170 minlik rüşvətlə məmur olmaq istəyən şəxsin işində YENİLİK - Vəkil DANIŞDI
“İnterpol vasitəsilə axtarışa verilən Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun tapılmamasında sədr Hicran Hüseynova şəxsən maraqlıdır. Komitə sədri hazırda bütün fəaliyyətini məhz bu istiqamətə yönləndirib”. Bu haqda Modern.az saytına eksklüziv açıqlamasında 170 min manat müqabilində icra başçısının müavini postuna yiyələnmək niyyətində olan Eynur Kərimovun hüquqlarını müdafiə edən Kamandar Nəsibov bildirib. “Qaldırdığımız vəsatətə görə, qanunla təmsil etdiyim şəxslə komitə sədri Hicran Hüseynova arasında üzləşmə keçirilməlidir. Vəsatət istintaq tərəfindən təmin olunmadı. Üzləşdirmənin yalnız Səfər İmanov tapılıb Azərbaycana gətirildiyi təqdirdə baş tutacağı bildirildi. Bu isə Hicran Hüseynovanın Səfər İmanovun tapılmamasında maraqlı olmasına zəmin yaradır. Çox güman ki, Hicran Hüseynovanın komitə sədri olması bu üzləşmənin gecikdirilməsində müstəsna rol oynayır. İstintaq hesab edir ki, Səfər İmanovun iştirakı olmadan üzləşmənin aparılması səmərəli olmayacaq”. K.Nəsibov iddia edib ki, Hicran Hüseynova Səfər İmanova qarşı kampaniya başladıb: “Qaldırdığımız digər vəsatət - bütün proseslərdə iştirak edən baş mühasiblə təmsil etdiyim şəxsin üzləşdirilməsi təmin olunub. Amma buna baxmayaraq 2 aydır ki, üzləşmə gerçəkləşmir. Həmin şəxs də Hicran Hüseynovanın yaxın qohumudur, bütün danışıqlarda iştirak edib, pulun verilməsindən xəbərdardır. Bir neçə dəfə Eynur Kərimovla görüşüb və danışıqlar aparıb. Üzləşmə hansı səbəbdən gerçəkləşmir, o da açıqlanmır. Əldə etdiyimiz məlumatlara görə, komitə rəhbərliyi digər işçiləri Səfər İmanovun başqa məsələlərdə də günahkar çıxarılması istiqamətində çalışırlar. Hicran Hüseynova və komandası məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə səfərbər olublar. Səfər İmanovun başqa insanları aldatması ola bilər. Mən şəxsən əminəm ki, Hicran Hüseynova Səfər İmanovun tapılmasında heç cür maraqlı deyil. Çünki, Səfər İmanovun tapılması Hicran Hüseynovaya baha başa gələcək. Orada yalnız Eynur Kərimovun məsələsi deyil, həmçinin bir çox başqa məsələlər, tenderlər və s. var. Hansı üsullarla şirkətlərlə çalışdıqları, vəsaitləri hara, necə yatırmalarına dair faktlar var. Hicran Hüseynova var gücü ilə çalışır ki, qara ləkəni Səfər İmanova yükləsin. Amma əlimizdə olan elə faktlar var ki, Hicran Hüseynova heç cür yaxasın geri çəkə bilməyəcək. Yaxın vaxtlarda məhz Hicran Hüseynovanın Səfər İmanova qarşı hədə-qorxusu əks olunan görüntüləri də ictimailəşdirəcəyik”. Qeyd edək ki, E.Kərimov rüşvət müqabilində Binəqədi rayon icra başçısının müavini postuna yiyələnmək istəyib. O, 170 min manatı Səfər İmanov vasitəsilə Komitə sədri Hicran Hüseynovaya verdiyini iddia edib. H.Hüseynova isə ona qarşı qaldırılan iddiaları qəbul etmir. O, S.İmanovun hadisədən xeyli əvvəl vəzifəsindən azad edildiyini bildirib. Hadisələrdən sonra xaricə qaçan S.İmanov “qara işi” Hicran Hüseynovanın göstərişilə gördüyünü iddia edir. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı sabiq Aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirdiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vəkil işlə bağlı yeni faktlara sahib olduqlarını bildirib. O, deyib ki, Hicran Hüseynova ilə zərərçəkən Eynur Kərimov üzləşdiriləcək:
Amma o, Eynur Kərimovla “skaype” danışığında pulu şəxsən Hicran Hüseynovaya verdiyini bildirir. Hətta Hicran Hüseynovanın ona qarşı hücum etdiyini əks etdirən görüntüləri də göstərib. Görüntülərdə Hicran Hüseynova Səfər İmanova hədə-qorxu gəlir.