Abonentlər “smart-kart” tipli sayğaclardan bezib
Bu səbəbdən vətəndaşlar bəzən 2-3 gün qazsız qalır. “Azəriqaz” İstehsalat Birliyinin işçiləri isə kod açan kartların az olması səbəbindən bütün abonentlərə qazın verilməsini eyni anda bərpa edə bilmirlər.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Modern.az-a bildirib ki, bu problem var, ancaq kütləvi deyil: “Smart-kart” tipli sayğaclar Fransanın “İtron” şirkətinin istehsalıdır. Koda düşmə halları qazın kəsilməsi zamanı təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub”.
Onun sözlərinə görə, proqram hazırlanarkən ilk növbədə abonentlərin təhlükəsizliyi ön planda olub: “Hazırda abonentlərin sayğacları koda düşdüyü zaman özlərinin kodu açması üçün “İtron” şirkəti ilə işlər aparılır. Nəticə etibarilə istifadəçi kart vasitəsilə həm qaz yükləyə biləcək, həm də koda düşdüyü zaman özü kodu aça biləcək. Bu istiqamətdə iş gedir, nə vaxt yekunlaşacağı barədə bir söz deyə bilmərəm”.
Araz Ağayev deyib ki, oktyabr ayının 1-ə olan məlumata görə, ölkə üzrə 1 milyon 708 min abonentdən 850 mindən çoxu artıq “smart-kart” tipli sayğaclarla təmin olunub.