“SON ZƏNG” Sumqayıt, Gəncə və Mingəçevirdə necə KEÇİRİLƏCƏK?

Ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün bu il iyun ayının 14-də “Son zəng” çalınacaq.

 İllərdir ki, məktəblərdə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalara əsaslanan ənənə halını almaqdadır.

Əvvəllər şagirdlər onlar üçün çalınan sonuncu zəngi daha həssas qəbul edirdilər. 11-cilər daha çox kövrək notlara köklənirdilər. Ona görə də məktəb daxilində təşkil edilən tədbirlə kifayətlənmirdilər.

Kənar yerlərə çəkilib öz aralarında “Son zəng” keçirirdilər. Təbii ki, 11-cilərin emosional davranışları çox vaxt arzuolunan sonluqla bitmirdi. Ona görə də uzun illərdir ki, “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təhsil nazirinin xüsusi göstərişi var. Bu gün, indi məktəblərdə daha təntənəli qeyd olunmur.

Bakı məktəblilərinə  şamıl olunan “Son zəng” qaydaları bölgələrə necə təsir edir?

Modern.az saytı bir neçə rayonunun təhsil şöbəsi ilə əlaqə saxlayıb.

Sumqayıt Təhsil Şöbəsinin əməkdaşı deyir ki, “Son zəng” hazırlıqlarına hələ ki, start verilməyib.

“Əgər Təhsil Nazirliyi “Son zəng”lə bağlı bir əmr verməyibsə, nəsə deməyimiz qeyri-dəqiq olar. Cənab nazir əmr verəndən sonra ona uyğun olaraq məktəblərdə “Son zəng” keçirilməsi ilə bağlı tədbirlərə start verəcəyik. Amma onu deyə bilərəm ki, neçə illərdir Sumqayıt məktəblərində “Son zəng” ənənəvi qaydada keçirilir. Uşaqların istəklərini nəzərə almırıq. Çalışırıq ki, tədbirləri məktəb daxilində keçirək. “Son zəng” planlarımızı nazirin əmrinə əsasən müəyyənləşdiririk”.

 Gəncə Təhsil Şöbəsinin əməkdaşının sözlərinə görə, məktəblərdə “Son zəng” tədbirləri geniş və maraqlı təşkil olunur.

 “Səhər tədbirin rəsmi hissəsi baş tutur. Daha sonra isə bütün məktəbin şagird və müəllim heyəti, valideynlər amfiteatra toplaşır. Orada çox maraqlı “Son zəng” tədbiri keçirilir. Bu, həm də şagirdlərin yadında çox yaxşı qalır. Ona görə də kənarda “Son zəng” keçirməyə ehtiyac qalmır. Artıq neçə illərdir ki, Gəncə məktəblərində bu ənənə davam etdirilir. “Son zəng” yay vaxtına təsadüf etdiyindən amfiteatrda tədbirlər açıq havada keçirilir. Güman ki, bu il də belə olacaq”

Mingəçevir Təhsil Şöbəsinin müdir müavini  Raifə Mürşüdova deyir ki, “Son zəng” tədbirləri ilə bağlı nazirliyin göstərişindən kənar addım atılmır.

“Son zəng”lə bağlı Təhsil Nazirliyinin göstərişi var ki, biz də ona əməl edirik. Kütləvi yerlərdə şənliklərin keçirilməsinə icazə yoxdur. Ona görə də “Son zəng” tədbirlərinin hamısını məktəblərdə təşkil edirik. Öncə səhər rəsmi hissə olur, sonra məktəblərin akt zalında da şənlik keçiririk. Uşaqlar özləri səhnələr hazırlayırlar. Güman ki, bu il də elə olacaq. Hər il olduğu kimi bu il də məktəblərə rayon təhsil şöbəsindən nümayəndə göndərəcəyik”.

 Müdir müavini əvvəllər gizli keçirilən “Son zəng” tədbirlərindən də söz açıb.

 “Əvvəllər şagirdlər gizli şəkildə “Son zəng” keçirirdilər. Bu da lap çoxdan olub. Sonrakı illərdə “Son zəng” tədbirlərinin kənar yerlərdə keçirilməsinə icazə verilmədi. Düzü, şagirdlərin kənarda “Son zəng” keçirmələrindən valideynlər də narazılıq edirdi. Çünki kənarda “Son zəng”in keçirilməsi təhlükəlidir. Ona görə də məktəb daxilində müəllim, valideyn və şagirdlərin iştirakı ilə tədbir keçiririk”.

 






Fikirlər