Xəbərimiz olmadan yediyimiz at və eşşək ətləri... məsuliyyəti kim(lər) DAŞIYIR?

Eyyub Hüseynov: “Son 5 ildə Azərbaycan mətbəxi üçün ənənəvi olmayan ətlərin əhaliyə satılması prosesi gedir”

Son vaxtlar - xüsusi ilə mal və qoyun ətinin bahalaşmasından sonra at əti satışı ilə məşğul olan işbazlar yenidən fəallaşıb. Bu günlərdə Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus “Mercedes” markalı avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.

Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər. Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Kürdəmirdə at əti aşkarlanması faktı ilə bağlı məlumat yayıb. 
Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, martın 31-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə əməliyyat keçirilib. Kürdəmir rayonu, Xınıslı kənd sakini Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən oradakı 10-VH-988 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobilinin yük yerində antisanitar vəziyyətdə, polietilen torbalara yığılmış, satış üçün nəzərdə tutulan məhsul aşkarlanıb.

Analoji fakt Cəlilabad rayonunda da qeydə alınıb.

Ümumiyyətlə, son illərdə əhalinin yoxsulluq səviyyəsinin daha da artması, ət və ət məhsullarının həddindən artıq bahalaşması, ucuz ətə tələbatın artması belə işbazların meydana çıxmasına şərait yaradıb. Mal əti ilə bağlı ölkədə qıtlıq və bahalıq yaşandığı üçün mənşəyi məlum olmayan ətlər sallaqxanalara gətirilərək mal əti adı altında əhaliyə sırınır. Qanunla at ətinin satışı bəlli olmasa bunun mal əti adı ilə aldadaraq alıcılara satılması isə istehlakçıların hüquqlarını pozur.

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, son 5 ildə Azərbaycan mətbəxi üçün ənənəvi olmayan ətlərin əhaliyə satılması prosesi gedir: “Bəzi mütəxəssislər bildirirlər ki, guya at, eşşək ətini əhaliyə satmaq olar. Bir şərtlə ki, mənşəyi üstündə yazılsın. 1962-ci ildə sovet məmurları həyətində uzunqulaq olan insanlara çox böyük cərimələr qoyurdular. Gecələr müfəttişlər həyətləri gəzir, kimin həyətində uzunqulaq görürdülərsə onu cərimə edirdilər. Ona görə də çöllərdə böyük vəhşi uzunqulaq sürüləri əmələ gəlirdi. Əhali kütləvi şəkildə uzunqulaqlardan imtina edirdi. Hətta o zaman belə uzunqulaq əti yemək söhbəti yox idi. 1982-ci ildə sovet ittifaqında ərzaq proqramı qəbul olundu. Kənd yerlərində toylarda heyvan kəsmək qadağan olundu. O zaman belə insanlar menyularına at və ya eşşək ətini yaxın qoymurdular. O anlayış yox idi. Son illərdə isə yeni fikirlər meydana gəlir ki, atı kəsmək olar, ətini yemək olar. Bu cür anormal vəziyyət hökm sürür. Dövlət orqanları arasında vahid fikir yoxdur. Baytarlıq idarəsi qeyd edir ki, at və eşşək ətini satmaq olar, bir şərtlə ki, adı yazılsın. Daxili İşlər Nazirliyi tərəfindən isə uğurlu işlər aparılır. Keçən ilin aprel və may aylarında DİN xeyli miqdarda qeyri-ənənəvi ət satanları ifşa etdi. Ölkədə qida təhlükəsizliyini tənzimləyən bir qanunun olmadığı, at və uzunqulaqların baytar nəzarətindən tamamən kənarda qaldığı bir şəraitdə, onların ciddi heyvan xəstəliklərinin daşıyıcısı olma ehtimalları var. Odur ki, bu cür ətlərin əhaliyə satılması yolverilməzdir”.

Image result for Eyyub Hüseynov


Eyyub Hüseynovun sözlərinə görə, əgər bu ətlər satışa çıxarılırsa, deməli buna tələbat və sifariş var: “Təəssüflər olsun ki, bu cür ətlərin sifarişçiləri də var. Əgər sifarişçi olmasa bu ətlərə bazara çıxarılmazdı. Bəs, hüquq-mühafizə orqanları bu ətləri aşkarlayanda sifarişçini nə üçün axtarmırlar. Nə üçün bu sahədə istintaq aparılmır? Hökumət orqanları bu işlə məşğul olanlara cəza vermir, yüksək məbləğdə cərimə etmir. Ölkədə qida təhlükəsizliyinə dair qanunun olmadığı şəraitdə bu məsələnin nəzarətdə saxlanılması labüddür. Çünki qanun olmayan yerdə mütləq şəkildə cinayət olur. Təsadüfi deyil ki, bu ilin fevral ayında ölkə başçısı Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə sərəncam imzaladı. Bu sərəncam 2018-ci ildən qüvvəyə minəcək və agentlik yaradılacaq. Çox təəssüflər olsun ki, bu agentlik 20 ildir bu işlə məşğul olan ictimai qurumları özünə yaxın qoymur”.

E.Hüseynovun fikrincə, ölmüş at və eşşək əti satan insanlar mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Qanunvericilikdə bu kimi hallara qarşı yalnız cərimə nəzərdə tutulub. Lakin bu cəzalar sərtləşdirilməlidir. Çünki bu yolla heyvan xəstəliklərinin insana keçməsi hadisəsi baş verə bilər. Bu cür hadisələr artıq insanların ət məhsullarına olan inamını da öldürüb. Əhali hazır ət məhsullarına inanmır, gözü ilə gördüyünü almaq istəyir. Ona görə də paytaxtda sallaqxanalarda mal kəsimi həyata keçirilir. Halbuki, duyanın heç bir paytaxt şəhərində belə biabırçılıq yoxdur. Baytarlar və qəssablar insanların inamını qazanmalıdırlar. Bu anormal haldır ki, əhali dükanlardan deyil, qəssablardan - gözləri ilə gördükləri əti almağa üstünlük verirlər. Ancaq o da istisna olunmur ki, gözləri ilə gördükləri ətlərin də bir hissəsi at və eşşək ətləri ola bilər.

Bu kimi halların ayaq açmasının bir səbəbi də sahibkarlıq obyektlərində həyata keçirilən yoxlamaların məhdudlaşmasıdır. Ölkə başçısı bu qərarı verərkən rüşvətxorluq hallarının azalacağını nəzərdə tutumuşdu. Lakin bu gün dövlət qurumları gizli yoxlamalar da aparırlar gizli şəkildə rüşvət də alırlar. Qiymətlərin aşağı düşməməsi də bir daha bunu sübut edir. Digər tərəfdən mal və xidmətlərin keyfiyyət problemləri artır".

Image result for Tibb elmləri doktoru Adil Qeybulla

Tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, sağlam at əti insan səhhətində heç bir fəsada yol açmaz: “At ətini qida rasionuna daxil etmək olar. Ancaq Azərbaycan xalqının mətbəxində bu heç zaman istifadə olunmayıb. Çünki hər bir regionun öz qida rasionu var. Yəni, bizim ölkənin insanları at əti yeməyə öyrəşməyiblər, orqanizmimiz buna öyrənməyib. Ona görə də, at əti yemək həzm prosesində hər hansı bir problem yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da öyrəşmək olar. At ətinin tərkibi də zülaldır, bu baxımdan geniş şəkildə istifadə olunur. Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanlarının ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan sağlam olsun. Qanında hər hansı heyvan xəstəlikləri, müxtəlif infeksiyalar olmasın”.

 






Fikirlər