"Fədayənin Qoca ilə görüşünə icazə vermədim" - RƏİS

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzerTaym.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin əməkdaşı Taleh Yusifov dindirilib.
O, keçmiş qaravul rəisi olduğunu deyib. T.Yusifov qeyd edib ki, heç kimdən pul almayıb: "Bizim işimiz təlimat əsasındadır. Təlimatdan kənar heç bir iş görməmişən. Sadəcə yola vermişəm. Hər adamın öz iş prinsipi var. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik”.
Prosesdə dindirilən Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin (MSY) rəisi Əlişir Fərəcov ifadəsində bildirib ki, Etibar Məmmədov (Qoca) MSY-da saxlanılan zaman Fədayə Laçın onunla görüşmək istəyib: "Razılıq vermədim. Bildirdim ki, bu, mümkün deyil. Lakin rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın olduğu üçün üstünü yoxlamadıq”.
Hakim Azad Məcidov bildirib ki, Fədayə Laçın MSY-da olan zaman üzərində keçirdiyi telefonla Etibar Məmmədovla şəkillərini çəkib. Hakimin suallarına cavab verən Əlişir Fərəcov bildirib ki, Etibar Məmmədov MYS-a gətiriləndə də, aparılanda da üstü yoxlanılıb: "Etibarın üzərində pul və ya hər hansı qanunsuz əşya yox idi".
Məhkəməyə sədrlik edən qeyd edib ki, E.Məmmədov Lənkəran və Astara MSY-lərdə olarkən özünün şəxsi telefonundan istifadə edərək başqa şəxslərlə danışması barədə cinayət işinin materialları arasında sübutlar var. İstintaq materiallarında var ki, Aqil Nəcəfovla Etibar Məmmədov arasında oktyabrın 21-də də 18 dəfə, 22-də 36 dəfə danışıq aparıb. Etibar Məmmədov həmin telefonla dəmir barmaqlıqların şəklini çəkərək Fədayəyə göndərib və belə bir açar lazım olduğunu deyib.
Polis rəisi Əlişir Fərəcov və qarovul rəisi Ceyhun Səmədov E.Məmmədovun telefondan necə istifadə etməsi barədə suala cavab verə bilmədiklərini deyiblər. Hakim qeyd edib ki, hökmdə Lənkəran Rayon Polis Şöbəsində həmin zaman baş verən proseslə bağlı ayrıca qərar çıxarıla bilər.
Proses sentyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb. Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.






Fikirlər