Bakıda ilk Balıq bazarı açılır - Qiymətlər NECƏ OLACAQ?
Yaxın vaxtlarda Bakının Pirallahı rayonunda ancaq balıq satışı həyata keçiriləcək bazar açılacaq. Qeyd edək ki, bu günə qədər Bakı şəhərində ayrıca balıq bazarı olmayıb. Halbuki, dünyanın dəniz kənarında yerləşən şəhərlərinin əksəriyyətində balıq bazarları olur. Beləliklə Bakıda ilk Balıq bazarı fəaliyyətə başlayacaq. “Rayonumuzda salınan “Nərəkənd” Balıqyetişdirmə kompleksinin ümumi sahəsi ümumilikdə 7 hektar ərazini əhatə edir. Bunun 1,5 ha ərazisində park-kompleksi salınıb. 1,5 ha hissəsində açıq və qapalı balıqyetişdirmə kombinatlarının inşası nəzərdə tutulub. Balıqyetişdirmə ferması iki hissədən ibarət olacaq – qapalı və açıq tipli fermalar. Fermada nərəkimilərin yetişdirilməsi nəzərdə tutulur. İllik istehsal gücü 150 ton nərəkimilər cinsindən olan balıq əti və 4 ton qara kürü olacaq. Fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması planlaşıdırlıb. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır”. Qurum rəsmisi qeyd edib ki, Balıq bazarı yaxın vaxtlarda istifadəyə veriləcək: ““Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada yerli balıqçılar tərəfindən dənizdən tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - Balıq bazarı istifadəyə veriləcək. Qiymətlərin isə digər yerlərlə müqayisədə daha ucuz olacağı gözlənilir. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanılması üçün lazımi şərait yaradılıb. Ərazidə müvafiq avadanlıqlar quraşdırılıb. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub. Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb, ərazi yaşıllaşdırılaraq park salınıb. Park müasir tələblərə uyğun tikilib və insanların istirahəti üçün bütün şərait yaradılıb. Ərazisi 1,5 ha olan parkda inşa edilən və nərə balığı formasında olan fəvvarə estetik gözəlliyi ilə bura gələnlərin zövqünü oxşayır. Layihəyə əsasən, parkda ən müxtəlif zövqlərə uyğun oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur. Rayon sakinlərinin və qonaqların səmərəli və gözəl istirahəti üçün burada vaxtaşırı konsert proqramları təşkil edilir”.
Pirallahı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan Fuad Cəfərov Modern.az-ın sorğusuna cavab olaraq, bu haqda ətraflı məlumat verib.