“MƏNİ ALDADIB BU SƏNƏDƏ QOL ÇƏKDİRİBLƏR” - Keçmiş hakim məhkəmədə ifadə verib

“MƏNİ ALDADIB BU SƏNƏDƏ QOL ÇƏKDİRİBLƏR” - Keçmiş hakim məhkəmədə ifadə veribDələduzluqda ittiham olunan Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, sabiq hakim Həsən Əliyev məhkəmədə sərbəst ifadə verib.

H.Əliyev ifadəsində bildirib ki, o, ömür boyu vətəninə, millətinə, dövlətinə, prezidentinə sadiq olan bir insan olub. Lakin öz səhvi ucbatından müəyyən şəxslər onu tora salıblar. H.Əliyev məhkəmədə bildirib ki, istintaqa verdiyi bir ifadə var və bu gün də o ifadəsini təsdiq edir.
Hakimə zərərçəkmiş Ramazan Səlimov haqda sənədlər təqdim edən H.Əliyev bu hadisənin başına gəlməsinin səbəblərini belə izah etdi: “Ramazan Səlimovun dələduzluğu ilə bağlı ondan şikayətlər var idi. O, Tariyel və Qüdrət adlı şəxslərə qarşı dələduzluq etmişdi. Onu Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə apararkən orada deyib ki, guya məndə 300 min manat pulu var. Elə bütün məsələ də bundan başlayıb. Onun yalan ifadəsindən sonra bütün bu hadisələr baş verdi. Bir qəpik almadığım halda 300 min manat artaraq 600 min manat oldu.”

Keçmiş hakim H.Əliyev deyib ki, almadığı 300 min manata görə sənədə qol çəkib: “Mənim Ramazan Səlimovdan 300 min manat aldığım deyilir. Məni aldadıb bu sənədə qol çəkdirdilər. İnsanlara inanmağım və mərhəmətimin ucbatından bu işlər başıma gəldi”.
H.Əliyevin ifadəsindən sonra məhkəmə prosesi dekabrın 5-nə təxirə salınıb.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyərkən Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.
R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

“MƏNİ ALDADIB BU SƏNƏDƏ QOL ÇƏKDİRİBLƏR” - Keçmiş hakim məhkəmədə ifadə verib
Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb.
Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib. 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib. Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.






Fikirlər