FƏDAYƏ LAÇIN: “Mən həyatda çox talesiz QADIN OLMUŞAM”
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə son söz deyən Fədayə Laçın əməlindən peşman olduğunu bildirib: "Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl tutmamışam. Mən istəyirəm ki, hər kəs buna inansın ki, mən həqiqətən də bilmədən bu əməli törətmişəm. Mən həyatda çox talesiz bir qadın olmuşam. Bir qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub. Dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam etmişəm. Heç vaxt əlimdən tutanım, dəstəyim olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur. Xahiş edirəm nəzərə alasınız ki, mənim 9 nəfərlik ailəm var. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bu, bir ana kimi mənə böyük dağdır. Mən 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Bu son hadisə də onu göstərdi ki, həqiqətən də mən bəxtsiz və talesiz bir insanam". F.Laçın məhkəmədən bağışlanılmasını istəyib: "Məhkəmədən xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında "Yasin" oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil. Mən bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yarana. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə, bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm. Son olaraq sizdən məni əfv etməyinizi istəyirəm". Proses davam edir. Xatırladaq ki, prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb. Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.