QIŞ QAPIDA: Bakının əsas PROBLEMLƏRİ NƏDİR?

Ekspert qısa zamanda bu problemləri aradan qaldırmağın mümkün olmadığını deyir

Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov paytaxt rayonlarının icra başçılarını, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərini toplayaraq müşavirə keçirib. Müşavirədə bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır.

Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin şəhər icra hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, həmçinin “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planı hazırlanib, rayonlara icra hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bakıda bu il qışın sərt keçəcəyi ilə bağlı proqnozlar var. Hər il qış aylarında paytaxt ərazisində əsasən təbii qaz və yollarla bağlı problem yaşanır. Artıq indidən insanlar qazın zəif gəlməsindən şikayətlənirlər. “Azəriqaz” İB-dən isə bildirilir ki, havalar soyuduğu zaman istehlakçıların təbii qaza olan tələbatı artırsa, verilən qazın həcmini artırırlar.

Nüsrət Qasımov musavat.com ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirdi ki, bir il ərzində problemləri tam həll etmək mümkün deyil. Ekspertin sözlərinə görə qərargah yaradılsa, tapşırıq verilsə belə, problemlər yenə yaşanacaq: “Öncə deyim ki, cəmiyyətimizdə şikayət, haqqını tələb etmək mədəniyyəti hələ tam formalaşmayıb. Azərbaycanda 200 milyona qədər qaz abonenti var. Lakin ölkədəki qaz təsərrüfatı yeni deyil. Ölkədə 1990-cı illərin əvvəllərindən qaz çəkilişinə başlanıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri  evlərə buxar istiliyi verən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birdən-birə təmir edib, yeniləmək çətin məsələdir. Ona görə də insanlar maksimum ehtiyatlı olmalıdır. Qaz cihazlarının girişində qazın təzyiqi 130 mm olmalıdır. Bundan artıq təzyiq qaldıran zaman kəmərlərdə təzyiq yüklənməsi yaranır. Bu isə ağır fəsadlara gətirib çıxara bilər. Məsələ burasındadır ki, Yasamalda və eləcə də digər bir çox ərazilərdə qaz kəmərləri layihə smeta dəyərləndirməsi olmadan çəkilib. Yəni bir qonşu qaz xətti çəkdirib, digərləri də ondan götürüblər. Nəticədə isə kəmərdə yüklənmə yaranıb və ötürmə qabiliyyəti imkan vermədiyi üçün insanlar qış aylarında əziyyət çəkirlər. Bu cür hallarda təzyiqi qaldıran zaman da problem yaranır. Belə ki, yüksək təzyiq olan zaman qaz tənzimləyicilərinə yaxın olan evlərdə həddindən artıq təzyiq olur. Küçənin ucqar yerlərinə isə bunun əksinə olaraq, qaz gedib çıxmır”.

Ekspertə görə, su və elektrikin normal verilməməsi də qış aylarında Bakıda qaz probleminin yaşanmasına səbəb olur:“Ərazilər var ki, orada suyu müəyyən vaxt kəsiyində güclü verirlər. Həmin zaman da insanlar toplu şəkildə su qızdırıcılarından istifadə edirlər. Nəticə qaz kəmərlərinin ötürücülük qabiliyyətinin prosesə gücü çatmır. Ona görə də qaz, su və elektrikin verilməsindən də asılıdır. Elektrik zəifdirsə, açılmalar olursa, yük qazın üzərinə düşür. Əgər qaz doğrudan da zəif gəlirsə, abonentin borcudur ki, ”104" qaynar xəttinə zəng edib, ünvanını, problemini söyləsin. Yenə də problem həll olunmursa, rəsmi qaydada qaz idarəsinə müraciət etməlidir. Qazın zəif gəlməsi cihazdan, kommunal xətlərdən də asılı ola bilər. Ona görə də müraciət edilməlidir ki, problem həllini tapsın".

Qasımov Bakının əsas problemi sayılan kanalizasiya məsələsinə də toxundu: “Amerikada iki-üç gündən bir leysan yağır. Orada olduğum zaman gördüm ki, yağış dayanandan 5 dəqiqə sonra asfalt qupquru olur. Heç bir yerdə gölməçə yaranmır. Çünki orada yolun kənarında yağış kanalizasiyası çəkilib. Bakıda isə bu xətlər düzgün işləmir. Ya vaxtında təmizləmirlər, zibil dolur, ya da tikilən hündürmərtəbəli evlər, düzgün asfaltlanmayan yollar problem yaradır. Bu qədər ev tikilib, asfalt çəkilib, ancaq bir qarış torpaq ərazi qoymayıblar ki, su gələn zaman yerə hopsun. Yağış yağan kimi küçələrdə sel axır. Bakının kanalizasiya sisteminin mövcud suyu çəkməyə gücü çatmır. Bu gün Bakıda 4 milyondan çox əhali var ki, bu da qeyd etdiyimiz məsələdə problem yaradır. Küçədən axan su gedib dənizə çıxa bilmir. Ona görə də bu problemin də qısa zaman ərzində həlli mümkün deyil”.






Fikirlər