İradə Cavadova “milyonluq qalmaqal”dan danışdı
“Həsən Əliyev özü barədə müsbət, Ramazan Səlimov barəsində isə cinayətkar obrazı yaratmağa çalışır. Mətbuatda onun adından yayılan açıqlamalar məhz buna hesablanıb”.
Bu sözləri “Azadlıq”a Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev tərəfindən aldadılan Ramazan Səlimovun vəkili Iradə Cavadova deyib.
Qeyd edək ki, Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir.
Iradə Cavadova bildirir ki, Həsən Əliyev bu hərəkətilə hakimlik institutuna ciddi xələl gətirib. Lakin buna baxmayaraq keçmiş hakim və onun havadarları məsələni ört-basdır etməyə çalışır. Vəkilin sözlərinə görə, keçmiş hakim “milyonluq qalmaqal”da məqsədli şəkildə başqa məmurları hədəfə gətirir. “O, bununla vəziyyətdən çıxmaq istəyir. Təsadüfi deyil ki, məhkəmə hazırlıq iclasında Həsən Əliyev bəraətdən danışırdı. Halbuki onun Ramazan Səlimovun etibarın sui-istifadə edərək onu icra başçısı təyin etdirməklə 600 min manat pulunu mənimsəyib. Ramazan Səlimov aldadıldığını başa düşüb hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra 300 min manat geri qaytarılıb. Yeri gəlmişkən, bunun 250 min manatı polis bölməsində deyil, kənarda qaytarılıb. 50 min manatı isə Ağır Cinayətlərə Dair Istintaq Idarəsində müstəntiqin iştirakı ilə qaytarılıb”.
Iradə Cavadova deyir ki, bundan sonra Ramazan Səlimovu aldadaraq pulun qalan hissəsinin də qaytarılacağı deyilib: “Bu yolla ondan Həsən Əliyevdən şikayətçi olmaması barədə ərizə alınıb. Amma sonra məlum olub ki, Həsən Əliyev yerdə qalan pulu vermək istəmir. Beləliklə, o, növbəti dəfə Ramazan Səlimovu aldadıb”.
Iradə Cavadova deyib ki, istintaq bu məsələyə birtərəfli yanaşıb. Vəkilin sözlərinə görə, məhkəmə də eyni yolu gedir: “Ona görə də biz hakim heyətinə etiraz etmişdik. Faktiki olaraq məhkəmə Həsən Əliyevin tərəfindədir. Müxtəlif yollarla Ramazan Səlimova basqılar edilir. Bir məqamı da qeyd edim ki, Ramazan Səlimova heç istintaq matreialları ilə tanış olmağa imkan verilməyib. Təsəvvür edin, o materiallarla hazırlıq iclasında tanış olub”.