Dələduz hakimə 200 min manat atan dələduz prokuror yenidən hakim qarşısında - bu dəfə 270 min "atıb"
Sabiq prokuror Mirələkbər Seyidov növbəti dəfə hakim önünə çıxarılır. Musavat.com-un xəbərinə görə, Mirələkbər Seyidovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası mayın 19-na təyin edilib. Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Qismət Bəxtiyarova 270 min manat atdığı bildirilir. Sabiq prokuror zərərçəkmiş Qismət Bəxtiyarova qarşı dələduzluq əməli törətməkdə, onu aldadaraq külli miqdarda pulunu ələ keçirməkdə təqsirli bilinir. Qeyd edək ki, Mirələkbər Seyidov əvvəllər 2 dəfə dələduzluq əməlinə görə məsuliyyətə cəlb olunub. Onun aldadıb pul aldığı şəxslərdən biri əvvəllər Binəqədi Rayon Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdir. Belə ki, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə eyni rayon Məhkəməsinin hakimi Həsən Əliyevə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib. Onu rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün sabiq hakimdən 200 min dollar pul alıb. Hazırda həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə də təqsirləndirilir. Sonuncu məhkəmə prosesində dövlət ittihamçısı Mirələkbər Seyidovun irəli sürülən ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 8 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd olunan əməllərə görə Mirələkbər Seyidova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Mirələkbər Seyidov iş üzrə zərərçəkmiş Həsən Əliyevə dəymiş ziyanı ödəyib, tərəflər arasında barışıq əldə olunub. Xatırladaq ki, həm sabiq prokuror Mirələkbər Seyidov, həm də zərərçəkmiş sabiq hakim Həsən Əliyev əvvəllər ayrı-ayrı işlər üzrə dələduzluqda təqsirli bilinərək məhkum olunublar. Sabiq hakim Həsən Əliyev 2014-cü ildə cinayət məsuliyyətinə cəlb olunub. O, bundan sonra Prezidentin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. Sabiq hakim 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Mirələkbər Seyidov 2013-cü ilədək prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb, Ağdaş və Binəqədi rayonlarının prokuroru olub.
Zərərçəkmiş qismində Qismət Bəxtiyarov tanınıb.