DTX-nın həbs etdiyi keçmiş icra başçısı barədə qərar verildi

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov barəsində olan hökmdən və üzərinə həbs qoyulmuş əmlakı ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Alimpaşa Məmmədov cəza ilə bağlı kassasiya şikayətini geri götüməsi barədə məhkəməyə ərizə ilə müraciət edib.

Məhkəmə onun gələcəkdə yenidən kassasiya şikayəti vermək hüququnu saxlamaqla müraciəti təmin edib.

Alimpaşa Məmmədovun əmlakla bağlı şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 11 milyonluq əmlakı üzərinə həbs qoyulub.






Fikirlər