Bağça müdiri 3 MANATA görə körpə qızı otaqda həbs etdirdi — Binəqədidə

Bağça müdiri 3 manata görə körpə qızı otaqda həbs etdirdi — Binəqədidə

Bakıda uşaq bağçası müdiri  3 manata  görə, 3 yaşı hələ tamam olmamış kiçik qıza işgəncə tətbiq etməsi ilə bağlı iddialar səsləndirilir.

 
Miq.az xəbər verir ki, Avropa.info-ya müraciət edən Bakı şəhəri Binəqədi rayon sakini Vəfa Qədirova, adı çəkilən rayonda yerləşən 210 saylı uşaq bağçasının müdiri Həmidə Əliyevanın onun qızı 3 yaşı hələ tamam olmamış Əsmərə işgəncə verdiyini iddia edib. Valideynin müraciətini olduğu kimi təqdim edirik:
 
"Qızımın adı Əsmərdir. 3 yaşı hələ tamam deyil. 18 aylığından onu evimizin yanındakı Binəqədi rayon 210 saylı bağçaya qoyduq . İşə başladım deyə, məcburən verdik. Bağçaya qəbul zamanı müdir özü yox idi, katibəsi bildirdi ki, qəbul 250 manatdır. Qiymətlə bağlı bir az tərəddüd oldu, xanım da 50 manat keçərik, deyib bizə "yaxşılıq" elədi. Daha sonra müdir  Həmidə Əliyeva  50 manatı pulun üstünə əlavə edim deyə məni yenidən dəvət etdi. Dedim müəllimə bağışlayın, ama hal-hazırda pulum qalmayıb. Harda yaşayıram, kiməm, kimin yoldaşıyam deyib sorğuladı. Məlum oldu ki, sən demə o, mənim qaynanamı, bizim ailəni yaxşı tanıyır. Və bu səbəbdən də 50 manatın  söhbətini eləmədi "tanışıq 50 manat qalsın" dedi. 2014-cü il, yanvar ayından bu yana biz hər ay bağçaya 45 manat pul ödəyirik. 2 müəllimənin hər birinə və xadiməyə də 10 manatdan-30 manat, əlavə olaraq da "fond pulu"  adıyla da 15 manat. Arada bayramlar olur, tədbirlər olur- hər dəfə də 5 manat, 3 manat, 10 manat.
 
Biz də bir valideyn olaraq övladımıza aid olan, onun inkişafı üçün lazım olan bütün tədbirlərdə iştirakını dəstəkləyib istənilən məbləği vermişik. 
 
1 həftə əvvəl Əsməri  bağçadan gətirməyə getdim. Müəllimə dedi ki, Vəfa  tədbir keçriləcək  böyük qruplar üçün, bizim uşaqlar tədbirdə iştirak etmirlər, sadəcə baxacaqlar. 3 manatdan pul yığırlar, versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur. Mən vermirəm. Beləcə 3-4 gün keçdi. Mayın 31 idi. Müəllimə bir də dedi ki, Vəfa müdir deyib hamıdan yığın, vallah bizə də belə deyirlər. Mən dedim  müəllimə siz özünüzü pis eləmiyin müdirinizin yanında. Soruşsa deyin o valideyn pulu vermədi. Desə ki, məcbur edərdin, onda siz də deyin ki, o birtəhər valideyndir, uşağının iştirakı olmayan yerə pul vermir . Yəni bununla müəllimənin işini rahatladım ki, ona söz gəlməsin. 
 
İyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng geyindirdim, apardım bağçaya. Dedim əgər bayırda olan tədbirə görə pul verməyən uşaqlar olsa, Əsmər də öz qrupunda məni gözləyər, ya da nə olsun ki, 3 manat verməmişik, yəqin çıxıb şənliyə baxarlar. Kənardan baxmaq da pulla deyil ki.. 
 
Axşam  həyat  yoldaşım  Kamranla getdik uşağı götürüb gimnastikaya aparaq.  Yaxınlaşıb  gördüm uşaq elə yorğun, elə bikefdir ki.. Heç üzümə də baxmaq istəmir. Xadimə  dedi ki,  bu gün Əsmər böyük bayıra çıxıb, paltarını batırıb. Bundan başqa da bu gün sizə görə mən də otaqda Əsmərlə dustaq qalmışam. Təəccüblə, nə olub ki? Dustaq niyə? Uşaq  böyük bayıra özü gedir, həm də birbaşa unitaza. Niyə belə eliyib görəsən? Dedi, siz pul verməmisiz deyə  bağça müdiri  Həmidə müəllimə Əsmərlə məni şənliyə baxmağa qoymadı. Soruşdum ondan ki, necə yəni? Bütün bağça bayırda tədbirə baxıb, bu qədər valideynlə bərabər, qonşuluqda yaşayanlar da kənardan durub şənliyə baxıb, bir tək 3 yaşı olmamış bu körpə qalıb otaqda? Dedi-hə mən də onunla bərabər! Amma dedi ki, mənim uşağa yazığım gəldi, aldım qucağıma çıxartdım bayıra. Kənardan baxsın deyə. Müdir bizi gördü və üstümə acıqlandı ki, qızı da götür gir otağa. Sonra mən arxa qapıdan apardım uşağı,mətbəxin pəncərəsindən də olsa baxsın, yazıqdı, körpədir. Ordan da bizi qovdu.
 
Uşağı idmana aparırdıq deyə tələsirdik, söhbəti saxladım sabaha. Bu gün getdim (dünən:red) müdirin yanına. Soruşdum ondan ki, 3 manata görə sən mənim körpəmi otaqda dustaq edəndə içində heç bir gizilti qopmadı? Heçmi o şənlikdə ürəyin sızlamadı ki, bu boyda bağçada tək 1 körpəşənliyi uzaqdan dinləyir? Bəlkə o ağlayır? Bəlkə gözü qapıda qalıb ki, kaş gəlib məni də mahnı olan yerə aparaydılar? Sən elədiyin hərəkətə nə don geyindirəcəksən ki, mənim alovumu söndürəsən? Dedi ki, mən 3 manata görə yox, sənin sözünə görə elə elədim. Düz də eləmişəm" deyə valideyin sayta müraciətində qeyd edib.

 






Fikirlər