“Motodrom”da növbəti etiraz dalğası başlaya bilər - Kompensasiya davası/ FOTO

Xəbər verdiyimiz kimi Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, "Motodrom” adlanan yaşayış massivində aparılan söküntü işləri geniş etirazlara səbəb olub. Evləri söküntüyə düşən sakinlər mənzillərinin hər kvadratmetri müqabilində onlara veriləcək kompensasiya azlığından şikayətlənərək dəfələrlə etiraz aksiyası keçirmiş, proses zamanı da rayon icra hakimiyyətinin və metropoliten əməkdaşları ilə mübahisə ediblər.

Qeyd edək ki, öncədən metronun "Avtovağzal” stansiyasının depo ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulmuşdu. Lakin qəsəbə sakinləri deyir ki, son günlər yenidən tanımadıqları şəxslər tərəfindən söküntü aparılan əraziyə yaxın yaşayış evlərini siyahıya almağa başlayıblar. Söküntü xofunu hiss edən sakinlər musavat.com-un müxbirinə bu barədə məlumat veriblər.
Müsavat-ın müxbiri adı çəkilən əraziyə baş çəkib, söküntü işlərinin nə yerdə qaldığını işıqlandırıb və sakinlərin fikirlərini öyrənib.
 
Yeni yaşayış massivində sökülməsi nəzərdə tutulan 65 evin 63-ü artıq sökülüb. Sakinlərin dediyinə görə, yerdə qalan 2 ailə isə kompensasiyada yaranan problem səbəbindən qalıblar. Hazırda məhkəmə prosesi gedir və tezliklə həmin ailələr də köçürüləcək.
Aparılan söküntü işləri ətrafı xarabalığa çevirib. Bəzi ailələr kompensasiya məsələsində razılaşmadığı üçün söküntü pərakəndə şəkildə aparılıb. İlkin mərhələdə veriləcək kompensasiya (600 manat) ilə razılaşanların evləri sökülüb. 
Belə olan halda həmin evlərin yaxınlığında yaşayan digər ailələr də əlacsız qalaraq təklif edilən kompensasiya ilə razılaşıblar. Sakinlər köçürülsə də, sökülən evlərin qalıqları təmizlənməyib, bütün tullantılar ərazidə qalmaqdadır. Ətrafa səpələnən toz-torpaq, taxta-dəmir parçaları yaxınlıqda yaşayan sakinlərin hərəkətinə maneə törədir. Buranın xarabalıq olduğunu görəndigər qəsəbələrin sakinləri isə ərazini zibilxanaya çeviriblər. Ətrafdan gələn üfunət qoxusu, çirkab gəmirici həşəratlar üçün əlverişli şərait yaradıb. Bu da sakinləri ciddi şəkildə narahat edir. 
 
Vətəndaşların dediyinə görə, son günlər özlərini təqdim etməyən şəxslər yenidən ölçü və siyahıya alma işlərinə başlayıblar. Adının çəkilməsini istəməyən sakin vəziyyəti belə izah etdi: " Bakı-Sumqayıt yoluna yaxın olan evləri sökdükdən sonra bir neçə ay sakitlik oldu. Yaxın günlərdə yenidən bu əraziyə gəlib, ölçü işləri aparırdılar. Konkret bir şey deməsələr də, söhbətdən belə başa düşdük ki, sökülən yerdən yaşayış evlərinə doğru 40 metr ərazi plana düşür. Guya plana görə bizim hazırda yaşadığımız yerlər park ərazisi olacaq. Kompensasiya ilə bağlı bir şey demədilər. Lakin söz gəzir ki, eyni qaydada mənzillərin hər kvadratmetri 600 manatdan hesablanaraq kompensasiya verəcəklər. Təbii ki, bununla heç kim razılaşmayacaq. Belə anlayırıq ki, biz də evləri sökülən qonşularımız kimi etiraz aksiyaları keçirmək məcburiyyətində qalacağıq. Bu dəfə yüzdən çox ev sökülməli olacaq”.
 
Qəsəbə sakinləri iddia edir ki, Maliyyə Nazirliyindən onların mənzillərinin hər kvadratmetri üçün 1250 manat vəsait ayrılıb: "Biz onu eşitmişik ki, Maliyyə Nazirliyi standart formada 1250 manatdan pul ayırıb. Lakin bizə 600 manatdan ödəyirlər. Bu işdə kimin və hansı qurumun əli olduğu da aşkardır. Söküntü və icra işləri Binəqədi Rayon İcra Hakimiyyəti və Metropoliten ASC-yə tapşırılıb. Çünki biri siyahıya alır, digəri isə sökür. Qəsəbəyə göndərilən qiymətləndirmə şirkətini də bu iki qurumdan biri təyin edib. Qiymətləndirmə düzgün aparılmır, əhaliyə veriləcək olan kompensasiyaları yeyirlər. Əvvəlki evlərin söküntüsündə də fırıldaqçılığa yol verdilər. Ölçü işlərini düzgün aparmadılar ki, mənzilin kvadratmetrini az yazıb, oradan özlərinə pul götürsünlər. Düzgün komissiya qurulmalıdır, qiymətləndirmə də şəfaf aparılmalıdır. Əks halda onlarla insan narazılığını bildirmək üçün əlindən gələn hər şeyi edəcək”.
 






Fikirlər