İntiqam Əliyev məhkəmə heyətinə etiraz etdi
Proses başlayan kimi hakim Rasim Sadıxov zərərçəkmiş Gülşən Orucovanın ifadə verəcəyini elan edib. Lakin İntiqam Əliyev etiraz edərək, vəsatətlə çıxış edib. O, ittiham aktının ona aydın olmadığını, nədə günahlandırıldığını bilmədiyini deyib. Hakim vəsatəti təmin edib və təkrar ittiham aktını oxumağa başlayıb. İntiqam Əliyev ittiham aktını oxuduğunu, ancaq nədə ittiham olunduğunu bilmədiyini deyib və izah istəyib. Hakim onun sualını “siz nədənsə zərərçəkənin ifadə verməsini istəmirsiz” deməklə cavablandırıb.
Bundan sonra İntiqam Əliyev məhkəmə heyətinə etiraz edib: “İndiyədək heç bir normal vəsatətimiz qəbul olunmayıb. Buna görə də mən məhkəmənin ədalətli keçiriləcəyinə inanmıram”. Bundan sonra məhkəmə heyəti fasiləyə çıxıb.
Virtualaz.org xatırladır ki, İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb.
Onu da qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.
Vəkil Cavad Cavadovun bildirdiyinə görə, məhkəmə İntiqam Əliyevin işinə prioritet qaydada baxır: "Avropa Məhkəməsi İntiqam Əliyevin Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) ilə bağlı şikayətinin kommunikasiyasına başlayıb və hökumətə 28 maya qədər öz qeydlərini təqdim etmək üçün vaxt verib. Şikayətə prioritet qaydada baxılır".
Vəkil, həmçinin xatırladıb ki, Avropa Məhkəməsi bundan əvvəl İntiqam Əliyevin Konvensiyanın 5-ci maddəsi ilə (azadlıq və toxunulmazlıq hüququ) bağlı şikayətinin də kommunikasiya mərhələsinə başlayıb və hökumətə martın 12-dək vaxt verilib.