Məşhur general həbsdəki bəstəkara qarşı –Sensasion MÜRACİƏT...
Həbsdə olan bəstəkar Tural Bayraməliyev sensasion açıqlama ilə çıxış edib. Bəstəkar bildirir ki, onun həbsdən azad olmasına sayılı günlər qalıb. Lakin Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzov onun həbs müddətini uzatdırmağa çalışır. Bəstəkarın müraciətini olduğu kimi təqdim edirik: “Artıq sözlərin və arqumentlərin bitdiyi andır. Bir cinayət işində həm zərər çəkmiş şəxs, həm də təqsirləndirilən müttəhim necə dələduz ola bilər? Bu dünyada anoloqu olmayan haldır. Bakı Apellasiya Məhkəməsinin mülki kollegiyası Şədiyyə Salehlinin əməlinə fakt və sübutlarla dələduz olaraq qiymətləndirsə də, Bakı Apellasiya Məhkəməsinin cinayət kollegiyası üçün mənim əməlimdə heç bir sübut olmadan dələduz kimi qiymətləndirib. Nəzərinizə çatdırım ki Şədiyyə Salehlinin sürücüsü Ramin, iş ortağı Tehranə, Həsən və bibisi oğlu Abbas və beşinci şəxs olaraq mən - Tural Bayraməliyev polisə şikayət edib. Məhkəmə hakimiyyətinə səslənirəm, bir insanın dəfələrlə dələduzluğa məruz qalması üçün ya anlaqsız olmalıdır, ya da çox peşəkar bir cinayətkar. Hüquq mühafizə orqanlarının hərəkətə keçməsini xahiş edirəm. Sosial ədalət bərpa olunsun! Göründüyü kimi Bakı Apellasiya Məhkəməsinin qətnəmasi illərdir icra olunmur. Həqiqətdə dövlət məhkəməsinin Şədiyyə Salehlinin haqqında qərarı mənim bəraətimin hürriyyət pasportudur. Lakin məni bu haqq və hüququndan məhrum edənlər bilsinlər ki, qaranlıq məqamlara aydınlığın gəlməsi, ədalət günəşinin haqsızlıq zülmətinə doğması an məsələsidir. İctimaiyyətə çatdırmaq istəyirəm ki, gerçək dələduzun məhkəmə hökmü ilə sabit olduğu açıq-aydın ortadadır. Buna baxmayaraq məsuliyyətdən boyun qaçıran, aylıq müavinəti 700-800 manat, amma milyonlarla dollar dəyərində mülkiyyət varidatına sahib olan bu insanın belə sərvəti hansı yollarla əldə etdiyi məlum məsələdir. Qısa məlumat verim ki mənə verilən cəzanın bitməsinə az qala, müxtəlif oyunlarla yenidən bu səhnəyə aktyorlar hazırlayan sabit polkovnikin "krışası" Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzov məni məsuliyyətə cəlb etdirmək istəyir. Bu işin pərdə arxasındakı digər insanlara çatdırmaq istəyirəm ki, heç kim, heç bir vəzifəli şəxs dövlətdən daha güclü ola bilməz. Dövlətimizin himayəsi altında olduğum müddətcə, dövlətimiz sənət adamını, mədəniyyət xadimini qoruyacaq. Yerdəki qədər icra olunmasa belə, göydəki qədər gəldiyi zaman haqq öz yerini tapacaq, hər kəs öz layiqinə qovuşacaq”. T. Bayraməliyev açıqlamasının sonunda Prezident İlham Əliyevə müraciət edib: “Cənab prezidentə müraciət edərək bildirirəm ki, mən ölkəmi, dövlətimi və onun prezidentini sevən mədəniyyət xadimiyəm. İllərdir haqsız yerə həbs olunmuşam. Həbs müddətimin başa çatmasına az qalmış yenidən mənə qarşı oyunlar oynanılır. Prezidentə müraciət edərək məni bu şər qüvvələrindən qorunmağımı xahiş edirəm. Mənim hazırda olduğum cəzaçəkmə müəssisəsindən də heç bir narazılığım yoxdur, müəssisə rəhbərliyinin də məndən. Mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm”. Xatırladaq ki, Şədiyyə Salehlinin şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi Tural Bayraməliyevin 8 il müddətinə azadlıqdan məhrum edib. Ş. Salehli Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızıdır.(“Yeni Sabah”) Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.