“90 min də ver” - Sabiq hakimin məhkəməsində devalvasiya söhbəti
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili İradə Cavadova çıxış edərək təqsirləndirilən şəxslərə elan olunmuş ittihamı dəstəklədiyini bildirib.
Vəkil dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb və manatın devalvasiyası ilə əlaqədar əlavə olaraq 90 min manat tələb edib. Xüsusilə sabiq hakim barəsində xüsusi ciddi cəzanın təyin olunmasını məhkəmədən xahiş edib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Anar Mirikişiyev ittiham nitqi ilə çıxış edib. O, sabiq hakim Həsən Əliyevin 10, Elman Məmmədovla Taleh Süleymanovun hər birinə isə 9 il iş istəyib.
Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.
Məhkəmə prosesi martın 10-a kimi təxirə salınıb.