“Azərbaycanda təhsil elə bir hala salınıb ki...” – 14 min tələbə niyə KƏNARLAŞDIRILDI?
“Bu problemlərin həlli üçün təhsil pulsuz olmalıdır, xüsusən də dövlət universitetlərində”. Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Bayramlı deyib. Mütəxəssis keçən il 14.000 tələbə universitetdən kənarlaşdırılması məsələsindən danışaraq sözügedən problemin səbəblərini açıqlayıb: “Uzun illərdir ki, vəziyyət belədir. Hər il minlərlə tələbə ali təhsilini dayandırır. Müxtəlif səbəblərdən gənclər təhsilini yarıda qoyur. Bu, daha çox təhsil haqqını ödəyə bilməməkdən, məcburən özünü və ailəsini dolandırmaq üçün işləməkdən ötrü baş verir. Ölkədə elə bir təhsil sistemi qurulub ki, adi insanların təhsil alması mümkün deyil. Ölkədə təhsil mərkəzlərinin 75%-i pulludur, bu da əhalinin imkanı xaricindədir. Çünki, təhsil haqları adi insanlar üçün əlçatan məbləğlər deyil. Halbuki normal ölkələrdə təhsilə hər cür dəstək verilir, əksər təhsil ocaqları pulsuzdur, əlavə təqaüdlər də verilir. Bizdə isə tərsinədir. Hazırda Azərbaycanda yalnız imkanlı ailələrin uşaqlarının təhsil almaq imkanı var. Bundan əlavə, bizdəki təhsil müəssisələrinin 90%-dən çoxu Bakıda yerləşir. Bakı da dünyanın ən bahalı şəhərlərindən biridir və burada uşaq oxutmaq mümkünsüzdür. Ölkədə ortalama əməkhaqqı 500-600 manatdır, bu isə 1 uşağın Bakıda saxlanma xərcini belə ödəmir”. E. Bayramlı qeyd edib ki, bu problemlərin nəticəsində ölkədə savadlı gənclik yetişmir: “Bu halların nəticəsi də odur ki, istedadlı uşaqlar təhsil ala bilmir, istedadsız uşaqlar isə birtəhər yola verərək diplom alır. Bu da gələcəkdə zəif kadr bazasının formalaşmasına səbəb olacaq. Dünyada isə tərsinədir. Kimin istedadı varsa, dövlət onun təhsilinə dəstək göstərir, müxtəlif xeyriyyə təşkilatları yardım edir və s. Azərbaycanda belə bir sistem olmadığına görə təhsil biznes strukturuna çevrilib. Biz yeganə ölkəyik ki, təhsilə biznes kimi baxırıq. Həm dövlət, həm özəl universitetlərdə əsas məqsəd pul qazanmaqdır. İstedadlı uşaqları seçmək, dəstək olmaq, yaxşı kadr yetişdirmək kimi qarşımızda məqsəd yoxdur”. Ekspert vurğulayıb ki, Azərbaycanda təhsilin səviyyəsini artırmaq və savadlı kadrlar yetişdirmək üçün təhsil pulsuz olmalıdır: “Bu problemlərin həlli üçün təhsil pulsuz olmalıdır, xüsusən də dövlət universitetlərində. Dövlət təhsilə biznes kimi baxmamalıdır. Özəllərdə pulla ola bilər, amma dövlətə bağlı təhsil ocaqları pulla olduqda, adi valideynlər uşaqlarını oxuda bilmirlər. Ona görə də bir çox valideynlər uşaqlarını xaricdə oxutmağa məcbur qalırlar. O xarici ölkələrdə isə təhsil həm bizdən ucuz, bəziləri isə hətta pulsuzdur. Təsəvvür edin, elə vəziyyət yaranıb ki, uşağın xaricdə oxuması Azərbaycanda oxumasından daha ucuz başa gəlir. Dünyada ikinci belə bir ölkə yoxdur ki, ölkənin özündə təhsil almaq xaricdə təhsil almaqdan baha başa gəlir”. Müsahibimiz hazırkı dövrdə uşaqların peşə təhsili almasının daha yaxşı variant olduğunu bildirib: “Mən məsləhət görərdim ki, ailələr uşaqlarını peşə təhsilinə yönəltsinlər. Dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclərin 6%-i ali təhsil alır, yerdə qalanlar isə peşə təhsilinə yönəlir. Peşə öyrənir, həyatda özünə daha yaxşı şərait yaradır, biznes qurur”.