəm". Bu, qanunvericilikdə olmayan bir haldır. İndiki halda qanunvericiliyin tələbinə görə, nömrə yalnız avtomobilin alqı-satqısı zamanı, itirildikdə, yararsız hala düşdükdə dəyişdirilir. Qiymətlərə gəlincə isə bunu da insanlar özləri aralarında şişirdirlər. Bizim saytın əməkdaşı, rəsmi şəkildə müraciət edib, sonu “666" olan nömrəni 500 manata aldı. Bu gün kimsə iddia edə bilər ki, bu, mümkün deyil. Sadəcə, insanlar tənbəllik edib rəsmi müraciət etmirlər, asan yol axtarırlar”. E.Muradlı bildirib ki, bu bazarı DYP yox, insanların özləri yaradıblar: “Dünyanın əksər ölkələrində cüt nömrələr kommunal xidmət maşınlarına verilir. Misal üçün Gürcüstanda sonu cüt olan nömrələr zibil daşıyan maşınlara verilir. Bu yaxınlarda maraqlı araşdırma aparmışdılar və məlum oldu ki, Almaniyada bu cür nömrələri fahişələr alırlar ki, müştərinin yadında qalsın. Müşahidə aparıram ki, bu cür bahalı, cüt nömrə xəstəliyi, ancaq müsəlman ölkələrindədir. Baxırsan ki, Dubayda neçə milyona nömrə alıb, maşının üzərinə bağlayırlar. Avtomobilin komfortu yerindədirsə, hesab edirəm ki, nömrə önəm daşımır. Hətta son zamanlar Gürcüstana da bu məsələ ilə bağlı sirayət etmişik. Orada da yavaş-yavaş hiss olunur ki, nömrə alveri genişlənir. Bəllidir ki, orada nömrələrdə 3 hərf olur. Gedib Gürcüstandan bu cür nömrələr alıb, gəlib Azərbaycanda bir müddət sürdükdən sonra qaytarırlar. Belə görünür ki, bu cür çürük təfəkkür ən çox Azərbaycanda yayılıb. Hansı ölkəyə gediriksə, orada da bahalı nömrə axtarırıq”.
İnternetdə kiçik araşdırmamız zamanı öyrəndik ki, “99 LL 999", ”99 VV 999" kimi nömrələr 200 min manata satılır.
Ölkədə məmur övladlarından başqa müğənnilərin də əksəriyyəti öz avtomobillərinə bu cür bahalı, “zerkalnı” nömrələr alıblar...