“Azəriqaz” məhkəməyə verilməlidir- "Başqa yolu YOXDUR"

“Azəriqaz” məhkəməyə verilməlidir-

Azərbaycanda fasiləsiz qaz nə zaman olacaq?

Paytaxt da eləcə də bölgələrdə əhaliyə təbii qazın verilməsində tez-tez fasilələr olur. "Azəriqaz” QSC bunun səbəbini aparılan təmir işləri ilə əsalandırır. Bəs payızda adıçəkilən qurum qış mövsümünə hazır olduğunu bəyan edir, o zaman hər gün mavi yanacaq niyə fasilələrlə verilir? "Azəriqaz”ın bu əsaslandırılması nə dərəcə doğrudur, əhalinin istehlakçı hüquqlarını pozurmu? Kommunal xidmətlərlə bağlı probelm nə zaman sona çatacaq?
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev "Bizim Yol” qəzetinə bildirib ki, soyuq hava ilə bağlı "Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb: "Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hazırda respublika ərazisində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir. Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca qazın verilişində də artım olur.
Onu da qeyd edim ki, zərurət yarandıqda hər hansı qəza olduqda təmir işləri aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz təhcizatı şəbəkəsinin xeyli hissəsi SSRİ dən, 60-70-ci illərdən qalıb. "Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik”.
Kommunal məsələlər üzrə ekspert Nüsrət İbrahimov isə bildirib ki, əhaliyə qazın verilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında olur: "Müqavilədə bütün şərtlər göstərilməlidir. Təchizatın hüquq və vəzifələri, alıcının və satıcının hüquq və vəzifələri həmin müqavilədə qeyd olunur. Qaz hansı təzyiqlə verilməlidir, onun keyfiyyəti necə olmalıdır, ödənişləri necə olmalıdır, hüquq pozuntusu olduq hansı cərimələr tətbiq olunur və s. Bu qaydalar müqavilədə qaz alıcıya verilməmişdən öncə öz əksini tapır. Müqavilələri əsas götürüb məhkəmələrə müraciət etmək olar. Qarşı tərəfin cəzalandırılmasını tələb etmək lazımdır”.
N.İbrahimov özü də son zamanlar qaz xidmətindən şikayətçi olduğunu bildirir: "Bunun başqa yolu yoxdur. Dəfələrlə qaynar xəttə zəng vurmuşam, ancaq heç bir tədbir görülmür. Ən yaxşı halda məsələyə baxıldığını deyirlər. Bu problem məhkəmə yolu ilə həll olunmalıdır. Başqa yolu yoxdur”.






Fikirlər